Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3310/2022 11.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs vəkili X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən “Termoservis” adlı obyektdə xx.xx.2022-ci il tarixdə, saat 14:40-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib. Nəticədə vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini və protokolun əsaslı olaraq tərtib edildiyini bildirmişdir. Protokolu tərtib etmiş inzibati orqanın əməkdaşlarının yoxlama aparmadığını, xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə ərazidə gəzərək açıq hava məkanında müşahidə etdikləri pozuntuları rəsmiləşdirdiklərini, bunun sahibkarlıq sahəsində aparılan yoxlama olmadığını qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş ünvanlanmamışdır. Belə bir göstərişin ünvanlanmasına zərurət olmadığını inzibati orqanın birbaşa protokol tərtib etmək səlahiyyəti olduğunu və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin vəkili məhkəmə iclasında çıxış edərək bildirmişdirlər ki, Reklam Agentliyinin “Termoservis”ə qarşı tərtib etdiyi protokol qanunvericiliyin tələbinə əsasən düzgün tərtib edilməmiş və onlara heç bir xəbərdarlıq etmədən birbaşa protokol tərtib etməklə məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi, ölkə ərazisində pandemiya başladıqdan sonra həmin obyekt işləməmiş, reklamdan isə ümumiyyətlə istifadə olunmamışdır. Bundan əlavə, Şəxs barəsində İnzibati Prorokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, ümumiyyətlə həmin gün Şəxs həmin obyektdə olsa da, Reklam Agentliyinin hər hansı nümayindəsinin həmin obyektdə olduğunu görməmişdir. İş materiallarına əlavə edilmiş reklamın şəkilləri ümumiyyətlə həmin gün çəkilməmişdir. Bundan əlavə, Protokolda fiziki şəxsin izahat və qeydlər verilməsi çün nəzərdə tutulmuş hissədə “imtina" və "protokolu almaqdan imtina etdi" ifadəsi yazılsa da, buna dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Çünki protokol ümumiyyətlə həmin gün, həmin obyektdə şəkillər çəkilsəydi, şəkildə reklam hissəsi düşməyəcəkdi. Çünki həmin reklam 1 ildən çox müddətdir ki, istifadə olunmadığına görə açılıb. Protokol tərtib edilərkən şəxsə hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda qeydlər aparılmamışdır. Protokol tərtib edilərkən vəzifəli şəxsə protokol tərtib etməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Fiziki və hüquqi şəxslər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən həmin hüquqi və fiziki şəxsin məktub göndərilərək bu barədə məlumat verilməsi təmin edilməli, özünün və ya nümayəndəsinin iştirakı üçün məlumat verilməli, protokol tərtib edilməzdən əvvəl dəvət edilməli, izahatı dinlənməli idi. Sübutlar təqdim edilməsinə şərait yaradılmalıdır. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən “Termoservis” adlı obyektdə xx.xx.2022-ci il tarixdə, saat 14:40-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib. Nəticədə vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2019-cu il tarixli Açıq məkanda rekam yerləşdirilməsinə icazə verilməsi üçün reklam daşıyıcılarının məxsus olduqları obyektlər üzrə növünün, ölçülərinin, zonasının müəyyənləşdirilməsi və icraata verilməsi məqsədilə tərtib edilmiş aktdan görünür ki, obyektin reklam daşıyıcısnın faktiki ölçüləri Fasad 5,5 x 0,4, FASAD 2,2 x 0,4 –dür. xx.xx.2019-cu il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən obyektin üzərində reklam yerləşdirilməsi üçün Şəxs xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində icazə verilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şəxs ərizə ilə inzibati orqana müraciət edərək əvvəl bağladığı 2019-cu il tarixli müqavilə bitməmiş pandemiya ilə əlaqədar olan fəaliyyətində fasilələr olduğunu, bu səbəbdən yeni müqavilə bağlamadığını, inzibati orqanın mühəndisi Əlizdə Ülvinin çalışmadığı dövrə müqavilə bağlanmasını tələb etdiyini, xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli xəta protokolu tərtib edildiyini qeyd etmişdir. Həmin inzibati xəta haqqında protokolun ləğv edilməsini və xx.xx.2022-ci il tarixdən aralarında yeni müqavilə bağlamnmasınına köməklik edilməsini istəmişdir. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola münasibətdən görünür ki, vətəndaş barəsində tərtib edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolla razı olmamaış, protokola əlavə edilmiş fotoşəkilərin nə vaxt çəkildiyinin ona məlum olmadığını, pandemiya dövründə xidmət gösərmədiklərinə görə həmin reklamın söküldüyü və həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin vəkilinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, müəyyən edilmiş fakt Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs iştirakı təmin edilməmiş, həmçinin protokolda fiziki şəxsin izahat və qeydlər verməsi üçün nəzərdə tutulmuş hissədə yalnız “imtina” və digər hissədə isə “protokolu almaqdan imtina etdi” yazılmışdır. Həmçinin həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzası heç bir yerdə öz əksini tapmamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat və qeydlər verməkdən əlavə protokolunu surətini almaqdan imtina etməsi barədə Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən heç bir akt tərtib edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Həmçinin, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə şəxsən təqdim edilməmişdir. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən, müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə; 3.5.1. reklam yayıcısı məlum olduğu halda pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir. Həmin Qaydaların 3.5.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.6-cı bəndində isə açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.7-ci bəndində isə qeyd edilmişdir ki, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Göründüyü kimi elə bir bildiriş ünvanlanmamış və dərhal protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
1. İş materiallarından göründüyü kimi, protokola əlavə edilmiş foto şəkilin kim tərəfindən, hansı tarix və saatda çəkilməsi müəyyən edilmir, buna dair hər hansı bir sübutu inzibati orqanın nümayəndəsi də təqdim edə bilməmişdir.
2. İnzibati orqan bugünədək reklam yayıcısına (inzibati xəta törətməsi güman edilən reklam yayıcısı məlum olmasına baxmayaraq) müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi təqdim etməmişdir.
3. İnzibati orqanın yoxlayıcı əməkdaşları sahibkarlıq subyektində yoxlama aparmaq üçün inzibati orqanın qərarı olmadan, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən qanunsuz yoxlama aparmışdırlar. İnzibati orqanın nümayəndəsi əməkdaşlarının fəaliyyətinin yoxlama fəaliyyəti olmadığını, onların sadəcə açıq hava məkanında sahibkarlıq subyektinə daxil olmadan inzibati xəta hadisəsini müəyyən edərək qərar qəbul etdiklərini desə də onların fəaliyyətinin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid olmadığını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, açıq məkanda kənardan inzibati xəta hisəsinin törədilməsi müşahidə edilsə belə inzibati orqanın əməkdaşları sahibkarı bu barədə xəbərdar etməli, müvafiq araşdırma aparmalı, müəyyən etdiyi halın inzibati xəta hadisəsi olub-olmadığını müəyyən etmək üçün zərurət olduğu halda sahibkarlıq subyektinə də daxil olmalıdır. Əks halda inzibati orqan əsassız aktlarla nəinki öz iş yükünü, həmçinin sahibkarların iş fəaliyyətini də pozmuş olar. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinə gör bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.2-1-ci maddəsinə görəbu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Həmin Qanunun 2.3-cü bəndinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Yuxarıda qeyd edilən normativ hüquqi aktda sahibkarlıq sahəsində aparılan yoxlamalara şamil edilməyən yoxlamaların dairəsi müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhər Reklam İdarəsinin əməkdaşlarının apardıqları yoxlamanın sahibkarlıq subyektində aparılan yoxlamalara aid olmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs arəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Aygün Qurbanova