Məhkəmə qərarları › İş №3(001)-3189/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3189/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3189/2021 13.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)-3763/2018 nömrəli icra sənədinə əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş “Mercedes Benz ATEGO 816L” markalı, WDB9702151L216529 şassi nömrəli, yük tipli nəqliyyat vasitəsinin ** XC *** qeydiyyat nömrəsi ilə 02.08.2016-cı il tarixdə Şəxs adına aparılmış qeydiyyatı etibarsız hesab edilmiş, “Mercedes Benz ATEGO 816L” markalı nəqliyyat vasitəsinin dəyəri qismində 32300 (otuz iki min üç yüz) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə dəvət edilərək icra işinin materialları ilə tanış olmuşdur. Lakin Şəxs Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)- 3763/2018 nömrəli icra sənədi tam şəkildə icra edilməmişdir. 08.11.2019-cu il tarixli qərarla Şəxs barəsində olan icra işinin icraatına xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 8(103)-97/2021 nömrəli qərardadı ilə xitam qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Şəxs icra şöbəsinə dəvət edilərək izahatı alınmış, sonuncu sözügedən icra sənədinin tam şəkildə icra edilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Hazırkı vaxtadək isə Şəxs tərəfindən icra sənədi üzrə 32300 (otuz iki min üç yüz) manat məbləğində pulun bir hissəsi ödənilmiş və onun 20000 (iyirmi min) manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)-3763/2018 nömrəli icra sənədi üzrə 32300 (otuz iki min üç yüz) manat məbləğində pulun bir hissəsini ödəmiş və onun 20000 (iyirmi min) manat ödənilməmiş borcu qalmışdır. Qalan həmin borcu ödəməyə hazırda onun imkanı yoxdur. Əgər ona vaxt verilərsə gələcəkdə tam şəkildə ödəyəcəkdir. 08.11.2019-cu il tarixli qərarın qəbul edilməsinə gəldikdə həmin vaxt o, icra sənədi üzrə müəyyən edilmiş borcu tam şəkildə ödəmiş və tələbkarın ondan heç bir tələbinin olmaması ilə bağlı ərizə vermişdir, lakin əllərində ödəniş qəbzi olmadığından həmin məsələ ilə bağlı sözügedən qərar Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş və icra sənədi davam etdirilmişdir. Bütün bunlara baxmayaraq, o barəsində olan icra sənədini icra etməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığından hazırda heç bir ödəniş edə bilmir. Ona müəyyən qədər vaxt verilərsə, ən azından hissə-hissə də olsa borcunu ödəyəcəkdir. Ona görə də, məhkəmədən ona vaxt verilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil2 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)-3763/2018 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borc Şəxs tərəfindən tamamilə ödənilmiş və tələbkardan bu barədə ərizə alınmışdır. Məsələ ilə bağlı icra şöbəsi tərəfindən icra sənədinin icraatına xitam verilməsinə dair 08.11.2019-cu il tarixli qərar qəbul edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 8(103)-97/2021 nömrəli qərardadı ilə icra sənədinin icraatına xitam verilməsinə dair şöbənin qərarı ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsi qərar alınmışdır. Buna səbəb isə borcun tələbkara ödənilməsini göstərən sənədlərin olmamasıdır. Bununla belə onlar icra sənədinin icrasından boyun qaçırmırlar. Bir dəfə tam şəkildə ödəniş etsələr də, gələcəkdə yaranacaq məsuliyyət onlara məlumdur və ona görə də, müəyyən qədər vaxt verilərsə icra sənədi üzrə qalan borcu tam şəkildə ödəyəcəklər. Qeyd olunanların nəzərə alınaraq onlara müəyyən qədər verilməsini və hazırda baxılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etməkdən boyun qaçırmadığını, lakin hazırda imkanı olmadığından icra sənədi üzrə olan borcunu ödəyə bilmədiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)-3763/2018 nömrəli icra sənədindən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş “Mercedes Benz ATEGO 816L” markalı, WDB9702151L216529 şassi nömrəli, yük tipli nəqliyyat vasitəsinin ** XC *** qeydiyyat nömrəsi ilə 02.08.2016-cı il tarixdə Şəxs adına aparılmış qeydiyyatı etibarsız hesab edilmiş, “Mercedes Benz ATEGO 816L” markalı nəqliyyat vasitəsinin dəyəri qismində 32300 (otuz iki min üç yüz) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. 29.08.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.02.2021-ci il tarixli, 8(103)-97/2021 nömrəli qərardadından görünür ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3763/2018 nömrəli iş üzrə verdiyi 21.05.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 08.11.2019-cu il tarixli qərar ləğv edilmiş və həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. 13.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkar X1 Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)-3763/2018 nömrəli icra sənədi üzrə qalıq 20000 manat borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(103)- 3763/2018 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcun bir hissəsini ödəsə də, sonuncu maddi imkanının olmaması əsası ilə 2021-ci ilin əvvəllərindən hazırkı vaxtadək ödənilməmiş qalan borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və ona vaxt verilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar