Məhkəmə qərarları › İş №3(001)-3094/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3094/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3094/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədli Qafqaz oğlunu katibliyi, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, 17 may 2024-cü il tarixdə, saat 14 radələrində mülkiyyətində olan "Hundai Sonata" markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, M.Sübhi küçəsində yol kənarında park etmişdir. Bir müddət sonra guya İXM-nin 346.1-ci maddəsi ilə dayanma qaydasını (X9 Qanunun 3.27 nişan tələbini) pozmağı ilə bağlı "Asanpay" kabinetinə məlumat (xx.xx.2024-cü il tarixli, EQ 21205645 saylı protokol), fotoşəkillər və həmin protokolun eyni tarixdən qərarlı olması barədə məlumat yerləşdirilmişdir. Həmin fotoşəkillərdə onun avtomobilinin dayanma, durmanı qadağan edən yol nişanın təsiri hissəsində dayanması görsənmir (sübut edilmir). Qərara əlavə edilən fotoşəkillərin təhlili nəticəsində avtomobilinin orada olmadığı məlum olur. Avtomobilinin qadağan edən yol nişanı təsiri hissəsində dayanması elektron kabinetə yerləşdirilmiş fotoşəkillərdə (sübutda) aydın görsənməli idi. Hazırkı vəziyyətdə isə 3.27 yol nişanına münasibətdə avtomobilimin yolun hansı hissəsində, hansı məsafədə və ya ümumiyyətlə fotonun həmin küçədə və ya digər yerdə çəkilməsi bilinmir, yəni avtomobilinin həmin nişanın təsiri altında dayanması sübut edilmir. Yəni, inspektor bu "qayda pozuntusunu" sübut etmək üçün avtomobilin fotoşəklini qadağanedici nişanla birgə qeydə almadığından tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri pozulmaqla sənədləşdirilmiş, ona görə də xəta sübuta yetirilməmişdir. Odur ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə cərimə edilməyi barədə 17 may 2024-cü il tarixli, EQ 21205645 saylı protokol əsasında çıxarılmış həmin tarixli elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş şikayətə əlavəsində göstərmişdir ki,inzibati icraat zamanı İXM-nin 115.1.3 maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Bundan başqa inzibati icraat zamanı İXM-nin 122.1 maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, elektron kabinetə yerləşdirilmiş fotoşəkillərin şəxsi smartfonla deyil, qeydiyyat funksiyalarına malik və dövlət tərəfindən ayrılmış xüsusi texniki vasitə ilə çəkildiyini sübut edən məlumatlar (XTV-nin markası, modeli, tipi, nömrəsi və s.) mövcud deyildir. Həmin maddənin tələbinə görə bu Məcəllənin 327.1 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza vǝ elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmçinin, inzibati icraat zamanı İXM-nin 124.6 maddəsinin tələbinə əməl edilməmişdir. Həmin maddəyə görə bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3- cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin, inzibati tənbeh vermə haqqında qərar və digər sənədlər nəqliyyat vasitəsinin ön şüşəsinə yerləşdirilməməklə bu Qanunun tələbi pozulmuşdur. Bundan başqa şəxsi araşdırma nəticəsində məlum olmuşdur ki, BDYPİ tərəfindən İXM-nin 346.1 maddəsi ilə protokol tərtib etmə və qərar qəbul etmə yeri, o cümlədən GPS qərarda düzgün göstərilməmişdir. İnzibati xəta protokolunda və qərarında "xǝta" yeri M.Sübhi küçəsi qeyd edilsə də, ərazidə bu adda küçə yoxdur və BDYPİ-nin qeyd etdiyi küçə 11 ildir (2013-cü ildən) Nabat xanım Aşurbəyova adlandırılır. Ona görə də "inzibati xəta" ilə bağlı yerin icraat zamanı düzgün qeyd edilməməsi məhkəmə tərəfindən mühüm pozuntu kimi qəbul edilməlidir. Göründüyü kimi BDYPİ-nin EQ 21205645 saylı elektron protokolu əsasında çıxarılmış qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və “xəta" yeri düzgün göstərilməməklə qəbul edilmişdir. İXM-nin 346.1 maddəsi ilə inzibati protokol əsasında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati xəta haqqında qanunvericiliyin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Odur ki, inzibati xətanın mövcudluğu sübutunun olmaması ilə yanaşı, yuxarıda qeyd etdiyi inzibati qanunvericiliyinin tələblərinin pozulmasını da nəzərə alınmağını, BDYPİ tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə barəsində 17 may 2024-cü il tarixli, EQ 21205645 saylı protokol əsasında çıxarılmış eyni tarixli elektron qərarın İXM-nin 53-cü maddəsinə əsasən ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında X4 bildirmişdir ki, onun İXMnin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səlahiyyətli orqan tərəfindən sübuta yetirilə bilmir. Belə ki, sübut kimi protokola əlavə edilmiş foto-şəkillərdə onun inzibati xətanı törətməsi təsdiqini tapmır. Qeyd olunan foto-şəkillərin birində onun idarə etdiyi nəqliyyat vasitəsinin foto-şəkili çəkilmiş, digər şəkildə isə “dayanma, durmanı” qadağan edən yol nişanının foto-şəkili çəkilmişdir. Yəni həmin foto-şəkillərdə nəqliyyat vasitəsi ilə yol nişanının bir kadrda düşdüyü foto-şəkil yoxdur. Belə olan halda onun idarə etdiyi nəqliyyat vasitəsini həmin yol nişanın təsir dairəsində saxlamasını sübut kimi əlavə edilmiş foto-şəkillərlə müəyyən etmək mümkün olmur. Analoji işlə bağlı əvvəllərdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və şikayət təmin edilməklə səlahiyyətli orqanın qərarı ləğv edilmişdir. Həqiqətən də o nəqliyyat vasitəsini həmin nişanın quraşdırıldığı küçədə saxlamışdır, lakin nişanın təsir dairəsi onun nəqliyyat vasitəsini saxladığı yerədək artıq öz qüvvəsini itirmiş olur. Çünki həmin nişandan onun avtomobili saxladığı nöqtəyə qədər yolayrıcı mövcuddur. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında X4 bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən çəkilmiş foto-şəkillərdə onun inzibati xətanı törətməsi təsdiq edilmir. Çünki onun avtomobilinin çəkilmiş foto-şəkildə harada dayanması, yəni dayandığı yerin yol nişanının təsir dairəsinə düşməsi müəyyən edilmir. Onun tərəfindən inzibati xətanın törədilməsi sübuta yetirilməməklə yanaşı, səlahiyyətli orqan tərəfindən İXM-nin bır sıra normaları pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda FİN göstərilməsi mütləq olduğu halda göstərilməmiş, həmçinin foto-şəkillərin xüsusi texniki vasitə ilə çəkildiyini sübut edən məlumatlar, yəni XTV-nin markası, modeli, tipi, nömrəsi və s. qərarda göstərilməmiş, qanunvericiliyin tələblərinə zidd olaraq qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Həmçinin törədilməsi bildirilən inzibatinın xətanın törədilmə yeri də düzgün qeyd olunmamışdır, çünki hazırda həmin küçə “M.Sübhi” küçəsi olaraq adlandırılmamaqdadır. Həmin küçədə dayansa da, onun nəqliyyat vasitəsini saxladığı yer yol nişanının təsir dairəsinə düşmür. Çünki həmin nöqtədə hazırda təmir-tikinti işləri gedir, lakin əvvəl orada yol olmuşdur. Həmin yerdən həyətə giriş mövcuddur. Həmçinin həmin yerdə parkinq üçün nəzərdə tutulmuş ərazidə mövcuddur və parkinqə giriş üçün yol da vardır. Göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola 3 ədəd foto-şəkil əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də məhkəməyə təqdim etmiş olduqları video-görüntüdə olan ərazidə nəqliyyat vasitəsini saxladığını bildirir. X4 3.27 yol nişanının təsir dairəsində nəqliyyat vasitəsini saxlayaraq İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hazırda həmin küçə “Nabat Aşurbəyova” adlanır, qərarda xətanın törədilmə yerinin “M.Sübhi” olaraq qeyd olunmağının səbəbi gps sistemində küçənin əvvəlki adının yenilənməməsi olmuşdur. Bununla yanaşı smartfon vasitəsi ilə çəkilmiş foto-şəkillər inzibati xəta haqqında protokola əlavə edildikdə elektron qərarda gps görünmür, hazırki qərarda isə gps qeyd olunmaqdadır, bu da qərarın bortkomputer vasitəsi ilə qeyd alınmasını təsdiq edir. Həmin nişanın sahəsi növbəti nişana qədər qüvvədədir. Həmin yerdə həyətə giriş olsa belə, həyətə giriş yolayrıcı hesab olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsassızdır. Odur ki, X4 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsi, qərarın isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 14:34-də “Bakı, Mustafa Sübhi, 18, “GPS:40.3707975,49.8286764” ünvanında idarə etdiyi “Hyundai Sonata minik” markalı, 10MN898 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə durma qaydalarını pozduğu qənaətinə gəlinərək İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. X4 tərəfindən məhkəməyə təqdim edilmiş “Turan.az” veb səhifəsindən əldə edilmiş internet çıxarışından görünür ki, 10 dekabr 2013-cü il tarixdə dərc edilmiş paylaşımda “Mustafa Sübhi” adını daşıyan küçənin həmin gündən “Nabat xanım Aşurbəyova” adını daşıyacağı qeyd olunmuşdur. Məhkəmə elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X4 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və o, “ünvan 2 ünvanında qeydiyyatdadır. X4 tərəfindən məhkəməyə təqdim edilmiş https://www.google.com/maps veb səhifəsindən əldə edilən çıxarışdan görünür ki, şikayət vermiş şəxs qırmızı rəngli qələmlə qeydlər apararaq Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsində 3.27 yol nişanı quraşdırılmasını, həmçinin nəqliyyat vasitəsinin durduğu yeri (həmin yeri həmçinin internet saytının özünün “məkan” işarəsi də göstərir) göstərmişdir. Həmin iki nöqtə arasında iki istiqamətli ox təsvir edərək həmin ərazidə yolun olmasını göstərmiş, əlavə də nəqliyyat vasitəsinin durduğu yerdən bir az irəlidə yol solunda “dayanacaq” yazısı yazmışdır. X4 tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntüdən müəyyən edilir ki, Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsində 3.27 yol nişanı quraşdırılmış həmin ərazidə təmir-tikinti işləri aparıldığından söküntülər olduğu görünməkdədir. 9 mərtəbəli yaşayış binasını keçdikdən sonra şikayət vermiş şəxs qeydə aldığı videoda həyətə giriş olduğunu və tikinti işləri aparılan ərazidə həyətə giriş olmasını bildirir. Daha sonra isə ona aid nəqliyyat vasitəsininin durduğu yeri göstərir. Yol nişanı və Nurlan Maqsudovun nəqliyyat vasitəsini saxlamasını bildirdiyi yer arasında yolayrıcının olması isə müşahidə edilmir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən müəyyən edilir ki, təqdim edilmiş video-görüntünün qeyd alındığı ərazi X1 təqdim etdiyi video-görüntünün qeyd alındığı ərazi ilə eynidir. 3.27 yol nişanının quraşdırıldığı yerdən digər eyni qadağanedici nişanın quraşdırıldığı yerə qədər yolayrıcının olduğu görünmür. Məhkəmə şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qeyd olunan inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı həm X1 təqdim etdiyi videogörüntüyə, intenet informasiya sistemindən əldə edilmiş çıxarışlara, həmçinin də səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X3 tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xəta törədilmişdir. Araşdırılımış iş materialları ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata minik” markalı, 10MN898 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hazırki adı ilə Nabat Aşurbəyova küçəsində (GPS:40.3707975,49.8286764) durma qaydalarını pozmuşdur. X7 və Süleyman Tağızadə küçələrinin kəsişməsində “dayanma, durmanı qadağan edən” nişan quraşdırılmış, bir qədər məsafədən sonra isə yenidən eyni qadağanedici nişandan quraşdırılmışdır. Həmin iki nişan arasında olan ərazidə yolayrıcı olması müşahidə edilməməklə yanaşı, həmin yerdə yaşayış məntəqəsi də bitmir. Belə olan halda, ilk quraşdırılmış 3.27 yol nişanının təsir dairəsi ikinci nişanadək öz qüvvəsini itirmədiyindən X1 nəqliyyat vasitəsini saxladığı yer (şikayət vermiş şəxsin izahatına əsasən təsdiqlənmişdir) isə ilk quraşdırılmış 3.27 yol nişanının təsir dairəsinə düşür. Bununla yanaşı məhkəmə iclasında tədqiq edilmiş Maqsudov Nurlan tərəfindən təqdim edilən https://www.google.com/maps saytından əldə edilmiş çıxarışlarla 3.27 yol nişanının quraşdırıldığı Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsin və X1 nəqliyyat vasitəsini saxladığı nöqtə (GPS:40.3707975,49.8286764) müəyyən edilmiş, həmin çıxarışlarla 3.27 yol nişanı ilə X1 nəqliyyat vasitəsini saxladığı yer arasında yolayrıcı olması təkzib olunmuşdur. “X9” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin maddənin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. “X9” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin maddənin 4-cü bəndinə əsasən tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Yenə həmin maddənin 6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında, 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Həmin qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin qanunun 1-ci maddəsinə əsasən yolayrıcı yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Nurlan Maqsudov şikayət ərizəsində və məhkəmə iclaslarında bildirdiyi izahatlarında inzibati xətanın çəkilmiş foto-şəkillərlə sübuta yetirilmədiyini qeyd etmişdir. Lakin aparılmış məhkəmə araşdırması zamanı onun özü tərəfindən təqdim edilmiş https://www.google.com/maps saytından əldə edilmiş çıxarışlar, tərəflərin məhkəməyə təqdim etdiyi video-görüntülər, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yol nişanın quraşdırıldığı və nəqliyyat vasitəsinin durduğu yer müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin tələbindən çıxış edərək vurğulayır ki, 3.27 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nəqliyyat vasitəsini saxladığı yer (GPS:40.3707975,49.8286764) Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsində quraşdırılmış 3.27 yol nişanının təsir dairəsinə düşür, çünki həmin nişandan nəqliyyat vasitəsinin olduğu yerə qədər yolayrıcı mövcud deyildir, həmçinin yaşayış məntəqəsinin qutaracağı orada deyildir. Həmin ərazidə yolayrıcının olmadığı həm tərəflərin məhkəməyə təqdim etdiyi video-görüntülər, həm də google-maps saytından əldə edilərək tədqiq edilmiş çıxarışlarla təsdiq olunur. Belə olan halda məhkəmə Nurlan Maqsudovun idarə etdiyi nəqliyyat vasitəsinin durduğu yerin Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsində quraşdırılmış 3.27 yol nişanının təsir dairəsinə düşdüyü qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, şikayət vermiş şəxs inzibati tənbeh vermə haqqında qərarda tərəfindən inzibati xətanın törədilməsinin sübuta yetirilmədiyini bildirsə də, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla sonuncu tərəfindən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Belə ki, Nurlan Maqsudovun idarə etdiyi nəqliyyat vasitəsininin durduğu yer (GPS:40.3707975,49.8286764) https://www.google.com/maps saytından əldə edilmiş çıxarışlar, tərəflərin təqdim etdiyi video-görüntülər, həmçinin Nurlan Maqsudovun ifadəsi ilə dəqiqləşdirilmiş, həmin yerin əvvəlində quraşdırılmış “dayanma, durma qadağandır” nişanının təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda; Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə araşdırması zamanı AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində göstərilmiş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, nəticə işin faktiki hallarına uyğun olmuş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbeh İXM-nin 31–34-cü maddələrinin tələblərinə uyğun olmuş, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmiş, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi aşkar edilməmiş, İXM-də müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, X4 şikayətə əlavəsində səlahiyyətli orqan tərəfindən İXM-nin 115.1.3, 122.1, 124.6-cı maddələrinin tələblərinin pozulmasını, bunlarla yanaşı inzibati xətanın törədilmə yerinin səhv olaraq göstərildiyini qeyd etmişdir. Məhkəmə həmin məqamlara ayrı-ayrılıqda qiymət verilməsini inzibati xəta haqqında iş üzrə icraatın obyektiv araşdırılması və ədalətli qərar qəbul edilməsi baxımından zəruri hesab edir. Belə ki, həmin şikayətə əlavədə inzibati tənbeh vermə haqqında qərardan FİN-in göstərilməməsi qeyd olunmuşdur, qanunvericiliyin tələbinə görə inzibati tənbeh vermə haqqında qərarda FİN qeyd edilməlidir. Hazırki iş üzrə tərtib edilmiş elektron qərarda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin FİN-i göstərilməklə İXM-nin 115.1.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Lakin həmin qərarda xx.xx.1971-ci ildə anadan olmuş, “ünvan 3 ünvanında qeydiyyatda olan X1 İXM-nin 346.1-ci maddəsinin tələblərini pozduğunun müəyyən edilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışla, həmçinin şəxsin öz bildirdikləri Nurlan Maqsudovun həmin tarixdə anadan olması və həmin ünvanda qeydiyyatda olması təsdiqlənmişdir. Belə olan inzibati tənbeh vermə haqqında qərarın şikayət vermiş şəxs barəsində qəbul edildiyinə heç bir şübhə yaradan məqam qalmır. Məhkəmə qeyd edir ki, elektron qərarda FİN-in göstərilməməsi İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində göstərilmiş əsasların sırasına aid edilmədiyindən qeyd olunan səbəbdən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi yolverilməzdir. Bundan başqa Nurlan Maqsudov təqdim etdiyi şikayətə əlavədə həm İXM-nin 122.1-ci maddəsinin tələblərinin, həm də İXM-nin 124.6-cı maddəsinin tələblərinin pozulmasını vurğulamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasına dair məsələlər tənzimlənmişdir. İXM-nin 124.6-cı maddəsində isə inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasına dair məsələlər tənzimlənmişdir. Hazırki inzibati tənbeh vermə haqqında əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdir. Belə olan halda hazırki inzibati xəta haqqında iş üzrə İXM-nin 122.1-ci maddəsinin tələblərinin pozulması mümkün deyildir. Məhkəmə onu da bildirir ki, qəbul edilmiş qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayaraq İXM-nin 124.6-cı maddəsinin tələbləri pozulmuşdur. X10 həm şikayət ərizəsində həm də məhkəmə iclasında qeyd edilən inzibati tənbeh vermə haqqında qərarın onun elektron ünvanına göndərilməsini təsdiq etmişdir. Şikayət ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşkillərlə də həmin qərarın onun elektron kabinetinə yerləşdirilməsi və həmin qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməsi təsdiq edilmişdir. Həmin qərarın avtomobilin ön şüşəsinə qoyulma tələbi nəqliyyat vasitəsinin sahibinin onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan məlumatlı olması üçündür. Sadalanan hallardan da göründüyü kimi tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar Maqsudov Nurlanın elektron kabinetinə dərhal yerləşdirilmiş və o bu qərar barədə məlumatlandırılmışdır. Qeyd edilən səbəbə görə də həmin qərarın avtomobilin ön şüşəsinə qoyulmaması əsası ilə qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar ləğv edilə bilməz və bunun üçün hər hansı əsas da yoxdur. Göstərilənlərlə yanaşı şikayət vermiş şəxs tərəfindən inzibati xətanın törədilmə yerinin də səhv göstərildiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı google-maps veb səhifəsindən olan çıxarışlarla, video-görüntülərlərlə və tərəflərin izahatları ilə inzibati xətanın törədildiyi yer müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:34-də X1 idarə etdiyi “Hyundai Sonata minik” markalı, 10MN898 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin durduğu yer (GPS:40.3707975,49.8286764) hazırda Nabat Aşurbəyova adını daşıyır. Lakin inzibati tənbeh vermə haqqında qərarda hadisə yerinin “Bakı, Mustafa Sübhi, 18” kimi qeyd olunmasına səbəb GPS sistemində həmin küçənin əvvəlki adı ilə göstərilməsi olmuşdur. Həqiqətən də həmin küçə əvvəllər Mustafa Sübhi adını daşımışdır. Bu barədə şikayət vermiş şəxs özü də məhkəməyə çıxarış təqdim etmişdir. Göründüyü kimi inzibati xətanın törədilmə yerində hər hansı bir yalnışlıq yoxdur, sadəcə texniki səbəbdən küçənin adı əvvəlki adı ilə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan formal yalnışlıq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə şikayətə əlavəyə münasibət bildirərək qeyd edir ki, həqiqətəndə inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-nin 115.1.3, 124.6-cı tələblərinə əməl edilməməsi, həmçinin inzibati xətanın törədildiyi küçənin adının əvvəlki adı ilə göstərilməsi öz təsdiqini tapmışdır. Lakin qeyd olunanlar texniki pozuntular olmaqla yanaşı, məhkəmə həmin pozuntuları inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün yetərli hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 idarə etdiyi “Hyundai Sonata minik” markalı, 10MN898 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Nabat Aşurbəyova və Süleyman Tağızadə küçələrinin kəsişməsində quraşdırılmış 3.27 yol nişanının təsir dairəsində saxlayaraq durma qaydalarını pozmuş, bununla da İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, X4 barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməli, qeyd olunan qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21205645 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar