Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3224/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40cı PB-nin sahə inspektoru, polis baş leytenantı X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, İİ qrup əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 14.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, X4 21.06.2021-ci il tarixdə ona məxsus olan iki ədəd qoyunun otarmaq üçün çıxardığı ərazidən oğurlanması nəticəsində ona 300 manat məbləğində maddi ziyan vurulması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında toplanmış material üzrə araşdırma aparılmış və 02.07.2021-ci il tarixdə cinayət işinin başlanması üçün əsas olmadığıdan İXM-in 227-ci maddəsi ilə məsuliyyətin müəyyən edilməsi məqsədi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra bölmə tərəfindən 20.08.2021-ci il tarixli qərarla İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Daha sonra isə inzibati xəta haqqında iş üzrə icraat üzrə aparılan araşdırma nəticəsində X2 məxsus qoyunları oğurlayan şəxsin Şəxs olması müəyyən edilmiş və sonuncu 14.09.2021-ci il tarixdə tutularaq bölməyə gətirilib izahatı alınan zaman o, qeyd olunan hadisəni törətdiyini etiraf etmişdir. Həmin tarixdə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 21.06.2021-ci il tarixdə Xocasən qəsəbəsi ərazisində dəmiryolu kənarında iki ədəd qoyunun olduğunu görmüşdür. Həmin qoyunların sahibsiz olduğunu müşahidə etdikdən sonra onları oğurlamağı qərara almış və həmin tarixdə də onları oğurlamışdır. Daha sonra isə onları kəsib yemişdir. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, törətdiyi inzibati xətadan peşmandır, xərçəng xəstəliyindən əziyyət çəkir və həmin xəstəliklə əlaqədar İİ qrup əlilliyi vardır. Göstərilənləri nəzərə alıb, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, həmçinin onun əlilliyinin olmasını nəzərə alaraq sonuncu barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02.07.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 40-cı PB-nin aidiyyəti əməkdaşına verilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı X2 məxsus iki ədəd qoyunun oğurlanması nəticəsində sonuncuya 300 manat məbləğində maddi ziyan dəymişdir. 14.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.06.2021-ci il tarixdə Xocasən qəsəbəsində dəmir yolunun kənarında X2 məxsus iki ədəd qoyunu oğurlamaqla İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14.09.2021-ci il tarixli məhkəmənin portal çıxarışından görünür ki, Şəxs İİ qrup lilliyə görə 130 manat məbləğində sosial müavinət alır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və məhkəmədə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs barəsində hansı növ tənbeh tədbirinin tətbiqi məsələsini müzakirə edərək, işin faktiki hallarını və inzibati xəta törətmiş şəxs şəxsiyyətini, yəni onun xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyinin olmasını nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsə də, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq edilə bilməz. Belə ki, İXM-in 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İXM-in 28.4 və 28.4.1-ci maddələrinə əsasən ictimai işlər birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara tətbiq oluna bilməz. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi, qanunvericilik İİ qrup əlilliyi olan şəxslər barəsində inzibati həbs və ictimai işlər növündə tənbehin təyin edilməsini istisna etmişdir. Ona görə də, məhkəmə Şəxs törətdiyi inzibati xətaya görə daha yüngül inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in34-1, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3224/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3224/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver