Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3388/2024 29.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu, fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 05:00 radələrində Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə əmisinin oğurladığı velosipedi onun evinə gətirməsini bildirərək polisin gəlməsini istəmişdir. Məlumatın yoxlanması, məlumat vermiş Şəxs ərizə və izahatının alınması məqsədi ilə əməliyyat qrupunun üzvləri məlumatda qeyd olunan ünvanda olmuşlar. Həmin vaxt məlumat vermiş şəxs Şəxs yaşadığı ünvan soruşulduqda sonuncu qəsdən ayrı-ayrı ünvanlar verərək polis əməkdaşlarını aldatmış və əlavə olaraq telefonda onlarla danışarkən qeyri-etik danışıqlardan istifadə edərək polis əməkdaşlarını ələ salmışdır. Hətta sonuncu “mən Sizi görürəm onsuz da məni tapa bilməyəcəksiniz”, “tapsanız məni Dubaya apararsınız” və s. kimi ifadələr işlətmişdir. Sonda Şəxs olduğu yeri müəyyən edildikdə o polis əməkdaşlarını görən kimi qəsdən qaçıb uzaqlaşmış və ucadan səs-küy salmağa başlamışdır. Sonuncu polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq, qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarına qarşı kobudluq ifadə edən hərəkətlər etmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə əmisinin velosiped oğurlaması ilə bağlı zəng edərək yalan məlumat vermişdir. Daha sonra isə polis əməkdaşlarına qarşı hörmətsizlik etmiş, onların nizam-intizama əməl etməsi barədə tələblərinə əməl etməmişdir. Növbətçi hissənin əmədaşları hadisə yerinə gələn zaman onlara müxtəlif yalan məlumatlar vermiş, həmçinin əməkdaşlar onu gördükdən sonra isə qaçıb gizlənmişdir. Sahə müvəkkilinin qeyd etdiyi ifadələri işlətmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 05:15-də inzibati qaydada tutulan zaman sərxoş halda olmuşdur. həmin tarixdə axşam saat 19:00-da ayılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 43-cü Polis Bölməsinin növbətçi hissəsinə Şəxs DİN-nin 102 xidmətinə əmisinin velosiped oğurlaması ilə əlaqədar polis istəməsi barədə məlumat daxil olmuşdur ki. Əməliyyat qrupu ilə birgə hadisə yerinə getmək üçün bölmədən ayrılmışlar, lakin hadisə yeri barəsində dəqiq məlumat olmadığından bir neçə müddət hadisə yerinə yaxın ərazidə hadisə yerini axtarmışlar. Şəxs onlara yalan məlumat vermişdir, onları ələ salmışdır, olduğu yer müəyyən edildikdə isə qaçıb gizlənmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Lakin ərazi nəzarətə götürüldüyüdən gizləndiyi yer aşkar edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət olunmuşdur. Şəxs ilə əlaqə saxlayan zaman Şəxs ondan narkotik vasitə olan metamfetamin istəmiş, qeyri-etik ifadələr işlətmiş, onların nizam-intizam əməl etmək barədə tələblərinə məhəl qoymamışdır. Şəxs sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibbi müayinəyə aparılmış və sonuncuda orta dərəcə alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Ayıq vəziyyətə gəldikdən sonra əməkdaşlardan üzr istəmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Sərxoşuq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü tarixdə Şəxs DİN-nin 102 Xidmətinə yalan məlumat vermiş, hadisə yerinə gəlmiş əməliyyat qrupunun üzvlərinə yalan ünvanlar verməklə onları ələ-salmış, polis əməkdaşlarına qarşı etik olmayan ifadələr işlətmiş, həmçinin daha sonra polis əməkdaşlarından qaçmış, səs-küy salmış, polis işçilərinin nizam-intizama əməl etmək barədə tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki inzibati xəta haqqında iş üzrə Şəxs DİN 102 xidmətinə yalan məlumat verərək, həmçinin ondan ərizə və izahat almağa gələn əməliyyat qrupunun üzvlərini aldadaraq polis əməkdaşlarının vəzifələrini yerinə yetirməyinə mane olmuş, həmçinin daha sonra polis əməkdaşlarından qaçaraq səs-küy salmışdır. Polis işçilərinin nizamintizama əməl etmək barədə tələblərinə isə məhəl qoymamışdır. Şəxs öz hərəkətləri ilə polis işçilərinin vəzifələrini yerinə yetirmələrinə mane olduğundan ona nizam-intizama əməl etməsi barədə yönələn tələb qanuni olmuşdur. Belə olan halda Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərək onun nizam-intizama əməl etmək barədə tələbinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahid ifadəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakteri, törədilmə halları nəzərə alınaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Şəxs inzibati həbs müddətinin minimal həddə müəyyən edilərək inzibati tənbehin məqsədlərinə nail olunmasını mümkün hesab edir. İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınaraq Şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin aşağı həddi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş bir ayadək müddətə inzibati həbs tənbeh tədbirinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə iclasında Şəxs hadisə zamanı sərxoş olması xx.xx.2024-cü il tarixdə, saat 19:00-da ayıldığı müəyyən edilmişdir. Odur ki, Şəxs inzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablanmalıdır. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00dan hesablanlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3388/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3388/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver