Məhkəmə qərarları › İş №3(001)-3243/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3243/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3243/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, «Toyota Prius» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman barəsində elektron qaydada xx.xx.2022-ci il tarixli, EQ 11253980 saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilərək ona SMS ilə bildirilmişdir.Qərarın surəti ona rəsmi qaydada göndərilməmişdir.xx.xx.2022-ci il tarixdə whatsapp vasitəsilə qərarın şəkli ona təqdim edilmişdir.Qərara görə aşağıdakı səbəblərə görə həmin qərarın əsassız olduğunu və ləğv edilməli olduğunu hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixdə sahibliyində olan «Toyota Prius» markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Biləcəri qəsəbəsi Natavan küçəsi ilə üzü Avtovağzal istiqamətində hərəkət edərkən Daxili qoşunların qarşısındakı işıqfora çatana yaxın hərəkəti davam edib-etməmək üçün işıqfora baxmış, görmüşdür ki, yaşıl işıq söndü, amma qırmızı və ya sarı işıq heç biri yanmadı.Bu anda ondan qarşıda olan ağ rəngli taksi və qara çalarlı Kia markalı avtomobil sürətini dəyişmədən svetofordan keçdi getdi.O isə qırmızı işıq yanmadığı üçün sürətini azaldaraq, hərbi hissədən avtomobil çıxıbçıxmadığına, piyada keçidinin yanında piyadanın olmadığını yoxlamışdır.Əmin olanda ki, heç biri yoxdur və işıqforun işıqlarının işləmədiyini görəndə asta-asta hərəkətini davam etdirərək yoluna davam etmişdir.Elə həmin anda ondan qarşıda başqa avtomobil yox idi, nə də ki əks istiqamətdən başqa avtomobil gəlmirdi ki, onun qarşısındakı işıqforun işıq siqnalına uyğun şəkildə addım atsın. Həmin qeyd edilən hərbi hissənin qarşısı avtomobillər üçün yol ayırıcı deyil. Yolların kəsişməsi və ya birləşməsi yoxdur. 2 istiqamətli, 2 zolaqlı düz yoldur. Həmin işıqfor bir qayda olaraq avtomobillərin yol ayrıcım keçməsini tənzimləmir.Həmin işıqforun əhəmiyyəti işıqfor qarşısındakı piyada keçidini və Daxili qoşunların hərbi hissəsindən çıxan avtomobil və texnikaların yola çıxmasını tənzimləməkdir.Bu isə manual qaydada həyata keçirilir.Yəni ki, keçidə yaxınlaşan piyada, yaxud da hərbi hissənin əməkdaşı işıqforun üzərindəki müvafiq düyməni sıxmaqla qırmızı işığı yandırır.Protokolun tərtib edilməsinin əsasını təşkil edən Asanpay.az elektron kabinetinə əlavə edilmiş video görüntü isə onun qarşısındakı işıqforun deyil, əks istiqamətli hərəkət zolağının qarşısındakı (üzü 6-cı Polis Bölməsi, Biləcəri Meydanı istiqamətində) işıqforun görüntüsüdür. Onun xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsi Natavan küçəsi Daxili qoşunlar hərbi hissəsinin qarşısında yerləşən işıqforun (üzü Avtovağzal istiqamətində) qırmızı işığında keçməyini sübut edəcək heç bir əsas yoxdur.Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayət vermiş X4 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsi, Daxili Qoşunların qarşısında xx.xx.2022-ci il tarixdə, saat 08:34-də X4 tərəfindən sveteforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Çünki, X2 tərəfindən məhkəmə təqdim edilən video görüntülərdən aydın olur ki, sürücü Səbinə Əliyeva avtomobili idarə etdiyi yolda həmin vaxt svetofor işləməmişdir.Bununla da, şikayətçi barəsində aparılan inzibati xəta haqqında iş obyektiv araşdırılmadan və təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verilmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir.Ona görə də, məhkəmə X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 11253980 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar