Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3122/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X2, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, vətəndaş Şəxs məhkəməyə təqdim edilmiş videodan da göründüyü kimi davamlı olaraq avtoxuliqanlıq etmişdir. Belə ki, o, birinci dəfə İXM-in 327.2-ci maddəsinin tələblərini pozmuş, daha sonra əks istiqamətli yola çıxaraq digər avtomobillər üçün təhlükəli vəziyyət yaratmış, bununla da davamlı olaraq avtoxuliqanlıq etmişdir. Hadisə ilk öncə vizual aşkarlanmış, daha sonra təhlükəsiz şəhər kamerları ilə baxılaraq öz təsdiqini tapmışdır. Məhkəmədən protokolu müdafiə edərək zəruri tədbir görülməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X10 bildirmişdir ki, vətəndaş Şəxs avtoxuliqanlıq hərəkətinə görə yol polisi tərəfindən saxlanılmış, lakin bu zaman polisə tabesizlik göstərdiyi üçün bölməyə gətirilmişdir. Yol polisi tərəfindən yazılmış raport əsasında şəxsin barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və tənbeh tətbiq edilməsi üçün məhkəməyə gətirilmişdir. Məhkəmədən protokolu müdafiə edərək zəruri tədbir görülməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, o, avtoxliqanlıq etməmişdir. Ola bilsin ki, o yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Mirdamət müəllim videonu göstərərək bildirir ki, o qırıq-qırıq xətt bitən hissədən düzgün olmayaraq əks yola dönmə əməliyyatı etmişdir. Videoya dəqiq baxıb bu barədə konkret nə isə demək olar. Amma o qətiyyən avtoxuliqanlıq etməmişdir. Əks yola keçəndə maşının arxasında yük də olduğundan, hətta bir anlıq ona elə gəlmişdir ki, yol yaş olmuşdur və ona görə də maşının arxa təkəri oynamışdır. Lakin o, tez maşında idarəetməni bərpa etmişdir. Digər maşınla onun arasında xeyli məsafə olduğundan, həmin an qəza vəziyyəti yaranmamışdır. Yol polisi ona yaxınlaşdıqda özünü avtoxuliqanlıqda təqsirli bilmədiyini bildirmişdir. Avtomobilini duracağa aparacaqlarını bildirdikdə isə buna əsas olmadığını qeyd etmiş və yol polisinin maşınına əyləşməyəcəyəni, əgər bölməyə getməyə ehtiyac varsa qanunauyğun qaydada post patrul xidməti gəlməli olduğunu yol polisinə bidirmişdir. Bundan sonra yol polisi arxada öz avtomobilində əyləşmiş, o isə öz avtomobilində gözləyib, bildirmişdir ki, ona sür deyə tapşırıq verilmədiyindən yerindəcə gözləmişdir. Bundan sonra başqa yol polisi maşını gəlmiş, sonra post patrul və maşını duracağa təhvil verərək bölməyə getmişdir. Dəvət edilən şahidə münasibətdə isə bildirmişdir ki, onu hadisə vaxtı görməmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edirəm.
5. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X14 yol patrul xidməti baş inspektoru X8 bildirmişdir ki, vətəndaş Şəxs avtoxuliqanlıq etdiyi üçün saxlanılmış, daha sonra maşının duracağa aparılması ona təklif edilmişdir. Buna baxmayaraq vətəndaş tabesizlik edərək, ona irəli sürülən inzibati tənbehlə razılaşmamış, özünü təqsirsiz bilmiş və duracağa getməkdən imtina etmişdir. Həmçinin şahid ona verilən suala cavab olaraq bildirmişdir ki, maşının duracağa aparılması zəruridir, çünki o avtoxuliqanlıq etmişdir və İXM-in 511.1.3-cü maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan maşın bölməyə aparıla bilməzdi.
6. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən şahid qismində ifadə vermək üçün dəvət edilmiş X7 bildirmişdir ki, hadisə baş verən zaman maşının səsini eşitmişdir. Amma dəqiq nə baş verdiyini görməmişdir. Yol polisi maşınlarının dayandığını görmüş, sonra polis əməkdaşı ona yaxınlaşaraq telefon nömrəsini götürmüşdür ki, ehtiyac olarsa şahid qismində ifadə versin. O da razılaşmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
7. xx.xx.2025-ci il tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və 01 may 2025-ci il tarixdə inzibati tutmadan azad edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2025-ci il tarixdə saat 14:58-də Binəqədi şossesində idarə etdiyi “Ford Mustang” markalı **-QU-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
9. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29 aprel 2025-ci il tarixdə saat 18:45-də Binəqədi rayonu Azadlıq prospektində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün idarə etdiyi “Ford Mustang” markalı **- QU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılan zaman sürücü Şəxs polisin qanuni tələbinə tabe olmayaraq İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
10. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntüsü köçürülmüş diskdən müəyyən edilmişdir ki, “Ford Mustang” markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən dönmə əməliyyatını tamamilə bitirmədən avtomobilin arxa hissəsi ani bir saniyədə sürüşür. Həmçinin həmin diskdə olan digər fayldan müəyyən edilmişdir ki, Şəxs avtomobilin içərisində əyləşib, təhlükəli dönüş etdiyini, lakin avtuliqanlıq etmədiyini bildirir.
11. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001) -3033/2025 nömrəli qərardaddan görünür ki, eyni iş bir gün qabaq məhkəmənin icraatına 511.1.3-cü maddə ilə daxil olmuş, iş materiallarının natamamlığına görə geri qaytarılmışdır. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
12. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
13. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:
14. 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
15. Qanunverici tərəfindən qeyd olunan normada (İXM-in 511.1.3 maddəsində) ictimai qaydanı pozan, və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə edildikdə avtoxuliqanlığın İXMin 511.1.3-cü maddəsində olan tərkibini yaradır. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.
15. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
16. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
17. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 29 aprel 2025-ci il tarixdə saat 18:45-də avtoxuliqanlıq etməsi və polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 29 aprel 2025-ci il tarixdə Binəqədi rayonu, Azadlıq prospektində avtoxuliqanlıq etməsi və polisin qanuni çağırışlarına tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs avtoxuliqanlıq etməsi, polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil də təqdim edilməmişdir.
18. Məhkəmə Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilindiyi avtoxuliqanlıq əməlinə münasibətdə bildirmək istəyir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə avtoxuliqanlıq əməlinə görə o vaxt təqsirli bilinərdi ki, o mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və ya yolun səthində çoxsaylı təkər izlərini buraxmış olardı. Lakin təqdim edilmiş video materialdan da göründüyü kimi Şəxs bu hərəkətlərə yol verməmişdir. Məhkəmə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X2 məhkəmədə davamlılıq anlayışına verdiyi izahla (yolun əks istiqamətinə dönmə zamanı və əks yola keçdikdən sonrakı yol pozuntusunu davamlı əməl kimi qiymətləndirmişlər) razılaşmayaraq bildirir ki, maddənin dispozisiyasında nəzərdə tutulmuş davamlılıq İXM-in 511.1.3-cü maddədə nəzərdə tutulan əməllərin davamlı olaraq törədilməsidir.
19. Bundan başqa məhkəmə Şəxs İXM-in 535.1-ci maddəsinə münasibətdə təqsirinin sübuta yetirilməməsi ilə qeyd edtmək istəyir ki, Şəxs məhkəmə iclas zalında bildirmişdir ki, o yol polisi tərəfindən avtoxuliqanlıq əməli törətməsinə münasibətdə razı olmadığını və bölməyə aparılması üçün yol polisi maşını ilə deyil post patrul xidmətinin maşını ilə aparılmalı olduğunu bildirmişdir və bundan sonra hadisə yerindən qətiyyən uzaqlaşmadan yol polisinin tapşırığını gözləmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X14 yol patrul xidməti baş inspektoru Vəliyev İlkin isə Şəxs tabesizliyini özünü avtoxuliqanlıqda təqsirli bilməməsi və bölməyə getmək üçün post patrul xidmətini çağırması ilə əlaqələndirmişdir. Məhkəmə onu da bildirmək istəyir ki, xx.xx.2025-ci il tarixindən inzibati qaydada tutma tətbiq edilmiş vətəndaş Şəxs xx.xx.2025-ci il tarixində məhkəməyə gətirilmiş, məhkəmə iclas zalında müəyyən edilmişdir ki, onun barəsində yalnız İXM-in 511.1.3-cı maddəsi ilə protokol tərtib edilmişdir. İXM-in 88-ci maddəsinin tələbinə görə inzibati qaydada tutma tətbiq edilən inzibati xətalar içərisində avtoxuliqanlıq nəzərdə tutulmadığından və iş materialları natamam olduğundan iş məhkəmə qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 535.1 və 511.1.3-cü maddəsi ilə yeni protokol tərtib edilərək xx.xx.2025-ci il tarixində yenidən məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəmə tərəflərin verdiyi ifadələri və əvvəlki məhkəmə qərardını əsas götürərək hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmir və onun inzibati qaydada tutulması isə azadlıq hüququnun qanunsuz məhdudlaşdırılmasına səbəb olmuşdur.
20. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, azadlıq hər bir kəsin nəinki konstitusion hüququ, eyni zamanda təbii hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi bu hüququ ən ali ümumxalq iradəsi səviyyəsində tanımaqla, həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir.
21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci maddəsi də eyni tələblə çıxış edir və hər zaman bəyan edir ki, 5-ci maddənin əsas məqsədi özbaşına və ya əsassız azadlıqdan məhrum edilmə hallarının qarşısını almaqdan ibarətdir. (X1rşı (№ 2) 2020, § 311; S., V. və A. Danimarkaya qarşı 2018, § 73; X4rşı 2006, § 30). Konvensiyaya əsasən azadlıq və toxunulmazlıq hüququ “demokratik cəmiyyətdə” ən böyük əhəmiyyətə malikdir (Medvedyev və başqaları Fransaya qarşı, 2010, § 76; Ladent Polşaya qarşı, 2008, § 45).
22. Bundan başqa protokol əsasında toplanmış materiala məhkəmədə baxılan zaman Şəxs müdafiə hüququnun pozulması halı da aşkarlanmışdır. Belə ki, inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı İXM-in 91-ci maddəsinə görə inzibati qaydada tutulan şəxslərə dərhal onun tutulmasının səbəbləri bildirilməklə, öz yaxınları ilə əlaqə saxlamaq və hüquqlarını müdafiə etmək üçün zəruri imkanlar yaradılmalıdır. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, şəxsin barəsində inzibati qaydada tutulma protokolu xx.xx.2025-ci il tarixində tərtib edilsə də, vəkildən imtina etməsi ərizəsi xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Qeyd edilən hal isə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs inzibati qaydada tutulsa da ona hüquqları izah edilməmiş, xx.xx.2025-ci il tarixli vəkildən imtina etmək ərizəsi isə formal xarakter daşımışdır. Halbuki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək ittiham olunan şəxsin hüququdur.
23. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixii, MN2015366 nömrəli protokolda Binəqədi RPİ-nin 5-ci bölməsinin sahə rəisi, polis mayoru X10 öz səlahiyyətlərini aşmışdır. Belə ki, o, Şəxs barəsində ancaq İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib etmək salahiyyətinə malik olsa da, vətəndaş barəsində həmçinin İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib etmişdir. Onu da qeyd etmək lazımdır ki, DİN DYP tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokolda inzibati xətanın törədilmə vaxtı 14:58, xx.xx.2025-ci il tarixii, MN2015366 nömrəli protokolda və yol polisi tərəfindən tərtib edilmiş raportda isə 18:45 kimi göstərilmişdir.
24. Polis əməkdaşları öz hərəkətlərini “Polis haqqında” qanunun 5-ci maddəsinə əsasən qurmalıdır ki, həmin qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin etməlidir.
25. Beləliklə məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
26. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 511.1.3 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
27. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
28. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
29. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
30. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
31. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
32. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
33. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
34. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollara dair Şəxs əməlində İXM-in 511.1.3 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
35. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova