Məhkəmə qərarları › İş №3(001)-3236/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3236/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3236/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X1 Sultan oğlunun katibliyi, "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativi barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-01101/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100- 01101/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən yüklər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Ona görə də, "xxxx" Mənzil- Tikinti Kooperativi barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" Mənzil-Tikinti Kooperativi nümayəndəsi Vəkil bildirmişdir ki, qeyd edilən MTK-nın ünvanına göndərilən mallara dair qısa idxal bəyannaməsinin vaxtında verilməməsinin səbəbi malların daxil olma vaxtının Ramazan bayramı ilə bağlı tətillə eyni vaxta düşməsi olmuşdur. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: Gömrük Xidmətinin “VAİS” informasiya resursuna çıxarışdan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 13 aprel 2024-cü il tarixdə “Qırmızı körpü'’ gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirimiş mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. xx.xx.2024-cü il tarixli, **********2891 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən gömrük orqanına 99RV245/99yf245 nömrəli nəqliyyat vasitəsi ilə ünvanına göndərilmiş mallara dair qısa idxal bəyannaməsi verilmədiyindən Gömrük bəyannaməsinin 40-cı qrafasında heç bir məlumat yoxdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100- 01101/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin ünvanına **********2891 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş mallar Azərbaycan Respublikasının ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir Nəticədə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin portal çıxarışından müəyyən edilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin ünvanına gətirilən yüklər gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib edilərək elektron formada verilməməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, "xxxx" Mənzil-Tikinti Kooperativinin İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar