Məhkəmə qərarları › İş №3(001)-3214/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3214/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3214/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı qərara əsasən Bakı Baş Səhiyyə Mərkəzi X12 10 nömrəli şəhər Poliliknikasının baş həkiminin müavini X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən cərimə məbləği adı çəkilən qurum tərəfindən 04 aprel 2025-ci il tarixində ******* saylı protokol əsasında tərtib edilmiş qərara görə qəbul olunmuşdur. Barəsində şikayət edilən qərar 21 aprel 2025-ci il tarixində rəsmi qaydada onlara təqdim olunduğu üçün həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət tərəfindən buraxılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələblərinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Bildirir ki, qeyd edilən qərar AR Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən qəbul edilərkən AR Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 saylı Fərmanının 3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Belə ki, qeyd edilən fərmanın 3-cü bəndinin tələblərinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: • ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübikonstruktor işləri; • ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; • həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; • radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. X4 baş həkimin müavini olduğu 10 saylı şəhər poliklinikası Bakı Baş Səhiyyə Mərkəzi X12 balansındadır. Yəni poliklinika müstəqil bir hüquqi şəxs deyildir. Poliklinikanın müstəqil balansı və inventarı olmadığı üçün hər hansı bir maddi sərvət və ya avadanlıq üzərində sərəncam vermək hüququ poliklinikaya aid deyil, onun bilavasitə balansında olduğu Bakı Baş Səhiyyə X13 Şəxsindədir. AR FHN-nin müvafiq qurumu tərəfindən qəbul edilmiş qərarda istinad edilən AR Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 saylı Fərmanının tələblərinə əsasən də ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istifadəsi ilə əlaqədar müvafiq icra hakimiyyəti rolunda çıxış edən AR Fövqəladə Hallar Nazirliyindən xüsusi icazənin alınması səlahiyyəti və vəzifəsi birbaşa Bakı Baş Səhiyyə X13 Şəxsinə aid bir məsələdir. Belə ki, poliklinikada radiasiya təhlükəsizliyi üçün istifadə olunan və ionlaşdırıcı şüa mənbəyi sayıılan rentgen aparatı da bilavasitə yuxarıda adı qeyd edilən qurumun inventarıdır və onun balansındadır. Yəni qeyd edilən qurum ionlaşdırıcı şüa mənbəyi sayılan rentgen aparatını özünün balansında olan istənilən poliklinikada quraşdırılmasına dair sərəncam vermək səlahiyyətinə sahib yeganə orqandır. Bundan başqa, 10 saylı şəhər poliklinikası tərəfindən 2023-cü il tarixində poliklinikada istifadə edilən rentgen aparatına dair - ionlaşdırıcı şüa mənbəyi olması səbəbindən AR Fövqəladə Hallar Nazirliyindən xüsusi icazənin alınması məqsədi ilə Bakı Baş Səhiyyə X13 Şəxsinə müraciət olunmuşdur. X8 işdə olan materiallardan da göründüyü kimi Bakı Baş Səhiyyə Mərkəzi X12 10 nömrəli şəhər poliklinikasında baş həkimin müavinidir və onunla imzalanmış əmək müqaviləsinin şərtlərinə əsasən ona aylıq 1.128 (bir min yüz iyirmi səkkiz) manat əmək haqqı ödənilməkdədir. Hesab edir ki, AR FHN Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən X4 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələbləri əsasında qərar qəbul edilərkən qeyd edilən Məcəllənin tələbləri pozulmuşdur. Belə ki, X10ma vəzifəli şəxs kimi yanaşan AR Fövqəladə Hallar Nazirliyinin qeyd edilən qurumu AR İnzibati Xətalar Məcəlləsinin vəzifəli şəxs barəsində qeyd etdiklərini düzgün tövsif etməmiş və yekunda düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin tələblərinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “QEYD” hissəsində vəzifəli şəxs anlayışının nədən ibarət olduğu qeyd edilmişdir. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlərdən və AR İnzibati Xətalar Məcəlləsinin vəzifəli şəxsə dair müvafiq qeydinə nəzər salındığında da görülməkdədir ki, X8 qeyd edilən qərar üzrə vəzifəli şəxs kimi tövsif edilərək barəsində inzibati qərar qəbul edilə bilməzdi. Belə olan halda ortaya haqlı olaraq bir sual çıxmaqdadır: AR FHN Nüvə və X3 üzrə Dövlət Agentliyi tərəfindən X4 barəsində tərtib edilmiş qərara əsasən hesablanmış olan cərimə məbləği baş həkimin müavini olaraq aldığı 1.128 (bir min yüz iyirmi səkkiz) manatdan mı tutulacaqdır? Axı qeyd edilən şəxs əmək haqqından başqa hər hansı bir gəlirə malik deyildir və aldığı əmək haqqı onun vəzifəli şəxs olmasından irəli gəlmir, əksinə qeyd edilən poliklinika üzrə əhaliyə tibbi xidmət göstərilməsindən irəli gəlir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən yoxlama həyata keçirilən zaman faktiki olaraq baş həkim səlahiyyətlərini həyata keçirən şəxs o olsa da, bu müvəqqəti xarakter daşımışdır və o, baş həkim səlahiyyətlərini həyata keçirdiyi dövr ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmaq iqtidarında deyildi. Bundan başqa, nəinki o, həmçinin 10 nömrəli Şəhər Poliklinikasının baş həkiminin də vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün də əsas yoxdur. Çünki rəhbərlik tərəfindən poliklinikanın onun tabeçiliyində olduğu Bakı Baş Səhiyyə Mərkəzinə rentgen otaqlarının layihələndirilməsi ilə bağlı müvafiq qurumdan xüsusi icazənin alınması üçün müraciət olunmuş və bundan sonrakı addımların həyata keçirilməsi Bakı Baş Səhiyyə Mərkəzinin səlahiyyətində olmuşdur. Odur ki, aşkar olunmuş inzibati xəta hadisənin subyekti o və ya 10 nömrəli Şəhər Poliklinikasının vəzifəli şəxsi yox, Bakı Baş Səhiyyə Mərkəzidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, təmsil etdiyi orqan tərəfindən mütəmadi olaraq “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanuna və “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 42 nömrəli qərarına əsasən müvafiq müəssisələrdə planlı və plandan kənar yoxlamalar həyata keçirilir. 2023-cü il tarixdə “Bakı Baş Səhiyyə Mərkəzi” X12 10 nömrəli Şəhər Poliklinikasında həyata keçirilən planlı yoxlama zamanı ionlaşdırıcı şüa mənbəsi hesab edilən rentgen aparatının istismarına dair xüsusi icazənin alınmadığı müəyyən olunmuş, güzəşt olunaraq sözügedən pozuntunun aradan qaldırılması üçün möhlət verilmişdir. Lakin 2025-ci ildə yenidən həyata keçirilən planlı yoxlama həmin pozuntunun aradan qaldırılmadığı aşkar olunmuşdur. Yoxlama zamanı müəssisənin de-fakto rəhbəri X8 olduğundan inzibati xəta haqqında protokol poliklinikanın vəzifəli şəxsi kimi onun barəsində tərtib olunmuşdur. Daha sonra X8 barəsində İXM-nin 268.0.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, o vəzifəli şəxs qismində inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimlənmişdir. Qəbul edilmiş qərarın əsaslı olduğunu nəzərə alaraq, şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması Bakı Baş Səhiyyə Mərkəzinin səlahiyyətində olan məsələdir və 2023-cü ildə aşkar olunan həmin pozuntunun aradan qaldırılması üçün möhlət məhz Bakı Baş Səhiyyə Mərkəzinə verilmişdir. Lakin bəzi müəssisələr öz büdcələri hesabına aşkar edilmiş natamamlıqları və pozuntuları aradan qaldırırlar. Bundan başqa, 2023-cü ildə 10 nömrəli Poliklinkada həyata keçirilən yoxlama zamanı müəssisə rəhbəri Rüstəm Rzayev olmuşdur. 2025-ci ildə həyata keçirilən yoxlama zamanı isə üzrə faktiki rəhbər səlahiyyətlərini həyata keçirən Aygün Əliyeva olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 nömrəli Şəhər Poliklinikasında xx.xx.2025-ci il tarixdə RT yoxlama zamanı müəyyən olunmuşdur ki, İŞM ilə iş zamanl radiasiya təhlükəsizliyi təmin edilmir.(xüsusi icazə yoxdur) Bununla da Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli fərmanının 3-cü bəndinin tələbi pozulmuşdur. Nəticədə vəzifəli X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs X8 Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada 2500 (iki min beş yüz) manat məbləğində cərimə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, 10 nömrəli Şəhər Poliklinikasında həyata keçirilən yoxlama zamanı 144, 147, 160, 173, 188 və 294 nömrəli yoxlama sualları üzrə pozuntular aşkar olunmuşdur. xx.xx.2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 10 nömrəli Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsinə işə qəbul edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 282/2025 saylı əmrindən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək baş həkim vəzifəsinin müvəqqəti icrası baş həkimin müavini X5 həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli 10 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinə edilmiş müraciətdən görünür ki, JBA GROUP şirkəti tərəfindən “DİGİTAL X-Ray İMAGİNG SYSTEM” rentgen aparatı xx.xx.2023-cü il tarixində poliklinikada quraşdırılmış və istifadəyə verilmişdir. Bu səbəbdən, digər sənədlərdə yanaşı Azərbaycan Respublikası FHN-nin Nüvə və X1 üzrə Dövlət Agentliyinin “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması üçün köməklik göstərilməsi Bakı Baş Səhiyyə Mərkəzindən xahiş olunmuşdur. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə əlavə olunmuş sənədləri qarşılıqlı şəkildə araşdırararaq verilmiş şikayətin qismən təmin edilməsi, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana geri qaytarılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, 10 nömrəli Şəhər Poliklinikası “Bakı Baş Səhiyyə Mərkəzi” X12 tabeliyində olan müəssisədir. Poliklinikada xx.xx.2023-cü il tarixdə quraşdırılmış olan “DİGİTAL X-Ray İMAGİNG SYSTEM” rentgen aparatına dair Azərbaycan Respublikası FHN-nin Nüvə və X1 üzrə Dövlət Agentliyinin “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınması üçün 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Baş Səhiyyə Mərkəzinə müraciət ünvanlanmışdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10 nömrəli Şəhər Poliklinikasında 2023-cü ildə həyata keçirilən planlı yoxlama zamanı “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınmamasına dair pozuntunun aradan qaldırılması üçün möhlət məhz Bakı Baş Səhiyyə Mərkəzinə verilmişdir. Bundan başqa, 10 nömrəli Şəhər Poliklinikası xx.xx.2023-cü il tarixdə müvafiq xüsusi icazənin alınması məqsədilə köməklik göstərilməsi üçün Bakı Baş Səhiyyə Mərkəzinə müraciət etmişdir. Lakin Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş pozuntunun aradan qaldırılması təmin olunmamış və nəticədə 10 nömrəli Şəhər Poliklinikasının vəzifəli şəxsi qismində X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası FHN-nin Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş planlı yoxlama zamanı 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi X6 olmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli, 282/2025 saylı əmri ilə, 10 nömrəli Şəhər Poliklinikasının baş həkimi X7 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun təşəkil etdiyi “Ambulatorpoliklinika müəssisələrinin fəaliyyətinin planlaşdırılması və təşkili” üzrə ixtisasartırma kursuna göndərilmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək baş həkim vəzifəsinin müvəqqəti icrası baş həkimin müavini X5 həvalə edilmişdir. Göründüyü kimi, X4 10 nömrəli Şəhər Poliklinikasında baş həkim vəzifəsini icra etməsi müvəqqəti xarakter daşımışdır və o, baş həkim səlahiyyətlərini icra etdiyi müddət ərzində “İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı”na xüsusi icazənin alınmasını təmin etmək iqtidarında olmamışdır. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən, ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən inzibati xəta hadisəsinin olması müəyyən edilsə də, inzibati xətanın subyekti düzgün müəyyən edilməmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan, yuxarıda qeyd edilən xüusatlar araşdırılmadan, X4 vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməli olub-olmaması aydınlaşdırılmadan, inzibati xətaya dair aparılan araşdırmada onun iştirakı təmin edilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 əməlində inzibati xəta olubolmaması, sözügedən inzibati xətanın törədilməsində onun təqsirinin olub-olmaması məsələsi yenidən araşdırılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X3 üçün Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar