Məhkəmə qərarları › İş №3(001)-3188/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3188/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3188/2024 23.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə o, 22 may 2024-cü il tarixdə saat 14 radələrində Binəqədi rayonu Hökməli qəsəbəsi R.Rza küçəsində X1 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən 40-cı PB-in polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən 22 may 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 may 2024-cü il tarixdə saat 14 radələrində Binəqədi rayonu Hökməli qəsəbəsi R.Rza küçəsində X1 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən 40-cı PB-in polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, X3 xx.xx.2024-cü ildə saat 14 radələrində Hökməli qəsəbəsi R.Rza küçəsində özünə məxsus torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən qonşuluqda yerləşən fərdi yaşayış evində yaşayan Məmmədhəşim Əliyoldaşov gələrək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirib, tikinti işlərinin aparılmasına icazə verməmişdir. Buna görə onlar arasında mübahisə yaranmış, mübahisəyə qonşuluqda yaşayan Şəxs da çıxaraq birlikdə X1 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişlər. Bu səbəbdən hadisə yerinə polis əməkdaşları gəlmişlər. 40-cı PB-in polis əməkdaşları inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət etsələr də, o, 40-cı PB-in əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Binəqədi rayonu Hökməli qəsəbəsi Dağlıq küçəsi ev 19 ünvanda yaşayır. Evinin yanında dayısı oğlu Məmmədhəşimə məxsus altı sot boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üçün Məmmədhəşimin hüquq müəyyənedici sənədi olmasa da, bütün qəsəbə bilir ki, torpaq sahəsi ona dədə-babasından qalmışdır. X3 22 may 2024-cü il tarixdə saat 14 radələrində sözügedən torpaq sahəsində tikinti işləri aparmaq istəyərkən Məmmədhəşim ora yaxınlaşaraq torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, səs-küyə o, da çıxmışdır. Orada bir-birinin ünvanına xoşagəlməz ifadələr işlətmişlər. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onları 40-cı PB-yə dəvət etmişlər. Heç bir etiraz bildirmədən 40-cı PB-yə getmişdir. Orada da X3 ilə aralarında gərginlik yaşanmışdır. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Heç bir tabesizlik göstərmədiyini nəzərə alıb həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qanun çərçivəsində müdafiə edilməli olmasını anlamışdır, bundan sonra X3 ilə onun arasında belə mübahisə yaranmayacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in 40-cı PB-in sahə rəisi R.Hüseynov və sahə inspektoru A.İmanov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, Şəxs 22 may 2024-cü il tarixdə saat 14 radələrində Binəqədi rayonu Hökməli qəsəbəsi R.Rza küçəsində X1 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, inzibati xəta hadisəsi ilə əlaqədar onu intizama dəvət edən 40-cı PB-in polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. X1 40-cı PB-in rəisinə yazdığı xx.xx.2024-cü il tarixli Ərizəsindən görünür ki, o xx.xx.2024-cü ildə saat 14 radələrində özünə məxsus Binəqədi rayonu Hökməli qəsəbəsi R.Rza küçəsində yerləşən torpaq sahəsində tikinti işləri aparmaq istəyən zaman Şəxs onu nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Odur ki, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki,təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik sübuta yetirilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, o, 40-cı PB-yə aralarında mübahisə olmuş X3 ilə birlikdə dəvət edilmiş və bu mənada bölmədə olarkən onların bir-birilərinə qarşı aqressiv münasibət göstərmələri aralarındakı münasibətlərdən irəli gəlmişdir. Başqa sözlə, onun niyyəti polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmək deyil, ondan şikayətçi olmuş X2 cavab vermək olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, öz əməlinə mənfi münasibətini və yaşını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, yaşını və öz əməlinə mənfi münasibətini nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 100 (yüz) manat məbləğdə cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə tərtib olunmuş protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından həmin hissədə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar