Məhkəmə qərarları › İş №3(001)-3353/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3353/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3353/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, 25 aprel 2025-ci il tarixində Binəqədi RPİnin 7-ci Polis Bölməsi tərəfindən barəsində tərtib olunmuş EXP №1684868 protokola və eyni tarixli EPQ №1804405 inzibati tənbeh qərarına əsasən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 212.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və 300 manat məbləğində cərimə tətbiq olunmuşdur. Protokolda qeyd edilmişdir ki, guya o, tütün məmulatının tullantısını ətraf mühitə atmışdır. Lakin bu ittihamı sübuta yetirən heç bir hüquqi əsas, obyektiv sübut təqdim olunmamışdır. Protokol yalnız polis əməkdaşının subyektiv müşahidəsinə əsaslanaraq tərtib edilmişdir. Protokolla qətiyyən razı olmasına baxmayaraq, hüquqi prosesin uzanmasından və tətbiq edilən təzyiqlərdən çəkinərək xx.xx.2025 tarixində "xxxx" ASC vasitəsilə cəriməni ödəmək məcburiyyətində qalmışdır. Bundan əlavə, cərimə könüllü şəkildə ödənilməmişdir. Nümayəndə adlı polis əməkdaşı tərəfindən o, mülki avtomobilə oturdularaq polis bölməsinə aparılmış, orada isə “ya indi ödəyirsən, ya da səni məhkəməyə çıxarırıq, problem yaşayacaqsan” ifadələri ilə ona psixoloji təzyiq göstərilmişdir. O isə bu vəziyyətdə öz azadlığını və təhlükəsizliyini təmin etmək üçün cəriməni məcburiyyət qarşısında ödəməli olmuşdur. Bu hallar müdafiə hüququnun pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilməlidir. Mövcud işdə tətbiq edilmiş inzibati cərimə heç bir təqsiri sübut edən hüquqi və obyektiv dəlil təqdim edilmədən barəsində tətbiq olunmuşdur. Protokolda nə tütün məmulatının atılması faktı qeyd olunmuş, nə də həmin hərəkətin onun tərəfindən törədildiyini sübut edən birbaşa və ya dolayı heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, bildirmişdir ki, Nümayəndə cərimə ödənişinin həqiqətən ödənildiyini təsdiq edən qəbzin çıxarışını göndərməsini ondan tələb etmişdir. Təqdim etdiyi çıxarışdan da görünür ki, tərəfindən ödənişin edilməsini təsdiq edən elektron qəbzin çıxarışını Nümayəndə məxsus mobil telefon nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmişdir. Onun şikayət etməsi məsuliyyətdən yayınma məqsədi daşımır, işinə ətraflı və obyektiv baxılmasının tərəfdarıdır. Məhkəmədən EXP ******* nömrəli protokolun və EPQ ******* nömrəli inzibati qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə və həmin qərarın ləğv olunması nəticəsində tərəfindən ödənilmiş 300 manat məbləğində cərimə ödənişinin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında qərar etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 212.4-cü maddəsini törətməkdə təqsirli bilinib, 300 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş qeydiyyat haqqında arayışdan, eləcə də, şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, X3 ona təyin edilmiş 300 manat məbləğində inzibati cəriməni elektron qaydada ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edən zaman müəyyən etmişdir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar eyni tarixdə, yəni 25 aprel 2025-ci il tarixdə, saat 12:26-da tərtib edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş qeydiyyat haqqında arayışdan, eləcə də, şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 12:31-də ********** nömrəli mədaxil qəbzi üzrə EXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında ona təyin olunmuş 300 manat məbləğində cəriməni elektron ödəmə sistemi vasitəsilə ödəmişdir. Göründüyü kimi Kamran Ağayev cərimə edildiyi xx.xx.2025-ci il tarixdə, saat 12:26-dan beş dəqiqə sonra, yəni 12:31-də cəriməni ödəmişdir ki, bu hal məhkəmədə əsaslı şübhə doğurmuşdur. Həmçinin, şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, o, cərimə ödənişini etdikdən iki dəqiqə sonra ********** nömrəli mədaxil qəbzinin surətini protokolu tərtib etmiş və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə rəisi Nümayəndə məxsus mobil telefona whatsapp vasitəsi ilə göndərmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda X2 əməlində İXM-in 212.4-cü maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 212.4-cü maddəsinin tərkib əlaməti mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar