Məhkəmə qərarları › İş №3(001)-3205/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3205/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3205/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 1200000.00 Rusiya rublu məbləğində vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 1001780.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Şəxs barəsində tərtib edilmiş protokol əsasızdır. Belə ki, İnzibati protokol tərtib edilməzdən əvvəl İXM-in 60-cı maddəsinin tələblərinə əməl edilməyərək onlara heç bir məlumat verilməməsi və real vəziyyətin araşdırılmaması nəticəsində mövcud vəziyyətə qiymət verilməmiş və protokolda göstərilən məbləğin Azərbaycan Respublikasına daxil olması və hesablaşma hesabına qəbul edilməsi faktı nəzərə alınmamışdır. Belə ki, həqiqətən də Rusiya Federasiyasının Komi Respublikasındaki “ТД Лес-Г1люс" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 08-09/20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə tərəflərindən 8345 nömrəli ödəmə tapşırığına müvafiq olaraq meşə materialları almaq məqsədilə həmin MMC-nin hesablaşma hesabına 1200000.00 rubl məbləğində vəsait köçürülmüşdür. Sonradan 3 halda mal göndərildikdən sonra satıcı tərəfindən materialların göndərilməsində fasilə yarandığından və bununla bağlı 1001780.00 məbləğində borc yarandığından tərəflərindən xx.xx.2021-ci il tarixli, 67 nömrəli və xx.xx.2022-ci il tarixli 71 nömrəli məktublarla, eləcə də şifahi olaraq dəfələrlə satıcı xəbərdar edilmiş və borcunu ödəməyəcəyi təqdirdə barəsində hüquqi vasitələrdən istifadə edilməklə tədbirlər görüləcəyi bildirilmişdir. Satıcı həmin məktublara şifahi olaraq və yazılı məktublarla cavab verərək borcunu etiraf etdiyini, maliyyə çətinliyi ilə bağlı yaranmış vəziyyəti tezliklə aradan qaldıracağını bildirmişdir. Satıcı bundan əvvəl köçürülmüş pullara görə malları tədarük etmişdir. Qarşılıqlı üzləşmə aktı ilə də satıcı borcunu etiraf etmişdir. Satıcı xx.xx.2022-ci il tarixli 187 nömrəli ödəmə tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə onlara olan 1001780.00 rubl məbləğində borcunu hesablaşma hesablarına qaytarmışdır ki, bu da bank "xxxx" ilə təsdiq olunur. Bank VTB ASC-nin xx.xx.2022-ci il tarixli 3754 nömrəli arayışı ilə də təsdiq olunur ki, xx.xx.2020-ci il tarixli , 02-09/20 saylı müqavilə üzrə onların hesablarına xx.xx.2022-ci il tarixdə qaytarılmış 1001780.00 rubl məbləğində vəsait ilə xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş 1 200 000.00 rubl məbləğində avans ödənişi Bank tərəfindən tam bağlanmışdır. Beləliklə, hələ 06 oktyabr 2022-ci il tarixdə yuxarıda göstərilən inzibati protokol tərtib ediləndə həmin protokolda göstərilən 1001780.00 rubl artıq ödənilmiş olmuşdur və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər. Ona görə də, qeyd olunanlara əsasən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 21.0.2020-ci il tarixli “Köçürmə ərizəsi”ndən görünür ki, Şəxs tərəfindən "xxxx" ASCdə olan hesabdan 1200000.00 (bir milyon iki yüz min) Rusiya rublu məbləğində pul vəsaiti “TD Les-plyus” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 1200000.00 (bir milyon iki yüz min) Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin cəmiyyət tərəfindən iki il müddət tamam olmasına baxmayaraq 1001780.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğlər geri qaytarılmamışdır. xx.xx.2020-ci il tarixli, 02-09/20 nömrəli müqavilədən görünür ki, Şəxs ilə “TD Lesplyus” şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs ilə “TD Les-plyus” şirkətinin hesabına köçürdüyü ******* pulun müqabilində qısa müddət ərzində malların göndərilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “TD Les-plyus” şirkəti tərəfindən Şəxsndən alınmış ******* Rusiya rublu müqabilində göndərilməli olan malların yollanmasında çətinliklər ortaya çıxdığı, tezliklə malların yollanacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən “TD Les-plyus” şirkətinin hesabına köçürülmüş ******* Rusiya rublu müqabilində malların göndərilməsi, əks halda köçürülmüş məbləğin geri qaytarılması xahiş edilmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “TD Les-plyus” şirkəti TRANSLİNE” Məhdud Məsuliyyətli Cəmiyyətinə ******* Rusiya rublu müqabilində göndərməli olduğu malları göndərə bilmədiyi, bununla bağlı alınmış məbləğin geri qaytarılacağı bildirmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli,02-09/20 saylı müqavilə üzrə Şəxs MMC-yə məxsus sari hesaba xx.xx.2022-ci il tarixdə qaytarılmış 1001780.00 RUB vəsait ilə xx.xx.2020-ci il tarxində həyata keçirilmiş ******* Rusiya rublu məbləğində avans ödənişi bank tərəfindən tam bağlanmışdır. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə "xxxx" MMC-nin təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş məktublardan göründüyü kimi Şəxs tərəfindən “TD Les-plyus” şirkətinin hesabına köçürülmüş ******* Rusiya rublu müqabilində malların vaxtında göndərilməməsi “TD Les-plyus” şirkətində yaranmış çətinliklərə görə baş vermiş, həmin şirkət öhdəliyini icra edə bilmədiyi üçün aldığı məbləğdən 1001780.00 Rusiya rublunu xx.xx.2022-ci il tarixdə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar