Məhkəmə qərarları › İş №3(001)-3346/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3346/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3346/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 5473798,72 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 13 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 5473798,72 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və səlahiyyətli orqanın nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: «Bank VTB (Azərbaycan)» ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 13 mart 2023-cü il tarixdə 5473798,72 Rusiya rublu məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər «Bank VTB (Azərbaycan)» ASC-yə təqdim edilməmişdir. 53907 nömrəli, 13 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, , Şəxs tərəfindən həmin tarixdə xx.xx.2023-cü il tarixli, E***-*******92 nömrəli müqaviləyə, xx.xx.2023-cü il tarixli, 716118PD nömrəli invoysa əsasən 5473798,72 Rusiya rublu məbləğində vəsait “MHK Evrohim” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, E***-*******92 nömrəli müqavilədən görünür ki, “MHK Evrohim” şirkəti və Şəxs arasında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “MHK Evrohim” şirkəti və Şəxs arasında xx.xx.2023-cü il tarixli, E***-*******92 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 13 mart 2023-cü il tarixdə 5473798,72 Rusiya rublu məbləğində vəsait Şəxs tərəfindən “MHK Evrohim” şirkətinin hesabına ödənilmişdir. Lakin həmin köçürmə üzrə idxalı təsdiq edən sənədlər banka təqdim edilmədiyi üçün «Bank VTB (Azərbaycan)» ASC tərəfindən müvafiq sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş və Şəxs müvafiq köçürmə üzrə alınan malları (xidməti) ölkəyə idxal etməsi təsdiqini tapmadığı üçün hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 5473798,72 Rusiya rublu məbləğində vəsaiti 13 mart 2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin 5473798,72 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş materialları məhkəməyə daxil olduqdan sonra müvafiq olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və Şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və eyni zamanda köçürülmüş vəsait hesabına alınan malların idxal edilməsinə dair hər hansı təsdiq edici sənədləri məhkəməyə təqdim etməmidir. Odur ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən 13 mart 2023-cü il tarixdə xaricə köçürülmüş 5473798,72 Rusiya rublu vəsaitin qarşısında alınan malların (xidmətin) ölkəyə idxalı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Rusiya rublu olduğundan cərimənin məbləği Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 5473798,72 (beş milyon dörd yüz yetmiş üç min yeddi yüz doxsan səkkiz rubl, 72 kopeyka) Rusiya rublu valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 1094759,74 (bir milyon doxsan dörd min yeddi yüz əlli doqquz rubl, 74 kopeyka) Rusiya rublu (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar