Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3324/2021 24.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə tərtib edilmiş 23.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar düzgün tərtib olunmamışdır. Ona görə də, həmin protokol və ona əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Belə ki, iş üzrə şəxsin törətdiyi inzibati xətalara görə hər biri üçün ayrı-ayrılıqda bir inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, Binəqədi RPİ-nin 5-ci PB tərəfindən Şəxs İXM-in 206 və 227-ci maddəsi ilə müxtəlif vaxtlarda törətdiyi inzibati xətalara görə yalnız bir inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə qanunvericiliyin tələlərinə ziddir. Bundan başqa, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 23.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtı və yeri düzgün göstərilməmişdir. Qeyd edilən xüsusatların dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amillərin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Bundan başqa, X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sonuncu dəvət edilməmiş və izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;... 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı, Şəxs İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq sənədlər toplansa da, iş üzrə zəruri araşdırma aparılmamışdır. Çünki iş materiallarına əlavə edilmiş 22.09.2021-ci il tarixli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqından aktdan müəyyən etdim ki, Şəxs müayinəsi zamanı onun sidiyində narkotik vasitələrdən istifadə edilməsi halı aşkar edilsə də, onun narkomaniya xəstəliyinə düçar olub-olmaması, məcburi müalicəyə ehtiyacının olub-olmaması məsələsi müəyyən edilməmiş və bu barədə müvafiq rəy alınmamışdır. Halbuki, İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-in 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Belə olan halda müəyyən olunur ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXMin tələblərinə uyğun tərtib olunmaması və iş üzrə zəruri araşdırmanın aparılmamışdır ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə tərtib edilmiş 23.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tərtib edilmiş 23.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3324/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3324/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver