Məhkəmə qərarları › İş №3(001)-3414/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3414/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3414/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə “inzibati xəta haqqında” 07 may 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, protokol baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 07 may 2025-ci il tarixdə, saat 16:30 radələrində Biləcəri qəsəbəsi, Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, hazırkı protokol yol-patrul xidməti əməkdaşları tərəfindən təqdim olunmuş raport əsasında tərtib edilmişdir. Həmin raportda göstərilmişdir ki, 07 may 2025-ci il tarixdə, saat 16:30 radələrində Şəxs idarə etdiyi avtomobillə svetoforun hərəkəti qadağan edən qırmızı işığı yanarkən hərəkətinə davam etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən onun cərimə ballarının 19 olduğu müəyyənləşmiş, bu qayda pozuntusuna görə də cərimə balı tətbiq olunması nəzərdə tutulduğundan və nəticədə sürücünün nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılacağından, avtomobilin duracağa aparılacağı bildirildikdə sürücü, yəni Şəxs buna qəti şəkildə etiraz edərək, avtomobilin açarlarını təqdim etməyəcəyini demiş, polis əməkdaşları onu təmkinli olmağa dəvət etsələr də, o, polisin tələbinə tabe olmamışdır. Buna görə də, barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sonda E.İ.Soltanov məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 07 may 2025-ci il tarixdə, deyilən saatda və yerdə svetoforun qırmızı işığından deyil, sarı işığından keçmişdir. Buna görə də, yol polisi əməkdaşları tərəfindən saxlanan zaman qeydə alınan inzibati xətanın görüntüsünü polis əməkdaşlarına heç bir hörmətsizlik etmədən, sakit şəkildə tələb etmiş, əks halda inzibati xətaya görə barəsində protokol tərtib edilməli olduğunu bildirmişdir. Əgər bu tələblərindən hər hansı birini etməzlərsə, avotmobilinin açarlarını polis əməkdaşlarına təqdim etməyəcəyini demişdir. Məhkəməyə təqdim edilmiş videogörüntülərdən də bəlli olur ki, əksinə polis əməkdaşı qəfil onun kəmərindən tutub zor tətbiq edərək onu xidməti avtomobilinə otuzdurmuşdur. Sonda Şəxs barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 07 may 2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibiat xəta haqqında iş üzrə icraata Şəxs təqsirliliyinin sübuta yetməməsi əsası ilə xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Belə ki, İXM-nin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. Məhkəməyə təqdim edilmiş sənədlərlə, habelə videogörüntülərlə Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı sübut olunmur. İXM-nin: - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs təqsiri sübuta yetirilmədiyindən, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 07 may 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar