Məhkəmə qərarları › İş №3(001)-3260/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3260/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3260/2025 03.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, qərarından şikayət verilmiş qurumun nümayəndəsi X2, şikayət vermiş şəxs X4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Pərizamanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, “X8” MMC-də direktor vəzifəsində işləyən, ünvan 1i ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanda yaşayan, X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X5 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025 ci il tarixdə təqribən axşam saat 12 radələrində ailəsi ilə idarə etdiyi BMW 530İ markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü mədən küçəsində evinə gedən yolda, məhəllə içində yol polis əməkdaşları sayrışan işıqlar sönülü halda xidməti avtomobili onun idarə etdiyi avtomobilə paralel saxlayıb barmağı ilə işarə edib şüşəni endirməsini istəmişdir. O, avtomobilin şüşəsini endirdikdə, avtomobili idarə edən polis nəfəri X6 –“Sən içkilisan sən öl!” deyərək, xidməti avtomobilini idarə etdiyi avtomobilin önünə verərək yolu kəsmişdir. Daha sonra əlində alkotesterlə xidməti avtomobildən enərək, ona yaxınlaşmış və üfürməsini istəmişdir. Ona heç bir qayda pozmadığını və ümumiyyətlə içki içmədiyimi deyib, polisdən onun saxlanma səbəbini bildirməsini istəmişdir. Lakin polis əməkdaşı səbəb bildirməkdən imtina edərək ona sərt tonla “üflə deyəcəm” demişdir. Həmçinin yol polisi əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini qanunsuz olaraq saxlamışlar ki, tərtib edilmiş protokoldan da tərəfindan şikayət edilmişdir. Belə ki, onun saxlanılma səbəbi kimi guya uşağın ön oturacaqda oturması göstərilsə də, yol polisi əməkdaşları onu bu səbəblə saxlamamışdır. Çünki uşaq arxa oturacaqda oturmuş, yol polisi əməkdaşları onu saxlayıb mübahisə etdikləri zaman uşaq təqriban 5-10 dəqiqə sonra ağlayaraq onun yanına keçmiş, o da uşağı təsəlli etmişdir. Həmçinin uşaq qabaq oturacaqda otursa idi, onlar görən kimi, saxlayardılar. Halbuki avtmobillə paralel duraraq, bir qədər söhbət etdikdən sonra sayrışan işıqları yandırıb geri hərəkət edərək onun avtomobilinin qarşısını kəsmişlər. Bu vaxt, yəni təqriban 5-10 dəqiqə sonra polis əməkdaşı Elməddin Məmmədli öz mobil telefonunu çıxararaq uşağı çəkmiş, guya o səbəblə onu dayandırdığını bildirmişdir. Əslində onu guya içkili olduğundan şübhə edərək saxlamışlar. Halbuki, sutkanın qaranlıq vaxtı, gecə saat 12 radələrində və kamera görüntülərindən də məlum olduğu kimi, heç bir qeyri-adekvat hərəkət etməmiş, düz yolu ilə avtomobili idarə etdiyi halda ondan şübhələnmələri absurd olmuşdur. Həmin vaxt ona protokolun surəti va kamera görüntüləri təqdim edilməmişdir. Barəsində olan qərar raportdan sonra tərtib edilmişdir. Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edərək onu məhkəməyə aparmışlar. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə olunmuşdur. Onu bölmədə 1 sutka saxlamışlar və hətta qayınatasını da polisi telefona çəkməsi səbəbi ilə 1 sutka bölmədə saxlamışlar. O da telefonla çəkiliş etdiyindən telefonu əlindən alınmış, daha sonra yoldaşı öz telefonu ilə çəkiliş edən zaman yoldaşının da telefonunu əlindən almışlar. Daha sonra Post patrul avtomobili çağırıb onu öz avtomobilindən zorla çıxarmışlar. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Polislərin həmin vaxt onlara yaxınlaşmaları qeyri-qanuni olmuşdur. Həmin yer stasionar post deyildir ki, onu orada saxlasınlar. Onlar əl-qol işarəsi ilə avtomobili saxlamışlar. Polis avtomobilinin işıq siqnalı yanıb-sönməli, üzərindəki səs cihazı işlək vəziyyətdə olmalı idi. O, 3-4 dəqiqə keçdikdən sonra bilmişdir ki, onu şəxsi telefonları ilə çəkmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ixtisaslaşdığı sahə keyfiyyət və meterologiya üzrə olduğuna görə bilir ki, Yol Patrul Xidməti haqqındakı təlimata əsasən YPX əməkdaşı xidmətə başlayanda onun üzərində olan texniki vasitələr tam saz vəziyyətdə olmalıdır. Onlar nəfəsini yoxlamaq üçün cihazın sənədini təqdim etməmişlər. Lakin onlar həmin sənədi, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə icraat aparılan zaman məhkəməyə təqdim etmişlər. Hadisə zamanı həmin sənədi təqdim etmələrini istədikdə polis əməkdaşı ona alkotester cihazının kodunu göstərmişdir. Polislər onlarla getməli olmasını dedikdə, o da avtomobildə olan ailəsini atasına təhvil verməli olduğunu demişdir. Onlar telefonunu da əlindən almışlar. Yoldaşının telefonu ilə çəkiliş edərkən buna maneə törətmişlər. Uşağı da ön oturacaqda əyləşməmişdir. Əlində alkotester olan polis əməkdaşı “İphone 14 pro max” markalı mobil telefonla onu gizli şəkildə çəkmiş və bunu sonradan bilmişdir. Həmin polis əməkdaşı daha sonra avtomobilin pencərəsindən əlini uzadıb telefonu almışdır. Həmin vaxt o, 102 və 902 xidmətinə yığmışdır. Polislər onun danışmasına imkan verməyərək ona şər də atmışlar ki, guya polisin ayağının üstündən keçir. Polis əməkdaşının bir vətəndaş kimi ona davranışı doğru deyildir. Ona görə polisə etiraz etmişdir. Səbəb olaraq avtomobilindəki ətirin qoxusunun spirt qoxusu olduğunu əsas gətirmişlər. Həmin vaxt yanında 3 aylıq və 3 yaşlı körpə uşağı olmuşdur. Polis ona sertifikat təqdim etməyindən alkotester cihazına nəfəs verməmişdir. Onun məsələni uzatmaq niyyəti olmamışdır. Şəxsi nəqliyyat vasitəsini tərk etmək vəzifəsi olmadığına görə avtomobildən aşağı da düşməmişdir. İçkili olmadığını desə də, polis əməkdaşı ondan əl çəkməmişdir. Hər şey ikinci gələn əməkdaşın mövzunu qızışdırmasından sonra başlamışdır. Övladı qorxduğuna görə onun yanına keçmiş, həmin vaxt da polis əməkdaşı bunu videoya çəkmişdir. Polislərin çəkdiyi görüntü ona təqdim olunmamışdır. İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş protokolla razı olduğunu, lakin İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razı olmadığını bildirərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında qərarından şikayət verilmiş qurumun nümayəndəsi X3 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 23:14-də Bakı şəhəri, Ruslan Allahverdiyev küçəsi ərazisində “BMW 530i” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “sərnişin daşıma” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)- 2351/2025 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci madddəsi nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə, təqdim edilmiş videogörüntülərlə birgə araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X4 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, X5 məhkəmə iclasında verdiyi izahatında uşağın ön oturacaqda əyləşmədiyini, polis əməkdaşı tərəfindən idarə etdiyi avtomobil saxlanıldıqdan sonra uşağının ön oturacağa keçdiyini bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamış, həmçinin həmin halı təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərin əksinə isə məhkəməyə şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdə polis əməkdaşlarının həqiqətən də onu saxladığı, aralarında mübahisə yarandığı zaman uşağın ön tərəfdə əyləşdiyi müəyyən edilmiş, şikayət vermiş şəxsin dediyi kimi uşağın sonradan qabaq oturacağa keçməsi isə əks olunmamışdır. Məhkəmə onu da qeyd etmək istəyir ki, şikayətçi Rəhimov İlkinin məhkəmədə ifadəsinin əsasını alkotestdən keçmək istəməməsi və buna görə polis əməkdaşları ilə aralarında mübahisə yaranması, tabesizlik göstərməməsi təşkil etsə də məhkəmə tərəfindən ona “nə üçün İXM-nin 535-ci maddəsi ilə təqsirli bilindiyi məhkəmə qərarından şikayət verməmisiniz?” sualına bu qərarla razı olduğunu bildirərək cavablandırmışdır. Bundan başqa şikayətçidən polisə uzunmüddət müqavimət göstərməsinin səbəbi soruşulsa da o bu sualı da cavablandıra bilməmişdir. Məhkəmə Rəhimov İlkinin razılaşdığı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)- 2351/2025 nömrəli qərarına da münasibət bildirərək vurğulamaq istəyir ki, həmin qərarda mübahisənin yaranma predmeti kimi məhz azyaşlı uşağın maşının ön oturacağında oturması göstərilmişdir. Məhkəmə isə öz qərarını əsaslandırarkən bu xüsusatlara da hüquqi qiymət verərək Rəhimov İlkini polisə tabesizliyə görə 150 manat məbləğində cərimə etmişdir.

8. Beləliklə, məhkəmədə toplanmış sübutlar X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xətanı törətməsinə dəlalət edir.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

10. Göründüyü kimi, X5 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar