Məhkəmə qərarları › İş №3(001)-3142/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3142/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3142/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 90GT707 qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. İnternet üzərində qurulmuş sms radar tətbiqinə xx.xx.2025-ci il tarixində elektron bildiriş daxil olmuşdur. Bildirişdə qeyd olunub ki, idarə etdiyi 90GT707 qeydiyyat nişanlı avtomobili ilə X4 küçəsində xx.xx.2025-ci il tarixdə qayda pozuntusu qeydə alınmışdır. Lakin DYP tərəfindən foto sübut kimi dərc edilmiş görüntüdə aydın şəkildə görünür ki, yolun hərəkət etdiyi hissəsi heç bir üfüqi nişanla işarələnməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtobus zolağı olmayan yerdə ona protokol yazılıb və cərimə edilmişdir. O, həmin yerdə avtobus zolağı görməmişdir. Şəkildə də avtobus zolağı görünmür. Şəkildə sağda görünən nişanı görməmiş, yerdə zolaq olmadığı üçün o hərəkətini davam etdirmişdir. Verilmiş suallara cavab olaraq isə şikayət ərizəsində qayda pozuntusunun X4 küçəsində olmasını qeyd etsə də, hadisə faktiki olaraq EQ 27432337 saylı protokolda qeyd edilən Moskva prospekti, Rəşid İsmayılov küçəsi, Biləcəri enişi ünvanında baş vermişdir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Tətbiqdən olan çıxarışdan görünür ki, EQ 27432337 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla X2 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. İnzibati xətanın törədilmə tarixi xx.xx.2025-ci il, saat 09:18 olaraq, törədilmə yeri isə ünvan 1 ünvanı olaraq göstərilmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, 90GT707 qeydiyyat nişanlı avtomobil yolun sağ zolağı ilə hərəkət edir və həmin zolaq 5.9 yol nişanı ilə işarələnmiş, nişanın qüvvədə olma müddəti 07:00-22:00 kimi göstərilmişdir. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə–yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən İV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. İş materiallarında olan foto-şəkillərdə həmin zolağın 5.9 yol nişanı ilə işarələnməsi və X2 həmin zolaqda hərəkət etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, X2 xx.xx.2025-ci il, saat 09:18-də ünvan 1 ünvanında etibarnamə əsasında idarə etdiyi 90GT707 qeydiyyat nişanlı, “Toyota” markalı avtomobillə 5.9 yol nişanı ilə işarələnmiş zolaqla nişanın qüvvədə olduğu vaxt ərzində hərəkət etmiş, bununla da İXM-nin 327.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.1-1-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27432337 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar