Məhkəmə qərarları › İş №3(001)-3178/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3178/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3178/2022 11.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shahram Mehdizadehsarajın iştirakları ilə, xx.xx.1965-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil rayonunda doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də mühəndis işləyən, Bakı şəhəri, Binəqədi rayonu, M.Mikayılov küçəsində yerləşən fərdi yaşayış evində (ö/t) qeydiyyatda olmaqla yaşayan Shahram Mehdizadehsaraj barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Shahram Mehdizadehsaraj barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X12 izahat verərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən cavabdeh X1 xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat miqdarında aliment tutularaq, iddiaçı X5 verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədi üzrə Shahram Mehdizadehsaraj borcunu tam icra etmədiyindən xx.xx.2022-ci il tarixə kimi 3250 (üç min iki yüz əlli) manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Shahram Mehdizadehsaraj borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Shahram Mehdizadehsarajın inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shahram Mehdizadehsaraj izahat verərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən ondan xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. O, hər ay aliment borcunun bir hissəsini ödəmiş, hazıradək ümumilikdə 2912 manat aliment ödəmiş, 3207 manat borc qalmışdır. O, aylıq 800 manat maaş aldığı üçün həmin borcu bir dəfəyə ödəmək imkanı olmamış və aylıq 510 manatla yanaşı 90 manat artıq ödəniş edirik borcu azalsın. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra sənədində əsasən X1 xx.xx.2012-ci il tarixdə anadan olmuş X2, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat miqdarında aliment tutularaq, iddiaçı X5 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Shahram Mehdizadehsaraj barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Shahram Mehdizadehsaraj icra sənədi üzrə olan borcunu icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Shahram Mehdizadehsaraj barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-220/2022 nömrəli icra vərəqəsi üzrə Shahram Mehdizadehsarajın icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Shahram Mehdizadehsaraj məhkəmədə verdiyi izahatında yaranmış borcunu ödəməkdən boyun qaçırmadığını, sadəcə aldığı əmək haqqının aliment borcunu tam ödəməyə çatmadığını, bu səbəbdən aliment borcunun yığıldığını, yığılmış borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən müəyyən icra hərəkətləri aparılmış, lakin aparılmış həmin icra hərəkətləri natamam aparılaraq toplanmış sübutlara düzgün qiymət verilmədən Shahram Mehdizadehsarajın inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq protokol tərtib edilmişdir. Belə ki, Shahram Mehdizadehsaraj barəsində toplanmış iş materiallarında icra məmuru tərəfindən borclunun gəlirinin olub-olmaması məsələsinin müəyyən edilməsi vacibliyini araşdırmalı olsa da, icra məmuru bununla bağlı zəruri məcburi icra tədbirlərini həyata keçirməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun maddi gəlirinə, manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. İcra məmuru isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də, məhkəmə Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Shahram Mehdizadehsarajın əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar