Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3268/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş inzibati qurumun nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.2-ci maddəsi ilə tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, İcbari Sığorta Bürosu tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli məlumatda Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq, aktiv əmək müqaviləsi olan 42 sayda işçinin (X2, X3 və daha 40 işçi) istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən olunmuşdur. İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş inzibati qurumun nümayəndəsi X5 protokolda göstərilənləri müdafiə etdiyini bildirib, MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Məhkəmə iş materiallarını araşdıraraq, həmçinin, inzibati qurumun nümayəndəsinin mövqeyini öyrənərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş 28 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Belə olan halda MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, onun barəsində başlanmış inzibati xəta üzrə icraata İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola dair iş üzrə icraata Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3268/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3268/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver