Məhkəmə qərarları › İş №3(001)-3092/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3092/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3092/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2129/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2129/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəxs 11200 manat aliment borcu yaranmışdır. Şəxs sözügedən icra sənədi üzrə müəyyən edilmiş aliment pulunu sonuncu dəfə 26 dekabr 2024-cü il tarixdə ödəmişdir. Həmin icra sənədi ilə bağlı Şəxs İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmişdir. Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Buna baxmayaraq, Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu ödəməmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə aliment borcundan yayınmamış və imkanı daxilində aliment pulundan ödəniş etmişdir. İşsizlik səbəbindən aliment pulunu ödəyə bilməmişdir, lakin may ayından rəsmi işə başlayacaqdır. İşə başladıqdan sonra aliment borcunu ödəyəcəkdir. Hazırda aliment borcundan 1000 manat ödəmək imkanı vardır var və bu pulu indi ödəyə bilər. Qalan məbləği də ödəməkdən imtina etmir. May ayının sonuna da 1000 manat verəcək və iyun ayından etibarən aylıq 500 manat verməyi öhdəsinə götürmüşdür. Məhkəmədən qeyd olunanları nəzərə alıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu Şəxs aliment pulu borcu olaraq məhkəmədə verdiyi 1000 manat pulu qəbul etmişdir. Lakin Şəxs may ayının sonunda 1000 manat və iyun ayından etibarən aylıq 500 manat aliment borcundan ödənişlər etməsi haqqında yazılı öhdəlik götürərsə, iş üzrə icraata xitam verilməsinə etiraz etməyəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 2129/2021 nömrəli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci l təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.

6. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2129/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2129/2021 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

8. İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(036)-90/2022 nömrəli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir.

9. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan edilmişdir.

10. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs icra sənədi üzrə yaranmış aliment borcundan 1000 manat pul vermiş və tərəfindən həmin pul qəbul edilmişdir.

11. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs icra sənədi üzrə yaranmış aliment borcundan 1000 manat pul vermişdir. Şəxs 2025-ci ilin may ayının sonunda 1000 manat ödəyəcəyi və iyun ayından etibarən hər ay 500 manat aliment pulu ödəyəcəyi şərtini qəbul etmişdir. Ona görə də, ödənişi və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir Məhkəmənin əsaslandırması və mövqeyi

12. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

13. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

14. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması, barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs tərəfindən inzibati xəta haqqında işə baxılan zaman aliment borcundan ödəniş edilmiş, eləcə də zərəçəkmiş şəxs tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslə razılığa gəlməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir.

15. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar