Məhkəmə qərarları › İş №3(001)-3144/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3144/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3144/2025 02.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küçəsi, ev 32, mənzil 21 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 may 2025-ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın qarşısında ictimai yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, buna görə onu intizama dəvət edən Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis mayoru Vüqar Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 tərəfindən 02 may 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 02 may 2025-ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın yaxınlığında sahə inspektoru Vüqar Mirzəyev xidmət aparan zaman bir nəfər şəxsin yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini eşidib həmin şəxsə yaxınlaşmışdır. Özünü təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişdir. Lakin həmin şəxs özünü təqdim etməkdən imtina edərək, ona məhəl qoymamış, yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxsi intizama dəvət etsə də, müsbət nəticəsi olmamışdır. Bu səbəbdən yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam edən şəxsi yaxınlıqdakı 5-ci PB-yə dəvət etmişdir. Şəxs 5-ci PB-yə getməkdən də imtina etmişdir. Onun intizamsız davranışını görüb, ətrafda yaşayan vətəndaşlarda narahatçılıq hissi yarada biləcəyini anlayaraq 5-ci PB-yə aparılmasını təmin etmişdir. Polis bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, bir qədər öncə ictimai yerdə yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlədən və onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış şəxs xx xxxxxxxx 1978-ci il tarixdə Ağdam rayonunda doğulmuş Şəxsdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, 02 may 2025-ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın qarşısında yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətmişdir. Buna görə ona sahə inspektoru Vüqar Mirzəyev yaxınlaşmışdır. Sahə inspektoru özünü təqdim edib ondan da özünü təqdim etməsini xahiş etmişdir. Lakin o, əsəbi olduğu üçün özünü təqdim etməkdən imtina etmişdir. İnspektora məhəl qoymayıb telefonla danışmağa davam etmişdir. İnspektor onu intizamlı olmağa dəvət etsə də, ona əhəmiyyət verməmişdir. Bundan sonra inspektor onu yaxınlıqdakı 5-ci PB-yə dəvət etmişdir. 5-ci PB-yə getməkdən də imtina etmişdir. Sonra onu 5-ci PB-yə aparmışlar. Əməlindən peşmandır. Əsəbi olduğu üçün belə hərəkətlərə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis mayoru X3 izahatında bildirmişdir ki, 02 may 2025-ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini eşidib ona yaxınlaşmış, özünü təqdim edib həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim etməkdən imtina etmişdir. Ona əhəmiyyət verməyib, yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxsi dəfələrlə intizama dəvət etsə də, müsbət nəticəsi olmamışdır. Bu səbəbdən yüksək səslə telefonla danışaraq nalayiq ifadələr işlətməyə davam edən şəxsi yaxınlıqdakı 5-ci PB-yə dəvət etmişdir. Şəxs 5-ci PByə getməkdən imtina etmişdir. Onun intizamsız davranışını görüb, ətrafda yaşayan vətəndaşlarda narahatçılıq hissi yarada biləcəyini anlayaraq 5-ci PB-yə aparılmasını təmin etmişdir. Polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1978-ci il təvəllüdlü Şəxsdur. Qeyd olunanlara əsasən Şəxs barəsində raport yazaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Şəxs 02 may 2025ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın qarşısında ictimai yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, buna görə onu intizama dəvət edən Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis mayoru Vüqar Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5-ci PB-in rəisinə yazdığı izahatından görünür ki, o, 02 may 2025-ci ildə gecə saat 02 radələrində ünvan 1 ünvanın qarşısında ictimai yerdə nalayiq ifadələr işlətdiyini, onu intizama dəvət edən Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru, polis mayoru Vüqar Mirzəyevin qanuni tələbinə qəsdən tabe olmadığını etiraf etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA № 022370 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. İnzibati xəta haqqında MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, sahə inspektoru V.A.Mirzəyevin izahatı, xx.xx.2025-ci il tarixli Raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbehi yuxarı həddə təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 02 may 2025-ci il tarixdən saat 02:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar