Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3176/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2, Müdafiəçi “Ekol” vəkil bürosunun vəkili X1 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də işləyir. Fəaliyyət göstərdiyi mağaza qanunvericiliyə uyğun olaraq notarial qaydada bağlanmış icarə müqaviləsi əsasında “Azadlıq” metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış sahəsində yerləşir. Mağazanın ətrafında qanunsuz küçə ticarəti ilə məşğul olan saysız polkalar mövcuddur. Hər kəsə də həmin yerlərdə sanitariya vəziyyətinin hansı halda olması məlumdur. Lakin bu qədər qanunsuz hərəkətlərə sahə rəisinin necə göz yumması ona hələ də aydın deyildir. Bu qədər qanunsuzluqlara göz yuman sahə rəisi heç bir əsas və səbəb olmadan bayram qabağı, sonuncu iş günü (xx.xx.2024-cü il tarixdə saat 12:43) ona zəng vuraraq bölməyə gəlməli olduğunu bildirmişdir. Mağazanın qarşısına çıxdıqda isə mülki geyimdə olan sahə rəisi və başqa bir polis əməkdaşı onu Binəqədi RPİ-in 5-ci Polis Bölməsinə mülki maşında aparmışlar. Qanunvericiliyin tələblərini heçə sayan polis əməkdaşları heç bir əsas və səbəb olmadan, tutulma barədə protokol tərtib etmədən onun azadlığını 6 saat 37 dəqiqə məhdudlaşdırmışlar. Daha ona izahat yazmalı olduğunu, məzmunu isə mağazanın arxasında olan kardon qutuların niyə orda olması barədə olmuşdur. İzahat yazdıqdan sonra saat 19:20-də onu polis bölməsindən azad etmişlər. Lakin ona nə polis bölməsinə aparmamışdan əvvəl, nə polis bölməsində olduqda, nə də daha sonra barəsində hər hansı protokol tərtib etdikləri barədə heç bir məlumat verməmişlər. xx.xx.2024-cü il tarixdə mygov.az sisteminə təsadüfi baxış zamanı məlum olmuşdur ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 3000 manat məbləğində vəzifəli şəxs kimi cərimə yazılmışdır. Hesab edirəm ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İnzibati orqan tərəfindən onun vəzifəli şəxs olub-olmağı məsələsi müəyyən olunmamışdır. Belə ki, o hüquqi şəxs olan "xxxx" MMC-in işçisidir və şirkət üzrə vəzifəli şəxs isə qanuni təmsilçi - idarə heyətinin sədri hesab olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən o vəzifəli şəxs deyildir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı , dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərriifat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir, protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati .xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bu Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Beləliklə, inzibati orqan tərəfindən qanunun həmin tələblərinə riayət edilməmişdir. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Ekol” vəkil bürosunun vəkili X3 şkayətin məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-yə təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolda Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə qeyd yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir, Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə görə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə görə işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməlidir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qanunun bu tələbi pozulmuş, işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. Bundan başqa, X4 tərəfindən 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə pozuntu törədilməsi də kifayətedici aydınlıqla sübut edilmir. Səlahiyyətli orqan tərəfindən məhkəmədə inzibati xəta hadisəsinin birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaradır. Qərarı qəbul etmiş orqan isə yaranmış şübhələrin aradan qaldırılması və inzibati xəta hadisəsinin mövcudluğuna dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qayda pozuntusunun birmənalı şəkildə sübuta yetirilməməsinə görə onun tam əsaslılığına dair yaranmış şübhələr qanuna əsasən X2 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in xx.xx.2024-cü il tarixli EXP seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3176/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3176/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver