Məhkəmə qərarları › İş №3(001)-3183/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3183/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3183/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərarının ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bililib 20 manat cərimə edilmişdir. Həmin qərardan məlumatı olmamışdır. 2024-cü ilin mart ayında sürücülük vəsiqəsini dəyişərkən ona bu barədə məlumat verilmişdir. Bundan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. Məlum olmuşdur ki, onun barəsində 24 sayda bu xarakterli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Onlardan 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərarların icrasına xitam verilmiş, 18 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Bundan sonra həmin 18 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İnzibati xəta törətməsini qəbul edir, lakin bu həmin dövrdə avtomobilləri park etmək üçün yerlərin olmaması ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərardan görünür ki, “Hyundai İX-35 minik” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bililib 20 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci ildə saat 17:20-də həmin avtomobil ilə Bakı, Hüseynbala Əliyev 139 ünvanda dayanma və durma qaydasını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 346.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 09 fevral 2021-ci il tarixli BNA1282169 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar