Məhkəmə qərarları › İş №3(001)-3173/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3173/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3173/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi ilə xx.xx.1984-cü il tarixdə Bakışəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində yerləşən «Mini Sədərək» magazasının qarşısında zərərçəkmiş şəxs X1 məxsus «Ford Tranzit» markalı, **-HJ-*** dövlət nömrəli avtomobildən «Redmi NOTE 8T» mobil telefonu oğurlamaqla talamışdır. Bu əməli ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə, protokol tərtib edən orqanın nümayəndəsinə, müdafiəçiyə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmişdirlər. Belə ki, şəxsin təqsirli bilindiyi İXM-in 227-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinə əsasən hazırkı inzibati xətalar haqqında işə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Beləliklə, hazırkı işə dərhal baxılmalı olduğundan və tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxmaq mümkün deyildir. Bundan başqa, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol natamamdır.Beləliklə, protokolda barəsində icraat aparılan şəxslə bağlı olan məlumatlar tam göstərilməmiş, hadisənin nə zaman (vaxt və saat) və harada baş verməsi, habelə zərərçəkmiş şəxslə bağlı olan məlumatlar və dəymiş ziyanın məbləği dəqiq qeyd olunmamışdır. Məhkəmə iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola tərəflərin iştirakı olmadan baxmaq mümkün olmadığına və sənədlər natamam olduğuna görə həmin protokol inzibati orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı Rövşən Məmmədov tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, tərəflərin izahatları alınmamış və hər hansı araşdırılmamış, yalnız vurulmuş ziyanın məbləği – talanmış əşyaların dəyəri barədə hər hansı arayış və qəbz olmadan, 500 manatdan az olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, protokola talanmış əşyaların dəyərinin (dəymiş zərərin) müəyyən edilməsinə dair ekspert (mütəxəssis) rəyi (talanmış əşyaların ekspertə təqdim olunması mümkün olmadıqda eyni növ əşyanın hazırki bazar dəyəri barədə mütəxəssis arayışı) əlavə edilməmişdir. Həmin sübutlar təqdim edilmədən, yəni dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyildir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARAALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş inzibati orqana geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar