Məhkəmə qərarları › İş №3(001)-3216/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3216/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3216/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X6 və X1 (Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili) iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MMC Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi, ev 101, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, xx.xx.2022-ci il tarixində, saat 11:30-da ünvan 1 ünvanında X2 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçışı məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, protokola əsasən “Evimiz İnşaat" MMC tərəfindən ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə, saat 11.30-da X2 əmək və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Bu tam əsassızdır. xx.xx.2022-ci il tarixdə, saat 11.30-da T.Quluzadə ilə MMC arasında əmək münasibəti artıq möcvud olmuşdur. Belə ki, ərizəyə əlavə edilmiş əmək müqaviləsi bildirişinin qeydə alınması və bu barədə işəgötürənə elektron qaydada göndərilən məlumatdan göründüyü kimi tərəflər arasında olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 10.59-da artıq qüvvəyə minmiş və bu barədə MMC-yə elektron qaydada məlumat göndərilmişdir. İş materiallarında olan yoxlama aktına və inzibati xəta haqqında protokola əsasən yoxlama saat 11.30-da aparılmışdır. Belə olan halda müəyyən olunur ki, əmək müqaviləsi yoxlama başlanan saatdan 31 dəqiqə əvvəl qüvvədə olub və T.Quluzadə MMC-nin rəsmi işçisi kimi işləri yerinə yetirmişdir. Beləliklə də "xxxx" MMC-nin inzibati xəta törtməsi barədə təqsirliliyi sübuta yetirilmir və DƏMX-də MMC-nin inzibati xətanın törətməsi ilə bağlı məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir. Deyilənlərin nəzərə alınaraq Şəxs MMC-in barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və vəkili X4 eyni məzmunlu izahat verərək, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ilə 27704 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında qərardan görünür ki, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1349 saylı Fərmanına uyğun olaraq ünvan 1 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxs MMC-də 2022-ci ilin 09-13 sentyabr tarixlərində Agentliyin əmək münasibətlərinin monitorinqi mərkəzi tərəfindən plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221775067 saylı çıxarışın surətindən görünür ki, Şəxs MMC-də yoxlama müddəti xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00260 saylı yoxlama aktından aydın olur ki, yoxlama müddəti xx.xx.2022-ci il tarixdə, saat 11.30 və 13.05-də həyata keçirilmişdir. Tikinti ərazisində 23 şəxs yoxlanılmış, Şəxs MMC tərəfindən 21 şəxslə əmək müqaviləsi bağlanılmış, 1 nəfər şəxsin əmək müqaviləsi və ya mülki (xidməti) müqavilə olmadan işə cəlb edildiyi müəyyən edilmişdir. X2 tərəfindən verilmiş 13 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, fərdi əmək müqaviləsinə əsasən fəhlə peşəsində işə qəbul edilməsi ilə bağlı xahiş etmişdir. Əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, Şəxs MMC-in baş direktoru Ə.Zülfiqarov ilə T.Quluzadə arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 42 saylı əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdə T.Quluzadə ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şəxs MMC-in direktoru Əziz Zülfüqarovun xx.xx.2022-ci il tarixli izahatından görünür ki, T.Quluzadə mühasib tərəfindən yoxlama başlamadan öncə sistemə salınmışdır. Əmək müqaviləsi bildirişinin qeydə alınması və bu barədə işəgötürənə elektron qaydada göndərilən məlumatdan göründüyü kimi tərəflər arasında olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 10.59-da artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-1 əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Sadalanan iş materiallarından göründüyü kimi Şəxs MMC-in baş direktoru Ə.Zülfiqarov ilə T.Quluzadə arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bildirişinin qeydə alınması və bu barədə işəgötürənə elektron qaydada göndərilən məlumatdan göründüyü kimi tərəflər arasında olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 10.59-da artıq qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00260 saylı yoxlama aktından aydın olur ki, yoxlama müddəti xx.xx.2022-ci il tarixdə, saat 11.30-da həyata keçirilmişdir. Yəni xx.xx.2022-ci il tarixdə, saat 11.30-da yoxlama aparılarkən Şəxs MMC ilə T.Quluzadə arasında əmək müqaviləsi bağlanılmış, həmin müqavilə saat 10.59-da artıq qüvvəyə minmişdir. Qeyd edilən qanunvericiliyin normalarında da əks olunduğu kimi əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İXM-in 192.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən və İXM-in 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar