Məhkəmə qərarları › İş №3(001)-3180/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3180/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3180/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi Rayon Prokurorluğunun etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 və Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi Rayon Prokurorluğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, hüququ şəxs olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xx.xx.2021-ci il tarixdən 2022-ci ilin iyul ayına qədər olan müddət ərzində əmək müqaviləsi (kontraktı) bağlanmadan, hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs icarəyə götürdükləri ünvan 1 ünvanında yerləşən “Rich aptek”-də əczaçı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələri məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı vəsatətdə bildirdilər ki, zərərçəkmiş Zərərçəkmiş şəxs "Zeytun Pharmaceuticals” MMC-nin VÖEN-i altında lisenziya əsasında əlahiddə təsərrüfat subyekti kimi Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Binəqədi 85 (“Rich”) Aptekində qeyri-rəsmi əmək fəaliyyətində olması barədə heç bir məlumatı olmamışdır. Yalnız bundan sonra cəmiyyət tərəfindən həyata keçirilən daxili araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki. "Rich” Aptekin maddi məsul şəxsi hesab edilən Şəxs MMC-də hazırda aptek müdiri vəzifəsində çalışan X5 zərərçəkmiş Zərərçəkmiş şəxs "Rich" Aptekdə əczaçı kimi əmək fəaliyyətinə cəlb olunan zaman işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Şəxs MMC-yə heç bir məlumat təqdim etməmişdir. Halbuki, məsul şəxs X3 maddi məsuliyyət haqqında müqavilə üzrə öhdəliklərindən biri də aptek müəssisəsinə işə qəbul ediləcək yeni işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsidir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə X5 "Zeytun Pharmaceuticals” MMC-yə dəvət olunaraq ondan müvafiq izahat alınmışdır. Onun tərəfindən verilən izahatından müəyyən olunmuşdur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs X3 maddi məsul olduğu "Rich" Aptekdə Şəxs MMC-yə rəsmi məlumat verilmədən və əmək müqaviləsi olmadan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çalışmışdır. Bununla da aptek üzrə X5 öz öhdəliklərini pozaraq inzibati qanunvericiliyin tələblərini pozduğundan hazırki iş üzrə barəsində inzibati tənbeh tətbiq edilməli olan subyekt qismində fiziki şəxs kimi X5 çıxış etməlidir. Odur ki, Binəqədi rayon Prokurorluğunun AR İXM-nin 192.1-ci maddəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarının tövsif hissəsini əsassız və qeyriobyektiv hesab edirlər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri pozulduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, 11 saylı uşaq poliklinikasında uşaq həkimi kimi işləyir. Maddi vəziyyəti aşağı olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əczaçı kimi “Rich” aptekdə işləmişdir. Həmin aptekə o, tanışı Könülün xahişi ilə Fuad adlı bir nəfərin köməyi ilə işə düzəlmişdir. Həmin apteki Cabir adlı şəxsin icarə müqaviləsi bağlamaqla işlətdiyini işəgötürən kimi onu qəbul etdiyini qeyd etmişdir. Həmin vaxt aptekdə heç kimin ona müqavilə bağlanması lazım olduğunu demədiyini bildirmişdir.Fuad adlı tanışının da müqaviləsiz həmin aptekdə çalışdığını bildirmişdir. Onun aptek müdiriyyətindən heç bir şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs inzibati xəta materiallarında qeyd olunan inzibati xətanı törətdiyindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu, inzibati iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edildiyi sonuncu müddət xx.xx.2022-ci il tarix olmuşdur. Bununla da inzibati xəta uzanan inzibati xəta olmaqla xx.xx.2022-ci il tarixədək davam etmişdir və həmin tarixdə bitmişdir. İş materiallarından da göründüyü kimi iş üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb etmə müddəti olan 03 aylıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXMnin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Uzanan hüquqpozuntuları” başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). Hazırki iş araşdırılarkən müəyyən edilmişdir ki, işçi ilə işəgötürən arasındakı qeyri-rəsmi əmək münasibətləri xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunverciliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Lakin məhkəmə araşdırması zamanı hüquqi şəxsin sözü gedən inzibati xəta pozuntusu üzrə təqsiri müəyyən edilməmişdir. Belə olduğu təqdirdə hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanı törədən şəxs, yəni İnzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. Belə ki, İXM-nin 16.1-ci maddəsinə əsasən, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİM: Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində Binəqədi Rayon Prokurorluğu tərəfindən başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar