Məhkəmə qərarları › İş №3(001)-3129/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3129/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3129/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X4, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Zərdab rayonu, Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Zərdab rayonu, Məlikli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30-da polis əməkdaşları xidmətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə dairəsində bir nəfər vətəndaşın X10 İdarəsinin əməkdaşları ilə mübahisə etdiyini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. X10 İdarəsinin əməkdaşları həmin vətəndaşın onların qanuni tələblərinə riayət etmədiyini onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin vətəndaşı 40-cı PB-nə dəvət etmişlər və polis bölməsində Şəxs izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə sürücü ona zəng vuraraq X10 İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O, dərhal hadisə yerinə getmişdir. O, polis əməkdaşlarının avtomobilin arxa nömrəsinin olmadığından sürücünün saxlanıldığını və daha sonra sürücünün etibarnaməsinin olmadığını öyrənmişdir. Əslində avtomobil firmaya məxsus olduğundan etibarnamə deyil, müqavilə tərtib olunmuşdur. O, həmin sənədi dərhal yük avtomobilinin qeydiyyatda olduğu firmadan götürüb polis əməkdaşı olan yerə gətirmişdir. Avtomobilin arxa nömrəsi təkərdə yaranan nasazlıq ucbatından qopmuşdur. Onlar nömrəni oraya bərkidib, polisin onlara yazdığı protokolu və avtomobilin sənədlərini X10 İdarəsinin əməkdaşından alıb təmir üçün avtomobillə oradan uzaqlaşdırmaq istəmişdilər. Bu zaman yenidən X10 İdarəsinin əməkdaşı gəlib yük avtomobilinə saxla əmri vermişdir. Bundan dərhal sonra avtomobil dayandırılmış, o yenidən sürücünü nə üçün saxladığını soruşmuşdur. Bu zaman inspektor onları avtomobili oğurlayıb aparmaqda ittiham etmişdir. O isə öz növbəsində avtomobilin hər hansı duracağa qoyulmadığı üçün onlar avtomobilə əyləşib getmək istədiyini bildirmişdir. Bundan sonra inspektor əraziyə polis əməkdaşları göndərilməsini xahiş etmiş, əraziyə gələn PPXnin əməkdaşları onu bölməyə dəvət etmiş, o da bölməyə getmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, ondan tələb olunanlara əməl etmişdir. Qeyd olunanları nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X10 İdarəsinin əməkdaşları tərəfindən avtomobili saxlanılmışdır. O əmrdən sonra dərhal avtomobili saxlamış və onun etibarnaməsi olmamışdır. O, Şəxs zəng vurmuş və sonuncu müvafiq sənədi dərhal yük avtomobilinin qeydiyyatda olduğu firmadan götürüb polis əməkdaşları olan yerə gətirmişdir. Avtomobilin arxa nömrəsi təkərdə yaranan nasazlıq ucbatından qopmuşdur. Onlar nömrəni oraya bərkidib, polisin onlara yazdığı protokolu və və avtomobilin sənədlərini X10 İdarəsinin əməkdaşlarından alıb təmir üçün avtomobillə oradan uzaqlaşmaq istəmişdilər. Bu zaman yenidən X10 İdarəsinin əməkdaşı gəlib yük avtomobilinə saxla əmri vermişdir. Bu zaman o, yenidən onları nə üçün saxladığını soruşmuş, çünki, yük avtomobilinin duracağa qaldırılması üçün heç bir akt tərtib olunmamış və onlara məlumat verilməmişdir. Orada heç bir münaqişə olmamış, Şəxs heç bir polis əməkdaşı ilə mübahisə etməmiş, sonunculara qarşı tabesizlik göstərməmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs hadisə yerində heç bir münaqişə törətmədiyini, polis əməkdaşlarının qanuni tələblərinə əməl etdiyini nəzərə alınaraq, sonuncunun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, AZA 019056 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarınn qanuni tələblərinə tabe olmadığından İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli raportlardan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Şəxs barəsində İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında heç bir polis əməkdaşına tabesizlik göstərmədiyini, ondan tələb olunanlara əməl etdiyini bildirmişdir. Şahid X1 Fəqan Davud oğlunun heç bir polis əməkdaşı ilə mübahisə etmədiyini, sonunculara qarşı tabesizlik göstərmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatı ilə Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar