Məhkəmə qərarları › İş №3(001)-338/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-338/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-338/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli X5 haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli X5 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, sözügedən qərar xx.xx.2020-ci il tarixində tərtib olunsa da onun qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikasının, ünvan 1 mənzil 37 ünvanına göndərilmişdir. Lakin o həmin ünvanda yaşamadığı üçün qeydiyyatda olduğu ünvanda olan Nurlan İmanov tərəfindən xx.xx.2020-ci il tarixində ona zəng vurularaq ünvanına məktub göndərildiyi bildirilmiş və xahişi ilə həmin məktub açılaraq qərarın şəkli çəkilib ona göndərilmişdir. Onun həmin qərardan xx.xx.2020-ci il tarixində məlumatı olmuşdur. Hesab edir ki, həmin inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd etdiyi ünvana göndərilmiş “X5 Haqqında Qərar” özündə heç bir həqiqəti əks etdirmir və həmin sənəd qərarda adı keçən Binəqədi rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən təsdiqlənməmiş, möhürlənməmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə həmin qərarda göstərilən inzibati xətanın baş verdiyi ünvanda olmamış, heç bir polis nəfəri ilə kontakta girməmiş, hər hansı bir protokola imza çəkməmişdir. Bundan başqa o, DSX-nin istirahət mərkəzində işləyir. Qərarda göstərilən tarixdə işdə olduğunu sübuta yetirəcək şahidləri vardır. Onun adından istifadə edilərək, polis işçiləri tərəfindən dəqiqləşdirilmə aparılmadan inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X5 haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, X5 haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən düzgün araşdırma aparılmamış və onun adına yanlış olaraq qərar qəbul edilmişdir. Çünki o, heç vaxt qərarda göstərilən ünvanda olmamışdır. O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin istirahət mərkəzində işlədiyindən qərarda qeyd olunan tarixdə, vaxtda iş yerində olmuşdur. Bundan başqa, onun heç avtomobili və sürücülük vəsiqəsi də yoxdur ki, avtomobil idarə edən zaman onu hər hansı DYPŞ əməkdaşı saxlayıb cərimə etsin. Bununla yanaşı hesab edir ki, qeyd olunan hadisələr real olsa belə, onun işlədiyi üçün karantin dövründə icazəsi olduğundan barəsində qərar qəbul edilə bilməzdi. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli X5 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli X5 haqqında qərardan görünür ki, X3 epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 016 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İstirahət Mərkəzinin vəsiqəsindən görünür ki, X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İstirahət Mərkəzində qazanxana rəisi vəzifəsində çalışır. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, X1 iştirakı olmadan hazırda mübahisələndirilən X5 haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs X5 haqqında qərar qəbul edərkən X2 iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli X5 haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli X5 haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar