Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-34/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə İsmayıllı rayonunun İsmayıllı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" ASC-də proqramçı işləyən, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddələri ilə tərtib edilmiş “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər X3 İdarəsinin Müşayiət-Eskort bölüyü Yol-Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs Aftandil oğlu barəsində 09 dekabr 2024-cü il tarixdə İXMnin 342.5 və 342.9-cu maddələri ilə İXP ******* saylı “inzibati xəta haqqında” protokol tərtib edilmiş, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 342.5-ci maddəsində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə, 342.9-cu maddəsində isə nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İXM-nin 43-cü maddəsində rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlərin dəqiq dairəsi müəyyənləşdirilmişdir. İXM-in 44-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, protokola İXM-nin 342.9-cu maddəsi üzrə baxılmalıdır. İş materiallarında olan, “inzibati xəta haqqında” protokolu tərtib etmiş şəxsin izahatından görünür ki, sözügedə protokol Şəxs istifadəsində olan “BMW 325” minik markalı, AZ**-UX-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının üzərinin bez parçası ilə bağlanması əsası ilə tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, avtomobilini saxlayıb iş yerinə getmiş, 10 dəqiqə sonra polis əməkdaşı ona zəng vuraraq maşının yanına çağırmışdır. O, maşına yaxınlaşanda yol-patrul xidməti əməkdaşı ona avtomobilin qeydiyyat nişanının üzərinin örtülməsini irad bildirərək, bunu qəsdən etdiyini desə də, o, nömrənin üzərindəkinin bilərzikqabı olduğunu, dostunun həmin qabı götürəcəyini, buna görə də həmin bilərzik qabını nömrənin arxasına qoyduğunu, sonradan həmin bilərzikqabının nömrənin üzərinə düşməsindən xəbərsiz olduğunu demişdir. Lakin, polis əməkdaşına protokol tərtib edilməsinə etiraz etməmişdir. Buna baxmayaraq, polis əməkdaşı onun avtomobilini duracağa yerləşdirmişdir. Halbuki, onun avtomobil saxladığı yerdə nömrənin üzərinin örtülməsinə zərurət yoxdur, çünki, dayanma-durmanı qadağan edən yol nişanı onun avtomobili saxladığı yerdən təxminən 30 metr irəlidə quraşdırılmışdır. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, “inzibati xəta haqqında” protokolu tərtib etmiş inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. İXM-in 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materillarında olan fotoşəkillərdən görünür ki, Şəxs istifadəsində olan “BMW 325” minik markalı, AZ**-UX-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının bir hissəsinin görünüşünü çətinləşdirən həqiqətən də Şəxs izahatında göstərdiyi kimi bilərzikqabıdır. Digər tərəfdən Şəxs dayanma-durma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokol da tətbiq edilməmişdir ki, bu da dayanma-durmananın qadağan edilmədiyi yerdə Şəxs tərəfindən avtomobilin qeydiyyat nişanının üzərinin örtülməsindən onun hər hansı fayda əldə etməyəcəyini təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən inzibati xətalar dairəsinə aiddir. İXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materillarında isə Şəxs izahatının əksini sübut edən, yəni avtomobilin qeydiyyat nişanının üzərinin qəsdən örtülməsinə dair dəlillər mövcud deyildir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola dair Şəxs İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliyi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən Bakı şəhər X3 İdarəsinin Müşayiət-Eskort bölüyü Yol-Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində tərtib edilmiş 09 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-34/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-34/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver