Məhkəmə qərarları › İş №3(001)-3254/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3254/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3254/2023 11.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1975-ci ildə Ermənistan Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Metalsan” şirkətində sürücü işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-cü Mədən, 93-cü Korpus, nömrəsiz evdə kirayadə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən Şəxs tutularaq X5 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 11 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən Şəxs tutularaq X5 verilməlidir. İcra sənədi 10 avqust 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Şəxs hər ay 350 manat alimenti vaxtı-vaxtında ödəmişdir. 2023-cü ilin may ayında uşaqlardan birinin 18 yaşı tamam olmuşdur. Bundan sonra borclu Şəxs bir uşağa görə müəyyən edilmiş 175 manatdan əlavə hər ay 75 manat da ödəmişdir ki, əvvəlki illərdən qalan aliment borcunu bağlasın. Belə ki, onun 2014-cü ildə verilmiş icra sənədinə görə 2015-2016-cı illərlə bağlı yaranmış aliment borcu olmuşdur ki, hal-hazırda həmin borcun miqdarı 3593 manat təşkil edir. Tələbkar aliment borcunun tam ödənilməsini tələb etdiyindən borclu Şəxs pulun tam ödənilməsi təklif edilmiş, lakin o, maddi imkanı olmadığı bildirərək, borcu birdəfəyə ödəyə bilməyəcəyi göstərmişdir. Razılıq olmadığından borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən Şəxs tutularaq X5 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və borcun könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. “Metalsan” şirkətində sürücü işləməklə ayda 600 manat əmək haqqı alır. 2023-cü ilin may ayına kimi hər ay 350 manat aliment ödəmişdir. Oğlu Murad 18 yaşına çatdığından ona görə aliment ödənişi dayanmış, 2023-cü ilin may ayından başlayaraq hər ay bir uşağa görə 175 manat aliment və 2015-2016-cı illərə görə yaranmış aliment borcuna görə əlavə olaraq ayda 75 manat ödəniş edir. Belə ki, 2015-2016-cı illərdə bir müddət işsiz olduğu üçün aliment ödəyə bilməmiş, borcu yaranmışdır. Həmin vaxtdan keçən müddət ərzində aliment borcu ondan bir dəfəyə tam olaraq tələb edilməmişdir. Buna baxmayaraq o, əlavə ödənişlər etməklə borcu azaltmağa çalışmışdır. “Metalsan” şirkətindən aldığı 600 manat əmək haqqından başqa qazanc yeri yoxdur. Hər ay 250 manat tələbkara ödəniş etməklə yanaşı, kirayədə yaşadığı üçün 200 manat kirayə haqqı ödəyir. Əmək haqqından 150 manat pul qalır ki, onunla da dolanışığını təmin etməyə çalışır. Bütün bunlara baxmayaraq icra məmurunun onun barəsində inzibati xəta haqqında protokol tərtib etməsi və bunu tələbkarın şikayətçi olması ilə əsaslandırması qanuni deyil. Nəzərə alınmalıdır ki, X1 tibb bacısı işləməklə qazanc əldə edir, bundan başqa yetkinlik yaşına çatmış oğlu Murad da əmək fəaliyyətilə məşğul olaraq hər ay 400 manat əmək haqqı alır. Bu mənada tələbkar təminatsız qalmır, ödədiyi 250 manat aliment ödənişi isə əlavə kömək kimi çıxış edir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən Şəxs tutularaq X5 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. İcra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarından, habelə icra işindən görünür ki, borclu Şəxs sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəmişdir. 2023-cü ilin may ayında uşaqlardan birinin (xx.xx.2005-ci il təvəllüdlü X7) 18 yaşı tamam olmuş, bundan sonra borclu Şəxs qalan bir uşağa görə müəyyən edilmiş 175 manatdan əlavə hər ay 75 manat da ödənişlər etmişdir ki, əvvəlki illərdən qalan aliment borcunu bağlasın. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas kimi çıxış etmiş 3593 manat aliment borcu 2015-2016-cı illərə görə (2014-cü ildə verilmiş icra sənədi) yaranmışdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Belə ki, icra məmuru məhkəmədə təsdiq etmişdir ki, borclu Şəxs 2021-ci ildə verilmiş sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş alimenti vaxtıvaxtında ödəmişdir. 3593 manat aliment borcu isə 2014-cü ildə verilmiş icra sənədinə görə 2015-2016-cı illərlə bağlı yaranmışdır. Məhkəmə qeyd edir ki, 3593 manat aliment borcu birdən-birə həmin miqdarda yaranmamışdır. Borclu Şəxs 2021-ci ildən aliment pulunu lazımı qaydada ödədiyi nəzərə alındıqda, həmin vaxta kimi yaranmış borca görə 2023-cü ildə inzibati xəta haqqında protokol tərtib edilməsi əsaslı hesab edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə görə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər (4 ay) uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Borclu Şəxs 3593 manat aliment borcu olduğu 2016-cı ildən icra orqanına məlum idi, lakin həmin orqan aşkar inzibati xəta hadisəsi olduğu halda vaxtında heç bir təsir tədbiri görməmiş, əksinə 2021-ci ildə verilmiş sözügedən icra vərəqəsinin icrası qaydasında hər ay müəyyən edilmiş alimenti vaxtı-vaxtında ödəmiş, 2023-cü ilin may ayından etibarən isə borcunu azaltmaq üçün hər ay əlavə olaraq 75 manat ödəniş edən borclu barəsində 7-8 il öncəyə görə yaranmış aliment borcuna görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4613/2021 saylı, 04 iyun 2021-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar