Məhkəmə qərarları › İş №3(001)-3341/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3341/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3341/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X8 küçəsi, ev 1/2, mənzil 8 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədinə əsasən Şəxs 32000 manat məbləğində pul vəsaiti və ödənilmiş 186 manat dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Həmin tarixdən etibarən Şəxs tərəfindən ödəniş olunmamışdır. Bununla bağlı Şəxs iltizam da vermiş, lakin icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun mərhum atasının adına obyekt olmuşdur. İndi həmin obyekti şirkəti adına keçirmiş və satışa qoymuşdur. Həmin obyekti almaq üçün bir nəfər baxaraq bəynsə də hazırda sata bilməmişdir. İşlə təmin olunmaq üçün məşğulluq orqanına müraciət etməmişdir. Satdığ obyektə beh ödənişi olsa belə, həmin məbləği zərərçəkmiş şəxsə ödəyəcəkdir. Ümumilikdə 2 il müddətdir işləmədiyi üçün icra sənədi üzrə ödəniş edə bilməmişdir. Əməlindən peşmandır, lakin ondan asılı olmayan səbəblərdən borcu ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsi çıxdığı gündən bügünə Şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də hazırda ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəhimov X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbinə əməl etməmişdir. İcra sənədi üzrə borc 32000 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3249/2024 saylı icra sənədindən görünür ki, Şəxs 32000 manat məbləğində pul vəsaiti və ödənilmiş 186 manat dövlət rüsumu tutularaq X4 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı icra sənədinə əsasən icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şəxs borcunu 30 aprel 2025-ci il tarixdə bağlayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3249/2024 saylı saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin ona görə də əsaslıdır ki, məhkəmə qətnaməsinə əsasən Şəxs ümumilikdə 32186 manat Şəxs xeyrinə tutulmalı olduğu halda Şəxs tərəfindən icra sənədi üzrə icraata başlanıldığı xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək heç bir ödəniş edilməmişdir. 1 ilə yaxın müddət ərzində icra sənədi üzrə heç bir ödəniş olunmaması Şəxs məhkəmə qətnaməsinin icrasına biganə yanaşdığını və qətnaməni qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar