Məhkəmə qərarları › İş №3(001)-3359/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3359/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3359/2023 04.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Şəki şəhəri, Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Binəqədi rayonu 100 saylı tam orta məktəbdə müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədində Şəxs 4032 manat, X1 19823 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Hazırki dövrə borclunun icra sənədi üzrə 4032 manat məbləğində ödənilməmiş borcu var. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədinə əsasən ondan 4032 manat, X1 19823 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməsi göstərilmişdir. Sağlamlıq vəziyyəti ilə əlaqədar icra sənədi üzrə borc məbləğinin ödənilməsini gecikdirmişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında borc məbləğinin ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. 1000 manat məbləği zərər çəkmiş şəxsə hazırda ödəyir, qalan 3032 manat məbləği isə cari ilin oktyabr ayının sonuna kimi ödəməyi öhdəsinə götürür. Bu səbəbdən də, qeyd edilənlərin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədinə əsasən Şəxs 4032 manat, X1 19823 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi göstərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə aralarında razılıq əldə olunduğunu bildirərək, onun barəsində İXM-nin 528.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədinə əsasən Şəxs 4032 manat, X1 19823 manat məbləğində pul vəsaiti tutularaq X6 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədi üzrə yaranmış borc ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, məhkəmə iclasında 1000 manat ödəmişdir, qalan 3032 manat vəsaiti isə 2023-cü ilin oktyabr ayının sonuna kimi tam şəkildə ödəyib bu barədə ödəniş qəbzini Binəqədi rayon icra şöbəsinin icra məmuruna təqdim edəcəyinə söz verir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5643/2022 nömrəli icra sənədində Şəxs 4032 manat, X1 19823 manat məbləğində pul vəsaiti tutularaq X6 ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Hazırki dövrə borclunun icra sənədi üzrə 4032 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Hazırda zərərçəkmiş şəxs X7 ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında borc məbləğinin ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Borclu məhkəmə iclasında 1000 manat ödəniş edir, qalan 3032 manat pul məbləğini isə oktyabr ayının sonuna kimi ödəməyi öhdəsinə götürür. Ona görə də, məhkəmə Şəxs zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar