Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3396/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 22.09.2021-ci il tarixində saat 18:20 radələrində birgə nikah dövründə əldə etdiyi, həyat yoldaşının adına olan “Hyundai Accent” markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Rəsulzadə qəsəbəsindən Azadlıq metrosu istiqamətində hərəkət etmişdir. Heydər Əliyev parkının yaxınlığında Binəqədi şosesindən sol istiqamətdə yerləşən S.S.Axundov küçəsinə dönmək üçün və qabaqcadan yolun sol hərəkət zolağını tutmaq məqsədilə yerdəyişmə etmək qərarına gəlmişdir. Yerdəyişmə etməzdən əvvəl “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə uyğun olaraq müvafiq istiqamətə yerdəyişmə etmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal vermiş və manevri təhlükəsiz və hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan həyata keçirmək məqsədilə uyğun məqam gözləmişdir. Bu zaman sol zolaqla hərəkət edən “Nissan Sentra” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil önündəki avtomobil ilə kifayət qədər məsafə buraxaraq, dayanmış və ona yerdəyişmə üçün imkan yaradaraq könüllü yol vermişdir. O, ara məsafəsinin kifayət qədər olduğuna, “Nissan Sentra” markalı avtomobilin dayandığına əmin olaraq həmin avtomobilin sürücüsünün ona yol vermək niyyətini anlamış və yerdəyişmə manevrinə başlamışdır. Yolda tıxac olduğundan önündə gedən avtomobil dayanaraq, ona yerdəyişmə manevrini tam şəkildə bitirməsinə imkan verməmiş və o da məcbur önündəki avtomobil ilə ara məsafəsi saxlamaqla idarə etdiyi avtomobili dayandırmışdır. Dayanıb gözlədiyi zaman ona ilkin olaraq yol vermiş “Nissan Sentra” markalı ** LN *** dövlət nişanlı avtomobilin sürücüsü qəfil sürətini artıraraq tamamilə tormozdan istifadə etmədən idarə etdiyi avtomobili, onun tam dayanmış halda olan avtomobilinin sol arxa hissəsinə çırpmışdır. Bu hal “Nissan Sentra” markalı avtomobilin sürücüsü tərəfindən ara məsafəsinin kifayət qədər olmadığı üçün kəskin tormozlama nəticəsində baş verməmişdir. Həmin sürücü ümumiyyətlə tormozdan istifadə etməmiş və ona məxsus avtomobil qəfil başladığı sürətli hərəkətlə onun dayanmış avtomobilimə çırpılmışdır. Sürücünün bunu etməsinin dəqiq səbəbi ona məlum olmasa da, həmin sürücünün yola baxmadığı, mobil telefonla məşğul olduğu və ya diqqətinin digər məsələlərə yayındığı aşkar olmuşdur. Çünki həmin sürücünün dayanmış vəziyyətdə olan avtomobilini qəfil sürətləndirməsi, avtomobili dayandırmaq üçün ümumiyyətlə tormozdan istifadə etməməsi və kifayət qədər ara məsafəsi olmasına baxmayaraq, onun tam dayanmış avtomobilinə çırpılması ona belə qənaətə gəlməyə əsas verir. Hadisə baş verdikdən sonra yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşmış, o isə öz növbəsində dərhal sığorta şirkətinə məlumat vermişdir. Hadisə yerinə gələn X7 əməkdaşı sənədlərini götürərək növbəti gün X4 idarəsinə yaxınlaşmasını bildirmişdir. Sığorta əməkdaşı isə “Nissan Sentra” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilində quraşdırılmış videomüşahidə cihazındakı videolarla tanış olmuşdur. Sığorta əməkdaşı video materiallara baxan zaman onunla birgə həmin görüntüləri izləmiş, öz mobil telefonu ilə cihazın ekranından həmin görüntüləri qeydə almışdır. Yuxarıda qeyd etdiyi faktlar video görüntülərdə tam şəkildə öz əksini tapmışdır. Növbəti gün X4 idarəsinə yaxınlaşıb izahatını barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparan inspektora təqdim etmişdir. İzahatında heç bir inzibati xəta törətmədiyini vurğulayaraq, hadisə haqqında ətraflı məlumatı qeyd etmişdir. İzahatın sonunda isə işin obyektiv araşdırılmasını və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq ona verilən hüquqlardan istifadə etməsi üçün şərait yaradılmasını tələb etmişdir. Lakin 24 sentyabr 2021-ci il tarixdə ASAN ödəniş kabinetində qiyabi tərtib edilmiş protokol və həmin tarixli qərar haqqında bildiriş görmüşdür. 26 sentyabr 2021-ci il tarixdə şəxsən X5 idarəsinə gedərək barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparan inspektor Şəhriyar Həsənlidən hadisə yerindən videomüşahidə vasitələrinin görüntülərinin təqdim olunmasını, ekspert rəyini və işin bütün materialları ilə tanış olması üçün şərait yaradılmasını tələb etmişdir. İnspektor isə ona bildirmişdir ki, onda heç bir video görüntü yoxdur, həmin yerdə olan videomüşahidə vasitələri hadisə zamanı guya digər istiqaməti müşahidə edib, ekspertiza keçirilməyib və araşdırma izahatlar əsasında aparılmışdır. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Çünki o, İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ümumiyyətlə törətməmiş və əməlində inzibati xəta tərkibi olmamışdır. 17.09.2021-ci il tarixdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə uyğun olaraq yerdəyişmə etmək üçün xarici işiq siqnallarının köməyi ilə siqnal verərək manevri təhlükəsiz və hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan həyata keçirmiş, qəza hadisəsi digər sürücünün təqsiri nəticəsində baş vermiş, qəzanın qarşısını almaq imkanı olduğu halda diqqətsizlik edərək qəzanın qarşısını almaq üçün heç bir səy göstərməmişdir. Bu isə onun zərərçəkmiş şəxs olmasını göstərir. Halbuki, “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bundan əlavə təqsirləndirildiyi inzibati xəta ilə razı olmadığı və bu barədə izahatında qeyd apardığına baxmayaraq, barəsində qiyabi protokol tərtib olunmuş və X5 idarəsinin inspektoru Ş.Həsənli tərəfindən protokol tərtib olunan kimi işə müvafiq qanunvericilik aktların tələblərinə uyğun baxılmadan 40 (qırx) manat məbləğində cərimə olunması haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olaraq həmin Məcəllənin 61-ci maddəsi ilə ona verilən bütün hüquqlardan məhrum olunmuş və iş ümumiyyətlə obyektiv araşdırılmamışdır. İnspektor digər sürücünün də təqsirli olduğunu və cərimə olunduğunu bildirsə də, həmin qərar ona göstərilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən barəsində qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 17.09.2021-ci il tarixdə Azadlıq prospekti ərazisində “Hyundai Accent” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə”yə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X2 müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini, yolda tıxac olduğundan yanındakı avtomobilin ona yol verməsi səbəbindən manevr etdiyini, sonradan ona yol verən avtomobilin əyləcdən istifadə etmədən kəskin sürətlə hərəkətə başlayıb avtomobilini vurmasını və onun zərərçəkmiş şəxs olmasını ilkin araşdırma zamanı verdiyi izahatında göstərməsini, eyni zamanda barəsində aparılan icraatla razı olmamasına baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair etirazının olması onun qanunvericiliyin tələblərindən irəli gələn hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Səlahiyyətli orqan tərəfindən isə müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması üçün şərait yaradılmadan X2 barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3396/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3396/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver