Məhkəmə qərarları › İş №3(001)-3277/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3277/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3277/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X5 katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, 08.08.23-cü il, saat 11:53 radələrində mobil telefonuna özünü Baş X7 əməkdaşı Qasımov Talib kimi təqdim edən şəxs (+**********63) zəng edərək, ona xx.xx.2023-cü il tarixində K.Səfərəliyeva-Nizami küçələri kəsişməsində qoşa xəttin tələbini pozub əks yola çıxmağı barədə qayda pozuntusu etdiyini və buna görə sabah BDYP idarəsinin 103-cü otağına yaxınlaşmağını bildirdi. O, cavabında belə bir qayda pozuntusu etmədiyini və elektron kabinetinə bu haqda heç bir cərimə daxil olmadığını bildirdi. Xüsusi vasitələrlə aşkar edilmiş qayda pozuntusu 24 saat ərzində elektron qaydada rəsmiləşdirilmirsə qüvvədən düşdüyü barədə həmin şəxsi məlumatlandırdı. Sözügedən vaxt Neftçilər prospektinin Yusif Səfərova qədər birləşən hissəsində asfalt qatının yenidən qurma işləri ilə əlaqədar olaraq hərəkətin təşkilinin nizamlayıcı Yol polisi əməkdaşı tərəfindən aparıldığı və ona hərəkətinə davam etmək əmri verdikdən sonra o və digər nəqliyyat vasitələrinin hərəkətinə davam etdiklərini bəyan etdi. Zəng edən əməkdaş isə israrla “Whatsapp” nömrəsinə qayda pozuntusunun fotoşəkilini ata biləcəyini bildirmişdir. Cavabında fotoşəkil və videogörüntü varsa elektron kabinetə yerləşdirməsini və rəsmi qaydada cərimənin sübutunu vətəndaş mövqeyindən tələb etdi. Üzərindən bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixində elektron kabinetinə TŞ3-029 İXP ******* aşkarlanmış cərimə pozuntusu daxil oldu. Lakin, bu tərtib edilmiş protokol iştirakı olmadan, heç bir fotoşəkil və videogörüntüsüz elektron kabinetə yerlədirilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı çıxarmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən İXM-in 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 327.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, yol hərəkəti qaydalarının pozulması X2 idarə etdiyi “Opel Astra” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə K.Səfərəliyeva-Nizami küçəsi kəsişməsi ərazisində hadisəsi baş vermişdir. İş materiallarında olan video müşahidə kamerasının görüntülərindən də göründüyü kimi pozuntu xx.xx.2023-cü il tarixdə, saat 17:40 radələrində baş vermişdir. Həmçinin törədilmiş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyilə qeydə alınmışdır. Buna baxmayaraq, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar məcəllənin tələbləri pozulmaqla real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmiş, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmamışdır. İXM-in 81.1-ci madəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-in 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin barəsində başlanan icraata İXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi X7 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi X7 Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına İXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar