Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3116/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4, müdafiəçi “LCG” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-də operator vəzifəsində işləyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində yol polisləri tərəfindən raportla bölməyə müraciət edilmişdir. Yol polisi tərəfindən yazılmış raport əsasında şəxsin barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və tənbeh tətbiq edilməsi üçün məhkəməyə gətirilmişdir. Məhkəmədən protokolu müdafiə edərək zəruri tədbir görülməsini xahiş edirik.
3. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 yol patrul xidməti baş inspektoru X5 bildirmişdir ki, xx.xx.2025-ci il saat 08:00 radələrində avtopatrulla dislakasiya aparan zaman maşının səsinin ucadan çıxdığını görmüş və saxla işarəsi verilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, maşına hər hansı bir kənar müdaxilə olmamışdır. Lakin maşının səs boğucusunda nasazlıq aşkar edilmiş və maşın duracağa aparılması tələb edilmişdir. Vətəndaş tabesizlik göstərərək maşını duracağa aparmaqdan imtina etmişdir. Barəsində raport tərtib edilərək polis bölməsinə müraciət edilmişdir.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki maşının səs boğucusunda nasazlıq vardır. Yol polisinə məlumatlı olduğunu və tezliklə aradan qaldıracağını bildirmişdir. Lakin polis maşının duracağa getməli olduğunu bildirmiş o, isə bu fikirlə razılaşmadığı üçün İXM-nin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Məhkəmədən tabesizlik göstərmədiyini sadəcə hüquqlarını müdafiə etdiyini bildirərək ədalətli qərar verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında müdafiəçi “LCG” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs ilə eyni məzmunlu ifadə verərək maşının duracağa aparılması üçün qanunvericilikdə konkret tənzimləmənin olduğunu bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixli, AZA 022256 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə saat 09:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 may 2025-ci il tarixdə saat 09:20 radələrində Binəqədi rayonu “Azpetrol” Y/D məntəqəsinin yanında YPX əməkdaşlarının qanuni tələbinə tabe olmadığından İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
9. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
10. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
11. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 01 may 2025-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 01 may 2025-ci il tarixdə Binəqədi rayonu Azpetrol Y/D məntəqəsi yanında YPX əməkdaşlarına tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilmir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Məhkəmə iclas zalında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, şəxsin maşınına hər hansı kənar müdaxilə olmamış, avtomobildə konstruksiya dəyişikliyi aparılmamış, nəqliyyat vasitəsinin istismarı qadağan edilməmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, İXM-in 96cı maddəsinə 1-ci bəndində qanunvericilik nəqliyyat vasitələrinin idarə olunmasından kənarlaşdırılma üçün yeddi əsas müəyyən etmişdir. Bu əsasların içərisində İXM-in 96-cı maddəsində nəqliyyat vasitəsinin səs boğucusunun aradan qaldırılması mümkün olan nasazlıqları öz əksini tapmamışdır.
12. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, yol polisi tərəfindən Şəxs maşının duracağa aparılması tələbi qanunda nəzərdə tutulmadığından, vətəndaş Şəxs duracağa getməkdən imtina etməsi də qanuni tələbə tabesizlik kimi qiymətləndirilə bilməz. Belə olduğu təqdirdə vətəndaş Şəxs inzibati qaydada tutmada 24 saat müddətində qalması da qanunauyğun hesab edilməkdədir.
13. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, azadlıq hər bir kəsin nəinki konstitusion hüququ, eyni zamanda təbii hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi bu hüququ ən ali ümumxalq iradəsi səviyyəsində tanımaqla, həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir.
14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci maddəsi də eyni tələblə çıxış edir və hər zaman bəyan edir ki, 5-ci maddənin əsas məqsədi özbaşına və ya əsassız azadlıqdan məhrum edilmə hallarının qarşısını almaqdan ibarətdir. (X1rşı (№ 2) 2020, § 311; S., V. və A. Danimarkaya qarşı 2018, § 73; X3rşı 2006, § 30). Konvensiyaya əsasən azadlıq və toxunulmazlıq hüququ “demokratik cəmiyyətdə” ən böyük əhəmiyyətə malikdir (Medvedyev və başqaları Fransaya qarşı, 2010, § 76; Ladent Polşaya qarşı, 2008, § 45).
15. İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
16. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
17. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
18. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
19. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
20. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
21. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, YPX əməkdaşı öz hərəkətlərini “Yol-patrul xidməti haqqında təlimat” a əsasən qurmalıdır ki, həmin təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir
21. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
23. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
24. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
25. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
26. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova