Məhkəmə qərarları › İş №3(001)-3113/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3113/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3113/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu, X5 iclas katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan,evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, ünvan 1 ünvannıda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2048/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3 000 (üç min) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələbkar X2 xeyrinə tutulmalıdır.Lakin borcluya borcunu könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzrlü səbəblər olmadan icra sənədini icra etməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2048/2020 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 3 000 (üç min) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tələbkar X2 xeyrinə tutulmalıdır.Lakin borcluya borcunu könüllü ödəməsi barədə bildiriş göndərilməsinə baxmayaraq borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzrlü səbəblər olmadan icra sənədini icra etməmişdir.Şəxs izahat verərkən maddi vəziyyətinin pis olduğu üçün borcu tam ödəyə bilmədiyini bildirmiş, bununla belə müvafiq məşğuluq idarəsində qeydiyyata saldırmadığını və borclunun icra vərəqəsini icra etməkdən qərəzli yayınmasını sübut edə bilmədi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2048/2020 saylı icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmır.Belə ki, o, hal-hazırda işsiz olduğundan və maddi vəziyyəti ağır olduğu üçün ödəniş apara bilməmişdir.O, maddi vəziyyətinin ağır olmasını, işləməməsini, borcu ödəmək iqtidarında olmadığını və icra məmurunun çağırışlarından yayınmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil Şəxs icra vərəqəsini qərəzli olaraq icra etmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş tələbkar X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Protokolu tərtib edən icraçı N.Allahverdiyevi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, protokol geri qaytarılmalıdır. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə börcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir. İş materiallarından görünür ki, icra məmuru borcun könüllü ödənilməsi barədə bildirişi borcluya yalnız məhkəmə iclasından qabaq, yəni 05 oktyabr 2022-ci il tarixdə təqdim etmişdir.Halbuku, İcra haqqunda qanunun tələbinə görə icra məmuru yalnız könüllü ödəmə barədə bildirişi, borcluya təqdim etdiyi gündən 10 gün keçdikdən sonra, borclu barəsində məcburi icra tədbirləri görə bilər, həmin məcburi icra tədbirləri yetərli olmaqıda və borclu icra sənədini qərəzli olaraq icra etməkdən imtina etdiyi halda onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edə bilər. Həmçinin, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)- 2048/2020 saylı icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmasını təsdiq edən sübutlar icra məmuru tərəfindən iş materiallarına əlavə etməmişdir, o cümlədən onun müvafiq məşğulluq qurumlarına müraciət edib etməməsi, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda vəsatətin olub-olmaması yoxlanılmasına dair sənədlər əlavə olunmamışdır ki, belə olan halda işə baxıb yekun qərar qəbul etmək mümkün olmadığına görə protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Hesab edirəm ki, qeyd edilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra işə mahiyyəti üzrə baxılması mümkün ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi rayon İcra şöbəsinə qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar