Məhkəmə qərarları › İş №3(001)-3314/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3314/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3314/2022 22.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi X1 iclas katibliyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X2, Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Şəxs ona məxsus “Bulaq” restoranının sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsala, anbar, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə edilən digər yerlərə baxış keçirilməsinə mane olmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin tələbləri pozulmuş, barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izaharında bildirmişdir ki, Şəxs tərəfindən İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Həmin restoranda planlı yoxlama aparılması nəzərdə tutulmuşdur. Yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanuna müvafiq qaydada aparılır. Sahibkar yoxlamanın aparılmasına şərait yaratmış lakin foto və video çəkiliş aparılmasına etiraz etmişdir. Pozuntu aşkar ediləcəyi halda faktı təsdiq edən foto və video görüntülər olmadığından protokol mübahisələndirilə biləcəyindən həmin ərazidə yoxlama həyata keçirilməmişdir. X3 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi Vəkil izahatında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, protokol əsassızdır. Belə ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir, şəxs fəaliyyət göstərdiyi sahəyə baxış keçirilməsinə maneə törətməmişdir, əksinə şərait yaratmışdır. Şəxsə yoxlamadan əvvəl bildiriş göndərilməli olduğu təqdirdə, belə bir bildiriş ünvanlanmamışdır. Həmçinin yoxlayışı tərəfindən müddət ötürülməklə, məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibai Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Lakin iş materiallarından müəyyən edilir ki, yoxlayıcı tərəfindən yoxlamanın aparılmasına dair məktub sahibkara sürətli poçt xidməti vasitəsilə göndərilsə də ünvan düzgün qeyd edilmədiyi üçün çatdırılması mümkün olmamışdır. Yəni, əslində sahibkarın belə bir yoxlamanın aparılması barədə məlumatı olmamışdır. Digər tərəfdən Qanunun 20.9-cu maddəsinə görə yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi sahibkar tərəfindən çəkiliş aparılmasına icazə verilməməsi yoxlamanın aparılmasına maneə deyildir. Məhkəməyə təqdim edilən video görüntüdən də müəyyən edilir ki, sahibkar Şəxs yoxlayıcı orqanın nümayəndələrini yoxlamanın keçiriləcəyi əraziyə buraxmış onların sahibkarlıq obyektinə daxil olmasına maneə yaratmamışdır. Yoxlayıcı orqanın nümayəndələri sahibkarın foto və video çəkiliş aparılmasına icazə verməməsini aktlaşdırmaqla nəzərdə tutulmuş yoxlamanı həyata keçirə bilərdilər. Odur ki, hazırki material üzrə Şəxs tərəfindən yoxlamanın həyata keçirilməsinə maneə törədilməsi faktı mövcud deyildir. İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar