Məhkəmə qərarları › İş №3(001)-3101/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3101/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3101/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almışdır. xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “ANAR PALACE” adlı obyektin üzərində müvafiq icazə alınmadan reklam yerləşdirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli göstərişdən və qəbzin surətindən görünür ki, həmin göstəriş müvafiq ünvana xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “ANAR PALACE” adlı obyektin üzərində müvafiq icazə alınmadan açıq məkanda reklam yerləşdirilmiş, nəticədə Şəxs tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs həmin maddənin sanksiyası həddində vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Reklam Haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən açıq məkanda reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.8-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə şəxs barəsində məsuliyyəti nəzərdə tutmuşdur. Toplanmış iş materiallarından Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “ANAR PALACE” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona vəzifəli şəxs qismində inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar