Məhkəmə qərarları › İş №3(001)-3129/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3129/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3129/2023 09.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəki rayonu, Babaratma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, traktor sürücüsü işləyən, Şəki rayonu, Şorsu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X1 şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs müəyyən edilərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metro stansiyasının yaxınlığında saxlanılmışdır. Şəxs saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən, Şəxs həmin gün inzibati qaydada tutulmuş və barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun zərərçəkmiş şəxs X3 ilə 3 ilə yaxın qeyri-rəsmi münasibəti olmuşdur. Lakin, ona qarşı təhqiramiz ifadələr işlətməmiş, həmçinin qızına zəng etməmişdir. Polis əməkdaşları ondan Binəqədi RPİ-nin 4-cü PŞ-nə gəlməsini tələb etdikdə, polis əməkdaşları formada olmadıqlarından və xidməti vəsiqələrini təqdim etmədiklərindən polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır.Sonradan həmin ərazidə olan çevik polis əməkdaşlarını gördükdən sonra o özü könüllü şəkildə çevik polis əməkdaşları ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə gəlmişdir. Etdiyi əməlin yanlış olduğunu qəbul edir və əməlindən səmimi paşmanlıq hissi keçirir. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, Şəxs onu mütəmadi olaraq narahat edir, ona qarşı təhqiramiz ifadələr işlədir. Onun şəkillərini çəkib başqa şəxslərə göndərir, həmçinin onu həmin şəkilləri yayacağı ilə hədələyir. Hər dəfə onu ictimai yerlərdə gördükdə, ona qarşı əxlaqsız sözlər işlədərək, cəmiyyət içərisində biabır edir. Bu səbəbdən, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X1 şikayət ərizəsi əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs müəyyən edilərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metro stansiyasının yaxınlığında saxlanılmışdır. Şəxs saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən, Şəxs həmin gün inzibati qaydada tutulmuş və barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 019182 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisinə ünvanlanmış raportdan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərilməmişdir. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol, raport və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlindən peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə İXM-in 33-cü maddəsində nəzərdə tutulan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar