Məhkəmə qərarları › İş №3(001)-3175/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3175/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3175/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs şəxsi istehlak miqdarında narkotik vasitə və psixotrop maddadən istifadə etdiyinə görə onun barəsində Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X1 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində polis əməkdaşları inzibati ərazidə xidmətdə olarkən Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışdılar. Həmin şəxsə özlərini təqdim edərək sənədlərini təqdim etməsini bildirdikdə, sonuncu təqdim etmədiyi üçün saxlanılaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin xx.xx.1994-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Ona görə də, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2 il bundan qabaq narkotik vasitədən istifadə etmişdir. O, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılıb, 5-ci PB-nə dəvət edilmişdir. Müayinə zamanı onda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Belə ki, o, narkomaniyadan könüllü müalicə alır. O, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Qeyd olunanları və himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 08 oktyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2022-ci il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 5904 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 206cı maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. 31.4-1 maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olunması və yuxarıda sadalanan normaların tələbləri nəzərə alınmaqla ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə İXM-in 37.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, X2 narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar