Məhkəmə qərarları › İş №3(001)-3146/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3146/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3146/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın iştirakı ilə, xx.xx.2002-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Quba rayonu, Tüləkəran ərazi dairəsi, Möhüc kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Baksol qəsəbəsi, yeni yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis leytenantı X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, MN №0715310 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində Biləcəri qəsəbəsi Bakı-Sumqayıt şossesində komendant saatı rejimini pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində Biləcəri qəsəbəsi Bakı-Sumqayıt şossesi ilə avtomobillə evə gederkən komendant saatı vaxtında küçədə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, atasının olmadığını, ailənin yeganə qazanc mənbəyinin olduğunu, maddi imkanın olduqca aşağı olduğunu, əməlindən peşman olduğunu, bu kimi hallara bir daha yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Cövdət Məmmədova Binəqədi RPİ-nin PPX-nin polis əməkdaşları G.Abdullayev və F.Salmanov tərəfindən yazılan xx.xx.2020-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonunun inzibati ərazisində xidmətdə olan zaman hərbi rejim qaydasını pozan iki nəfər vətəndaşı saxlamışlar, dərhal həmin şəxsləri komendant rejimi qaydalarını pozduqları üçün 6-cı Polis Bölməsinə aparmışlar. Polis Şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN №0715310 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Hesab edirəm ki, Şəxs hərbi vəziyyət rejiminin pozulmasında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1-ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Məhkəmə Şəxsnın səmimi peşman olmasını, ailənin yeganə gəlir mənbəyi olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın səmimi etirafını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati tənbehin, xəbərdarlıq növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona xəbərdarlıq elan edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in Bakı şəhər Binəqədi rayon Pİ-nin 6cı PB-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar