Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-309/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etmə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdə isə zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği müəyyən edilməmiş və bununla bağlı heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, bu da inzibati işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Belə ki, qeyd olunan maddə üzrə inzibati işə baxılması üçün xəta nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi imperativ xarakter daşıyır. Materiala əlavə edilmiş sənədlərdə vurulmuş ziyanın miqdarı ilə bağlı hər hansı bir məlumat göstərilməmişdir. Vurulmuş ziyanın hansı miqdar təşkil etməsini təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Nə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, nə də inzibati xəta haqqında protokolda vurulmuş ziyanın məbləği göstərilməmiş və həmin məbləği təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Odur ki, səlahiyyətli orqan tərəfindən təhqiqat araşdırması başa çatdıqdan sonra hər hansı bir üsulla (ekspertiza keçirməklə) vurulmuş ziyanın müəyyən edilməsi istiqamətində heç bir addım atılmamışdır. Halbuki, İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Bundan başqa İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın sanksiyasında əməli təqsirli olaraq törətmiş şəxsin inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən işin obyektiv baxılmasının təmin edilməsi üçün vurulmuş ziyanın miqdarı dəqiq şəkildə müəyyən edilməlidir. Göründüyü kimi İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün vurulmuş ziyanın dəqiq müəyyən edilməsi mütləqdir. Çünki şəxs təqsirli bilindiyi halda tətbiq edilən inzibat cərimə tənbeh tədbiri vurulmuş ziyanın miqdarından asılı olaraq müəyyən edilir. Sözügedən inzibati xəta üzrə qanunverici tərəfindən inzibati araşdırma aparılması müəyyən edildiyi halda səlahiyyətli orqan vurulmuş ziyanın müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi və ya digər prosessual hərəkətlərin aparılması istiqamətində heç bir addım atmamışdır. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Bundan başqa, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş maddi zərərə dair inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:. 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol natamamlıqların həll edilib aradan qaldırılması üçün geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-309/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-309/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver