Məhkəmə qərarları › İş №3(001)-3331/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3331/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3331/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs MMC-nin İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru X1 və Şəxs MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəxs MMC-nin direktoru X2 xx.xx.2023cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasıın 10 gün sonraya təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının iki dəfə təxirə salınmasına baxmayaraq, tərəflər yenidən məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs MMC-dən 17950 avro məbləğində borc, 1795 avro məbləğində faiz borcu cəmi 19745 avro Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" LTD Şirkətinə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirşdən görünür ki, icra sənədi üzrə icraata başlanmış və Şəxs MMC-yə icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1881/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, barəsində qərar çıxarılmış şəxs Şəxs MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakiminin 3(001)-2374/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı, barəsində qərar çıxarılmış şəxs Şəxs MMC-nin direktoru Tural Nəcəfov tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli, qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-235/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi qismən icra edilərək Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-58/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra sənədinin qaytarıması barədə 04 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-235/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsini heç bir üzrlü səbəb olmadan tam icra etməmişdir. Şəxs MMC-nin direktoru X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2374/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı ilə vəzifəli şəxs kimi İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 (min iki yüz) manat inzibati cərimə edilmişdir. Bu səbəblə də, məhkəmə Şəxs MMC-nin İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs MMC-nin törətmiş olduğu inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını, hüquqi şəxsin maliyyə və əmlak vəziyyəti, inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar