Məhkəmə qərarları › İş №3(001)-3264/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3264/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3264/2023 07.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı üzrə barəsində inzibati xəta haqqında icraat başlanmış və İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol üzrə məhkəmə iclası 30 avqust 2023-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildirişlər tərəfə çatdırılmışdır. Buna baxmayaraq, proses iştirakçısı məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə,inzibati xəta haqqında işə baxılma müddətinin uzadılması barədə qərardad qəbul edilmiş, məhkəmə iclası 06 sentyabr 2023-cü il tarixə saat 10:15-ə təxirə salınmış, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildirişlər tərəfə çatdırılmışdır. Məhkəmənin 06 sentyabr 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin mühasibi kimi təqdim edən Aynurə Şirinova məhkəmə iclasında iştirak etmiş, lakin İXM-in 65-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclasında iştirak edən həmin şəxsin hüquqi şəxs Şəxs MMC-ni məhkəmə iclasında təmsil etmək səlahiyyətini təsdiq edən sənədləri olmadığından, məhkəmə iclası 07 sentyabr 2023-cü il tarixə saat 10:30-a təxirə salınmışdır. 07 sentyabr 2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin mühasibi kimi təqdim edən Aynurə Şirinova iştirak etsə də, təkrarən məhkəməyə hüquqi şəxsi təmsil etmək səlahiyyətini təsdiq edən sənədləri təqdim etmədiyindən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi Elşən Mirzəliyev izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan 22 kv.m ölçüdə reklam aşkar edilmişdir. Bu barədə müvafiq foto şəkillər çəkilərək tərəfindən xx.xx.2023-cü il tarixli tərtib edilmiş akta əlavə edilmişdir. Qanun pozuntusunu 5 gün ərzində aradan qaldırmaq üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanına göstəriş göndərilsə də, onlar tərəfindən qanun pozuntusu aradan qaldırılmamış və bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi Elşən Mirzəliyev əlavə olaraq bildirmişdir ki, onun tərəfindən həm də şifahi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri Rəşad adlı şəxsin qohumuna da məlumat verilmiş, müvafiq pozuntu aradan qaldırılmayacağı halda barələrində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Şəxs MMC-nin hazırda Binəqədi rayonu ərazisində iki fərqli yerdə mağazası olduğundan, Şəxs MMC-nin müshasibi işləyən xanım onlar tərəfindən ünvan 2 ünvanında yerləşən mağazada da reklam yayımı üçün xidmət haqqının ödənilməsini bildirmişdir, lakin o həmin yayım haqqının və rüsumun digər mağazaya aid olduğunu bildirsə də, Şəxs MMC tərəfindən reklam yayımı dayandırılmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan 22 kv.m ölçüdə reklam aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Şəxs MMC-yə ünvanlanmış göstərişdən görünür ki, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etmək və ya icazsəzi reklam yayımını dayandırmaq tələb olunmuşdur. 04 avqust 2023-cü il tarixli qaimənin surətindən görünür ki, icrası məcburi olan göstəriş Şəxs MMC-də adminstrator vəzifəsində işləyən “Yusifov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ünvanına 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməsi və ya icazəsiz reklam yayımını dayandırmasının tələb olunmasına dair icrası məcburi olan göstəriş göndərilmiş və 04 abvqust 2023-cü il tarixdə orada “admminstrator” vəzifəsində işləyən Yusifov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs tərəfindən reklam yayımının yerləşdirilməsi üçün müvafiq icazə alınması üçün müraciət edilməmiş, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi üçün dövlət rüsumu ödənilməmişdir. Beləliklə, Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişməsi inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş sənədlərlə tam sübuta yetirildiyindən, Şəxs həmin maddənin sanksiyası həddində hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.8-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə şəxs barəsində məsuliyyəti nəzərdə tutmuşdur. Toplanmış iş materiallarından Şəxs tərəfindən ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə “Rec Electronics” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar