Məhkəmə qərarları › İş №3(001)-3216/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3216/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3216/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Qazaxıstan Respublikasının Kustanay vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-nin 388-1.1.1 və 510-cu maddələrində göstərilən inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 19 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanına gedərək X6 təhqir etmiş, ictimai qaydanı pozmuş, həmçinin sosial şəbəkədə ona və ailəsinə məxsus şəkillər, videolar paylaşaraq qadağan edilmiş informasiya yerləşdirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs A.H.Fərzəliyev izahatında göstərdi ki, X7 22 aprel 2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, Şəxs tərəfindən “Tik-tok” sosial şəbəkəsində ona və ailə üzvlərinə məxsus fotoşəkillərin paylaşılması və təhqir olunması barədə məlumat vermişdir. Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs əvvəllər tanıdığı X5 və onun ailə üzvlərinin fotoşəkillərini sosial şəbəkədə paylaşmaqla təhqir etdikdən sonra 19 aprel 2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Afət Abbasovanın yaşadığı ünvana gələrək mənzilin qapısını ucadan döyməklə, ondan qapını açmasını tələb etmiş, lakin qapının açılmadığını görüb onu nalayiq ifadələrlə söyüb təhqir edərək ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri etmişdir. Verilmiş ərizə Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən araşdırılmış, tərəflərin izahatları alınmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərar əsasında o, hazırki protokolu tərtib etmişdir. Sonda A.H.Fərzəliyev Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Maral adlı qızla tanış olmuş, onunla 7-8 aya yaxın münasibətləri olmuşdur. Sonradan Maralın evli olduğunu öyrənib, münasibəti bitirmək qərarına gəlsə də, Maral ondan ayrılmaq istəmədiyini, əgər ayrılarsa özünü öldürəcəyini dediyindən, o, aralarındakı münasibəti bir müddət də davam etdirmək məcburiyyətində qalmışdır. Sonradan Afət adlı şəxs ona zəng vuraraq onu hədələmiş, niyə evli qadınla münasibət qurduğunu soruşmuş, sonradan isə barəsində polisə şikayətlər verilmişdir. O, Afətin yaşadığı ünvana heç vaxt getməmiş, həmçinin, onlar barəsində sosial şəbəkələrdə hər hansı paylaşım etməmişdir. Sadəcə, Maraldan ayrılmaq istədiyinə görə Afətlə Maralın birgə yalandan ibarət şikayətləri əsasında o, hazırda məhkəməyə gətirilmişdir. Sonda Şəxs məhkəmədən əldalətli qərar qəbul olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş A.H.Fərzəliyev məhkəmə iclasında verilmiş sullara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanına gedərək X6 təhqir etməsi, ictimai qaydanı pozması ilə bağlı hazırda hər hansı sübut təqdim edə bilmir. Belə ki, materiallar onlara təhqiqatdan daxil olduğundan, ola bilsin ki, təhqiqatda qeyd olunan sübutlar mövcud olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Aslan Haqverdiyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 22 aprel 2025-ci il tarixdə DİN-in 102 xidmətinə, 23 aprel 2025-ci il tarixdə isə Binəqədi RPİ-nin 7-ci PB-yə ərizə ilə müraciət edərək, əvvəllər tanıdığı Şəxs sosial şəbəkələrdə ona və ailə üzvlərinə məxsus fotoşəkilləri paylaşmaqla, onları təhqir etdiyini bildirmişdir. Təhqiqat zamanı verdiyi izahatında Afət Abbasova həmçinin göstərmişdir ki, 19 aprel 2025-ci il tarixdə Rişad onun yaşadığı ünvana gələrək mənzilin qapısını ucadan döyüb qapını açmasını tələb etmiş, onlar qapını açmadıqları üçün həyətdə saxladıqları, bacısına məxsus “Hyundai Elantra” markalı avtomobili cızaraq maddi ziyan vurub oradan getdiyini göstərmişdir. Təhqiqat zamanı izahatı alınmış X4 da Afət Abbasovanın izahatına uyğun izahat vermiş, Rəşad Abdullayev isə izahatında sosial şəbəkələrdə deyilən paylaşımlar etmədiyini, Afət Abbasovanın yaşadığı evə getmədiyini bildirmişdir. - Polis Bölməsində verdiyi izahatında X2 Abdullayevin 29 mart tarixində onun yaşadığı evin qapısının zəngini vurub, qaçıb bacısının avtomobilini cızdığını bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər bu maddə ilə məsuliyyət yaradır. İnzibati xəta haqqında icraat materiallarında Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq əməlləri onun 19 aprel 2025-ci il tarixdə Afət Abbasovanın yaşadığı ünvana gedərək, qapını bərk döyməsi, qapını açan olmadığından blokda səs-küy salması ilə əhatə olunsa da, Şəxs Afət Abbasovanın yaşadığı ünvana getməsi, habelə orada ictimai qaydanı pozan hərəkətlərə yol verməsinə dair hər hansı sübut mövcud deyildir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Afət Abbasovanın izahatında Rəşadın 19 aprel 2025-ci il tarixdə onun yaşadığı ünvana gələrək qapını ucadan döyməsi, açmağı tələb etməsi göstərilsə də, Afət Abbasova 23 aprel 2025-ci il tarixli izahatında Rəşadın 29 mart tarixində onun yaşadığı evin qapısının zəngini vurub qaçdığını, sonra həyətdə bacısına məxsus avtomobili cızdığını göstərmişdir. Digər tərəfdən, A.Abbasova 23 aprel 2025-ci il tarixdə polisə ilkin ərizəsində bu barədə ümumiyyətlə məlumat verməmişdir. Şəxs təqsirləndirildiyi İXM-nin 388-1.1.1-ci maddəsinə münasibətdə isə məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol həmin hissədə onu tərtib etmiş inzibati orqana geri qaytarılmalıdır. İş materiallarından görünür ki, Şəxs daimi yaşayış yeri Bakı şəhəri, Yasamal rayonudur. Belə olan halda inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın niyə İXMnin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın şəxsin yaşadığı ərazidə deyil, məhz Binəqədi rayonu ərazisində törədilməsini güman etməsi və bu barədə protokol tərtib etməsi anlaşılan deyildir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci və 510-cu maddələri ilə tərtib edilmiş 05 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol üzrə icraata həmin Məcəllənin 510-cu maddəsinə münasibətdə şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə xitam verilsin, 388-1.1.1-ci maddəsinə münasibətdə isə bu Qərarda göstərilən nöqsanların aradan qaldırılması üçün protokol onu tərtib etmiş orqana qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar