Məhkəmə qərarları › İş №3(001)-3111/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3111/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3111/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Quba rayonu, Atuc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-124/2020 saylı, 21 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs, mülki iddiaçı X3 müki iddiası təmin edilmiş, təqsirləndirilən şəxs, mülki cavabdeh Şəxs 19318 manat maddi ziyan və 30 maat dövlət rüsumunun əvəzinin tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı X4 verilməsi nəzərdə tutulmuşdur. İcra vərəqəsi şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Sonuncu dəfə borclu icra sənədinin icra olunması məqsədilə icra şöbəsinə dəvət edilmiş, ona icra sənədinin icrası ilə bağlı xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, rəsmi xəbərdarlıqla tanış olmuş, lakin, imzalamaqdan imtina etmişdir. Buna dair xx.xx.2022-ci il tarixdə hal şahidlərinin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Hazırda borclu tərəfindən icra sənədi könüllü icra olunmur. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq qurumlara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra sənədini qərəzli olaraq icra etməmiş və bu səbəbdən, barəsində Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 124/2020 saylı, 21 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən mülki iddiaçı X3 mülki iddiası təmin edilərək, ondan 19318 manat maddi ziyan və 30 manat dövlət rüsumunun əvəzi tutularaq mülki iddiaçı X4 verilməsi nəzərdə tutulmuşdur. Lakin, həmin hökmdən narazı qalaraq yuxarı instansiya məhkəmələrinə şikayət verməyinə baxmayaraq, şikayəti təmin olunmamışdır. Sözügedən icra sənədinin verilməsinə əsas olan hökmdən narazı olduğu üçün onu icra etmək niyyətində deyil. Belə ki, həmin hökmdən verdiyi apellyasiya şikayəti, kassasiya şikayəti təmin edilməmişdir. O, isə göstərilən qərarla razı olmadığı üçün hazırda şikayət ərizə ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Onun şikayətinə Konstitusiya Məhkəməsində mahiyyəti üzrə qərar qəbul edilənə qədər də icra sənədi üzrə borcunu ödəməyəcəkdir. Barəsində qəbul edilmiş hökmlə razılaşmamağının səbəbi odur ki, zərərçəkmiş şəxs X1 şərikli ev tikib satmaq məqsədilə pul almışdır, yaranmış borc məbləği də şərikli iş qurduqları dövrdə düşdükləri ziyanla bağlı yaranmışdır. Binəqədi Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli 1(001)-124/2020 saylı hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda əsgər atasıdır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırki vaxta qədər icra vərəqində göstərilən borc məbləğindən ödəniş etməmişdir. Baxmayaraq ki, hazırki cinayət işi üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var, o qəbul edilmiş qərarla razı deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-124/2020 saylı, 21 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən onun tərəfindən verilmiş mülki iddia təmin edilərək, təqsirləndirilən şəxs, mülki cavabdeh Şəxs 19318 manat maddi ziyan və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi nəzərdə tutulmuşdur. Binəqədiayon Məhkəməsinin hökmü ilə Şəxs 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünün olmasına baxmayaraq, Şəxs tərəfindən ona hazırki vaxta qədər ödəniş etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-124/2020 saylı, 21 may 2020-ci il tarixli icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs, mülki iddiaçı X3 müki iddiası təmin edilmiş, təqsirləndirilən şəxs, mülki cavabdeh Şəxs 19318 manat maddi ziyan və 30 maat dövlət rüsumunun əvəzi tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı X4 verilməsi nəzərdə tutulmuşdur. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs icra sənədinin icrası ilə bağlı xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, rəsmi xəbərdarlıqla tanış olmuş, lakin, imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-124/2020 saylı, 21 may 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 19348 (on doqquz min üç yüz qırx səkkiz) manat borc ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra vərəqinin verilməsinə əsas olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-124/2020 saylı hökmü ilə Şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs X4 19318 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi qərara alınmışdır. Şəxs göstərilən hökmlə təqsirinin sübuta yetirilməsinə və barəsində ittihamedici hökm çıxarılmasına, həmin hökmdən verdiyi apellyasiya şikayətinin və kassasiya şikayətinin təmin edilməməsinə baxmayaraq, onun həmin borc məbləği ilə razılaşmamasını, Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərardan Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməsini məhkəmə qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarını, ondan narazı olmasını əsas gətirərək icra etməməsini qərəzli olaraq icra etməmə kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Şəxs istinad edilən inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmadığı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tətbiq ediləcək inzibati həbsin müddətini müəyyən edərkən onun yaşını nəzərə almaqla, 20 gün müddətinə müəyyən edilməsini məqsədə uyğun hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar