Məhkəmə qərarları › İş №3(001)-3172/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3172/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3172/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ştq, Rəşid İsmayılov, ev 2025-ci Məhəllə, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan “FİAT DOBLO” minik markalı 99PT314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (xx.xx.2025-ci il, saat 10:33) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, MMC-yə bildiriş daxil olduğu gündən 5 gün müddət keçməmiş, cərimənin ödənilməsi və sürücü barədə məlumat səlahiyyətli orqanın ünvanına göndərilmişdir. Odur ki, MMC tərəfindən inzibati xəta törədilməməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi rayon X4 İdarəsinə və hüquqi şəxsə lazımı qaydada məlumat verilsə də, onların nümayəndələrinin iştiraklarını məhkəmə iclasında təmin etməmişlər, habelə işə baxılmasını təxirə salmaq haqqında vəsatət də daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan “FİAT DOBLO” minik markalı 99PT314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci il tarixdə, saat 10:33-də Nərimanov rayonu ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan “FİAT DOBLO” minik markalı 99PT314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş: Portaldan çıxarışdan və xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, EQ26437375 nömrəli inzibati xəta haqqında protokola görə xx.xx.2025-ci il tarixində saat 10:33-də Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Nərimanov küçəsinin kəsişməsində – Koroğlu metro stansiyası yaxınlığında qeydə alınmış **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığortasız (İXM 469.3-cü maddəsi) idarə olunmuşdur. Cərimə olunan şəxs isə X1r. Bu pozuntuya görə ona 50 manat məbləğində cərimə təyin olunmuş, 5 manatlıq endirimlə birlikdə 45 manat ödəniləcək məbləğ kimi müəyyən edilmişdir. Qərarın statusu "qərarlı" olaraq qeyd olunub. Qeyd olunan cərimə ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 və 11 mart 2025-ci il tarixlərdə Binəqədi rayon Polis İdarəsiin DYP şöbəsinə ünvanladığı məktublardan görünür ki, EQ26437375 nömrəli inzibati xəta haqqında protokola görə cərimənin ödənilməsi, eyni zamanda “FİAT DOBLO” minik markalı 99PT314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü barədə sonuncuya məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə yalnız o halda məsuliyyət daşıya bilərdi ki, səlahiyyətli orqanın sorğusunda məlumat istənilən şəxs qanunda nəzərdə tutulmuş inzibati xətanı həqiqətən törətmiş olsaydı və MMC bu barədə məlumatı təqdim etməkdən imtina etsəydi və ya təqdim etməsəydi. Lakin hazırki işin hallarından görünür ki, inzibati xəta – yəni icbari sığorta müqaviləsinin bağlanmaması (469.3-cü maddə) birbaşa MMC-nin özü tərəfindən törədilib, çünki nəqliyyat vasitəsi onun balansındadır və sığorta öhdəliyi də hüquqi şəxsə aiddir. Sürücü sadəcə avtomobili idarə edən şəxs olduğundan bu xətanın subyekti hesab edilə bilməz. Belə olan halda MMC-nin sürücü barədə məlumat vermək öhdəliyi yaranmır və nəticə etibarilə 347-ci maddə ilə MMC barəsində protokolun tərtibi hüquqi baxımdan əsassız sayılır. Bununla belə, qeyd etmək vacibdir ki, EQ26437375 nömrəli inzibati xəta haqqında protokolla müəyyən edilmiş cərimə MMC tərəfindən artıq ödənilmiş və səlahiyyətli orqanın sorğusuna cavab olaraq sürücü barədə məlumat da təqdim edilmişdir. Bu hal da onu təsdiqləyir ki, MMC öz əməkdaşlıq borcunu yerinə yetirmiş, inzibati orqanın tələbini cavabsız qoymamışdır. Belə olan halda, 347-ci maddənin tətbiqi üçün nə hüquqi əsas, nə də faktiki zərurət mövcud olmamışdır, çünki həm əsas inzibati xəta MMC tərəfindən törədilmiş, həm də məlumat təqdim etmə öhdəliyi faktiki olaraq yerinə yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar