Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3415/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən tərtib edilmiş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, X2 polis bölməsinə ərizə ilə müraciət edərək Nazim adlı şəxsin ona hədə qorxu gəlməsini bildirmişdir. Həmin müraciətlə bağlı Nazim adlı şəxsin Şəxs olması müəyyən edilmiş və sonuncu polis bölməsinə dəvət edilməsinə baxmayaraq, gəlməkdən imtina etmişdir. Belə ki, şəxsin ünvanına getməmişdən əvvəl onun iştirakının təmin edilməsi üçün telefonla əlaqə saxlanılsa da nəticə verməmişdir. 05.10.2021-ci il tarixdə, saat 14 radələrində o, 43-cü PB-nin sahə rəisi Fərid Babayevlə birlikdə Şəxs bölməyə dəvət etmək məqsədi ilə sonuncunun olduğu yerə, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Al market” adlı mağazanın yanına getmişlər. Bundan sonra onlar Şəxs yaxınlaşaraq onu izahat verməkdən ötrü polis bölməsinə dəvət etmişlər. Bu zaman Şəxs polis bölməsinə getməkdən imtina etmişdir. Uzun sürən mübahisədən sonra onlar Şəxs sakitləşdirərək 43-cü PB-nə gətirmişlər. Bölmədə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 05.10.2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Al market” adlı mağazanın yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu barəsində olan şikayətlə bağlı polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının tələbinə qarşı etiraz etmədən sonuncularla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onları təhqir etməmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, onun hərəkətlərində inzibati xəta tərkibi olmamış və ümumiyyətlə inzibati xəta hadisəsi olmamışdır. Bölmədə olan zaman barəsində əsassız olaraq İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, polis əməkdaşlarına qarşı tabesizlik etməmiş və polis əməkdaşlarını, ümumiyyətlə heç kimi söyüb təhqir etməmişdir. Ona görə də, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta hadisəsi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27.09.2021-ci il tarixli ərizədən görünür ki, X2 ərizə ilə Binəqədi RPİ-nin 43-cü PBnə ərizə ilə müraciət edərək Nazim adlı şəxsin qarşısını kəsərək onu dəfələrlə hədələməsini və onu şərləməsini bildirmişdir. 05.10.2021-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.10.2021-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 3(001)-3415/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 3(103)-2365/2021 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən normanın təhlilindən belə nəticəyə gəlmək olar ki, həmin normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İşdə olan sənədlərdən görünür ki, polis işçilərinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin olduğu ünvana getmələrinə əsas Şəxs barəsində bölməyə daxil olmuş şikayətlə bağlı materialın araşdırılması zərurəti ilə əlaqədar sonuncunu PB-nə dəvət etmək dəvət edilməsi göstərilmişdir. Belə olan halda Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən realizə olunan hərəkətlər ictimai qaydanın mühafizə vəzifələrini icra edilməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, həmin material üzrə araşdırma aparılması məqsədilə şəxsin ünvanına getməmişdən əvvəl onun iştirakının təmin edilməsi istiqamətində hər hansı hərəkət olunması, izahatının alınması ilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada çağırılması, onun həmin çağırışlardan yayınması öz təsdiqini tapmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından da göründüyü kimi polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə Şəxs qəsdən tabe olmamasını təsdiq edən sübut aşkar olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3415/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3415/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver