Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-316/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 21.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 3(001)-316/2021 nömrəli qərarı ilə X2 tərəfindən verilmiş şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 3(001)-316/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında material 07.10.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.10.2021-ci il tarixli, 3(103)-2355/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 3(001)-316/2021 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən barəmdə tərtib edilmiş 21.07.2020-ci il tarixdə inzibati araşdırmanın nəticəsi kimi MN ******* saylı protokol əsasında 21.08.2020-ci il MN ******* nömrəli qərarla İXM-in 264.0.1-ci maddəsinə əsasən inzibati qaydada cərimə edilərək 3000 manat məbləğində inzibati tənbeh edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. O, fiziki şəxs kimi Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış və fəaliyyət göstərmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi İXM-in 264.0.1-ci maddəsinə əsasən barəsində vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə tətbiq etmişdir. Halbuki, fiziki şəxslər həmin maddə ilə altı yüz manatdan min manatadək məbləğdə cərimə edilə bilər. Həmçinin, eyni qaydada 2019-cu il tarixdə barəsində qərar qəbul edilmiş, lakin həmin qərarda o, fiziki şəxs kimi 600 manat miqdarında cərimə olunmuşdur. Belə olan halda sual olunur ki, eyni VÖEN əsasında fəaliyyət göstərdiyi üçün bir il ərzində nə dəyişdi ki, o, vəzifəli şəxs hesab olundu? Halbuki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin «qeyd» hissəsində nəzərdə tutulmuş «vəzifəli şəxs» anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Burada göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanuna əsasən dövlət orqanlarının və yerli özünü- idarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə etməklə, onun məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, şikayəti əvvəllər fiziki şəxs qismində inzibati qaydada cəlb olunmasına baxmayaraq, sonradan vəzifəli şəxs qismində inzibati tənbeh olunmasıdır. Daş sexinin sahibidir və orada üzlük daşların kəsilməsi ilə məşğul olunur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunana kimi sexdən çıxan sular gölə axıdılırdı. Suyun axıdılması ilə bağlı heç bir qurumla müqavilələri olmamışdır. Protokol tərtib edildikdən sonra həmin nöqsanlar aradan qaldırılmışdır. Belə ki, həmin məsələ ilə bağlı quyular qazılaraq çirkli sular quyulara axıdılmış və həmin sular təkrar istifadə edilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qeyd olunan hallar əsassızdır. Çünki Milli Hidrometereolgiya Xidmətinin Böyük şor gölü ətrafı axarlardan götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticəsi olaraq göl ətrafı müəssisələrin birbaşa olaraq gölün çirkləndirilməsi, eyni zamanda Böyük şor gölünün zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqları olmayan müəssisənin-sexin istismar edilməsi nəticəsində İXM-in 264.0.1-ci maddəsinin tələblərinin pozulduğu tərəflərindən müəyyən olunmuş və X2 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X1 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə gəlməsi xahiş olunsa da, naməlum səbəbdən iştirak etməmişdir. Ona rəsmi qaydada məlumat verilməsinə dair sübutları iş materiallarında mövcuddur. Bundan başqa inzibati araşdırma zamanı 11 saylı RETSİ-nin əməkdaşları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şəbnəm Məmmədovanın, "xxxx" ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini N.Əlizadənin, ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin mərkəz rəisi Elcan Yunuszadənin, müvafiq icra hakimiyyəti orqanının müavini və digər məsul şəxslərin birgə iştirakı ilə keçirilən genişmiqyaslı monitorinq zamanı ətraf axarlardan götürülmüş su nümunəsində ətraf mühitə atılan, axıdılan zərərli maddələrin miqdarının yol verilən normativlərdən artıq olması müəyyən olunmuşdur. X4 Mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir. X2 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində isə fiziki şəxs qismində fəaliyyət göstərdiyini, qeyri-obyektiv olaraq müəssisə tərəfindən qanun pozuntusuna yol verilmədiyi, inzibati xətanın baş vermədiyini, araşdırmada iştirak etmədiyini, və protokoldan xəbəri olmadığını və s. qeyd etmişdir. Həmin hallar isə öz təsdiqini tapmadığından və toplanmış sübutlarla təkzib olunduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21.07.2020-ci il tarixli X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi izahatdan görünür ki, “Böyükşor” gölünün ətrafında yerləşən daş kəsim sexi ona məxsusdur. Sexin fəaliyyəti zamanı istifadə olunan çirkab su “Böyükşor” gölünə axır. 25.10.2005-ci il tarixdə qeydiyyata alınmış (VÖEN) ********** nömrəli şəhadətnamədən görünür ki, X2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs qismində qeydiyyata alınmışdır. 21.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Böyükşor” gölünə üzlük daş kəsim sexinin fəaliyyəti zamanı çirkab suyun axıdılması və axıdılan çirkab suda çirkləndirici maddələrin normadan artıq olmasına görə X2 barəsində vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib edilmişdir. 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və əlavə edilmiş iş materiallarını məhkəmədə toplanmış sübutlarla birlikdə əhatəli şəkildə tədqiq edərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından isə müəyyən edilmişdir ki, X1 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsinə dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərar əsaslı və qanunidir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, “Böyükşor” gölünün ətrafında yerləşən daş kəsim sexinin rəhbəri X2 istər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman, istərsə də məhkəmə araşdırması zamanı sexin fəaliyyəti zamanı çirkab suların yaranmasını və həmin suların protokol tərtib olunan zamanadək gölə axıdıldığını etiraf etmiş və bu hal məhkəmədə toplanmış sübutlarla da öz təsdiqini tapmışdır. Digər tərəfdən X2 müraciətində şikayətinin əsas səbəbinin fiziki şəxs qismində deyil, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunması olsa da, bu barədə qeyd edilməlidir ki, sonuncu 25.10.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində qeydiyyata alınmışdır. Halbuki, qanunvericiliyin tələblərinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Belə olan halda müəyyən edilir ki, X2 haqlı olaraq vəzifəli şəxs qismində məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 21.08.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-316/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-316/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver