Məhkəmə qərarları › İş №3(001)-3265/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3265/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3265/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması nəzərdə tutulmuşdur. İcra vərəqəsi şöbənin icraatına daxil olmuş və icraata qəbul edilmişdir. Borclu Şəxs icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada verilmişdir. Borclunun əlaqə nömrələrinə icra şöbəsinə yaxınlaşmasına dair dəfələrlə “sms” bildiriş göndərilməsinə baxmayaraq, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra şöbəsinə könüllü olaraq gəlməkdən imtina etmişdir. Bu səbəbdən, tərəfindən xx.xx.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli qərar ilə Şəxs barəsində axtarış elan edilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən Şəxs müəyyən olunaraq, Binəqədi Rayon İcra Şöbəsinə təqdim olunmuşdur. Hazırda borclu tərəfindən icra sənədi könüllü icra olunmur. Məcburi icra tədbirlərinin görülməsi üçün müvafiq qurumlara sorğular göndərilmiş və borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra sənədini qərəzli olaraq icra etməmiş və bu səbəbdən, barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə yenidən protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 3000 (üç min) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq, iddiaçı X2 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, maddi sıxıntıları olduğu üçün sözügedən icra vərəqəsini icra edə bilməmişdir, təxminən 3-4 gün olar ki, mühafizəçi kimi işə düzəlmişdir. Bundan sonra hər ay davamlı olaraq 100 manat məbləğində ödəniş edə bilər. Göstərilənlərin nəzərə alınmasını və barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, tələbin könüllü icrası barədə bildirişi 05 oktyabr 2022-ci il tarixdə imza etməklə qəbul etmiş, icra vərəqi üzrə olan borcundan 100 manat məbləğində ödəniş etmək istəmiş, lakin zərərçəkmiş şəxsin bank hesabının rekvizitləri onda olmadığı üçün ödəniş edə bilməmişdir. İcra məmurunun əlaqə nömrəsinin onda olmasına baxmayaraq, icra vərəqi üzrə olan borcundan 100 manat məbləğində ödəniş etmək istəməsi barədə icra məmuruna məlumat verməmişdir. Məhkəmə iclasında müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs icra vərəqəsini icra etməkdən qərəzli olaraq yayınmır, belə ki, özü də izahatında təxminən 3-4 gün olar ki, işə düzəldiyini, icra vərəqi üzrə olan borcundan hər ay təxminən 100 manat məbləğində ödəniş edəcəyini bildirdi. Bütün bunlar bir daha təsdiq edir ki, Şəxs icra vərəqinin icrasından qərəzli olaraq yayınmır. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması nəzərdə tutulmuşdur. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs məcburi qaydada Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon İcra şöbəsinin inzibati binasında olacağına dair öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 3020 (üç min iyirmi) manat borc ödənilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2048/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, Binəqədi rayon İcra və Probasiya şöbəsinin tərəfindən xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 10 yanvar 2022-ci il tarixdə Şəxs icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün onun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, 11 may 2022-ci il tarixdə borclu Şəxs barəsində axtarış elan edilmiş, 05 oktyabr 2022-ci il tarixdə borclu Şəxs yeri müəyyən edilərək Binəqədi rayon İcra Şöbəsinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon İcra şöbəsinin inzibati binasında olacağına dair öhdəlik götürmüş, eyni zamanda tələbin könüllü icrası barədə bildirişi imza etməklə qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 oktyabr 2022ci il tarixdə tələbin könüllü icrası haqqında bildirişə imza etməklə qəbul etməsinə baxmayaraq onun tərəfindən icra vərəqi könüllü olaraq icra edilməmiş, 05 oktyabr 2022-ci il tarixdən barəsində inzibati xəta haqqında protokol tərtib edilən tarixə yəni 24 oktyabr 2022-ci il tarixə kimi icra vərəqi üzrə olan borc məbləğindən hər hansıbir məbləğdə ödəniş etməmiş, məhkəmə iclasında da ona verilən suallara cavab olaraq 100 manat məbləğində ödəniş etmək istədiyini, lakin zərərçəkmiş şəxsin bank hesabının rekvizitlərinin onda olmaması səbəbindən ödəniş edə bilmədiyini bildirmiş, eyni zamanda icra məmurunun əlaqə nömrələrinin onda olmasna baxmayaraq ödəniş etmək istəməsi barədə icra məmuruna məlumat vermədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icra edilməsi bardə bildirişi aldıqdan sonra 100 manat məbləğində ödniş etmək istəməsinə, zərərçəkmiş şəxsin bank hesabının rekvizitlərinin onda olmaması səbəbindən ödəniş edə bilməməsinə, eyni zamanda icra məmurunun əlaqə nömrələrinin onda olmasna baxmayaraq, ödəniş etmək istəməsi barədə icra məmuruna məlumat verməməsinə dair verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, Şəxs icra vərəqi üzrə olan borcundan 100 manat məbləğində ödəniş etmək istəməsinə dair verdiyi izahatı inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına qədər 100 manat məbləğində ödəniş etmək istəməsini bildirsə də, məhkəmə iclasında da heç bir ödəniş etməmişdir. Belə olan halda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərini icra sənədini qərəzli olaraq icra etməməsi kimi qiymətləndirir və hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Şəxs istinad edilən inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmadığı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 24 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tətbiq ediləcək inzibati həbsin 10 (on) gün müddətinə müəyyən edilməsini məqsədə uyğun hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar